İlham Əliyevin Rauf Həbibova minnətdarlıq borcu

Əslində, Ilham Əliyevin Rauf Həbibova təşəkkür etməsi lazımdır. Ona bütün düşüncələrinin, qənaətlərinin yanlış olduğunu göstərdiyi üçün!
Bəs necə? Qubada o üsyan baş qaldırmasa, “Azərbaycan Misir deyil” deyə düşünərkən, Azərbaycanın Misir nədi, ondan daha betər – Liviya ola biləcəyinin fərqinə necə varacaqdı möhtərəm?
Azərbaycanın hər an partlamağa hazır olduğu barıt çəlləyinə çevrildiyini;
Böyük çoxluğun ölkənin bu şəkildə idarə edilməsi ilə razılaşmadığını, məmləkəti başına alıb gedən yalanlarla, talanlarla, hüquqsuzluqla, zalımlıqla, səfalətlə barışmaq istəmədiyini;
Bu gün narazılığını, təpkisini yaradılan qorxu imperatorluğu səbəbindən dilə gətirmədiyini, amma ən gözlənilməz anda küçələrə axışacağını, üsyan edəcəyini hardan öyrənəcəkdi, necə biləcəkdi Ilham Əliyev?
O üzdən möhtərəmin və onun ətrafının Rauf Həbibova bir can borcu var artıq. Rauf Həbibova minnətdar olmaları gərəkir. Azərbaycan insanının bu çirkin gedişatdan, bu zülmlərdən, bu iyrənc idarəetmədən nə qədər boğaza yığıldığını və partlamaq üçün hazır olduğunu gözlər önünə sərdiyi üçün!
Eybi yox – özünüzü qəzəblənmiş göstərin, Həbibovu işdən azad edin, lazım gəlsə, ona cinayət işi açın, istintaq şousu düzəldin, amma pərdənin arxasında bağrınıza basın, öpün, qucaqlayın, gizlincə “Şöhrət” ordeni belə, verin ona. Sizi qəflətdən oyandırdığı üçün, sizə bu işlərin zarafat yanının olmadığını göstərdiyi üçün, ölkəni belə idarə etməyə davam etdikcə bədəlini nə qədər ağır ödəyə biləcəyinizi üzə çıxardığı üçün.
Qubalıların “Qarabağ kimi dərdi” yoxdurmu?
Quba üsyanından dərs alacaq bir zümrə də ölkədəki korrupsiyanı, məmur harınlığını, idarəçilik yarıtmazlığını, hüquqsuzluğu, sümürücülüyü və süründürməçiliyi “Qarabağ dərdi”nin arxasında gizlədənlərdir.
Bilirsiniz, sevimli şakəridir onların: korrupsiyaya qarşı etiraz etmək olmaz – çünki “Bizim Qarabağ kimi dərdimiz var”. Ölkədəki bunca ədalətsizliyin hesabını istəmək olmaz – çünki yenə “Qarabağ kimi dərdimiz var”. Bir sözlə, mitinq olmaz, piket olmaz, küçə yürüşü olmaz – çünki “Qarabağ kimi dərdimiz var”.
Amma Qarabağ kimi dərdimiz ola-ola Qubaya ədalətsiz icra başçısı təyin etmək olar. Qarabağ kimi dərdimiz varsa, ölkənin hər rayonunun da öz Rauf Həbibov dərdi olar. Dubayda mülklər almaq olar. Ölkənin pullarını bahalı alman eşşəklərinə, qotur fransız atına, mənasız “Gül bayramı”na şıtır-şıtır saymaq olar. Budur bunların məntiqi!
Artıq həmin məntiqi də alt-üst etdi Quba üsyanı. Həmin məntiqin, daha doğrusu, məntiqsizliyin tərəfdarlarını da yerdən-yerə vurdu, ifşa etdi qubalılar.
Sübut etdilər ki, “Qarabağ dərdi” bir ovuc hakimiyyət hərisi, var-dövlət dəlisi adama Qubanı, Qazaxı, Gəncəni, Şəkini, Bakını… da dərdə salmağa icazə vermir. Sübut etdilər ki, bu gün Qubanın, Qazaxın, Gəncənin, Şəkinin, Bakının… dərdi heç də Qarabağ dərdindən balaca dərd deyil.
Sübut etdilər ki, səmimi şəkildə Qarabağ dərdi çəkən əvvəlcə Qubanın, Qazaxın, Gəncənin, Şəkinin, Bakının… dərdlərinə dərman eləməlidirlər.
Bəs bu xalq harda mitinq eləsin?
Son olaraq Quba üsyanında da “yad qüvvələr” axtaranlara bir neçə kəlmə. Artıq susun, lütfən. Susun – çünki bu iyrənc nağıllar işləmir, bu yalanlar yerimir. Olsa-olsa, sizə qarşı ikrahı artırır.
Cənubda olmaz – Iranın oyunudur.
Qubada olmaz – Rusiya barmağı var.
Soruşmaq ayıb olmasın, bu xalq harda mitinq keçirməlidir bəs? Bu xalq Azərbaycanı soyub-talayan istilaçı rejimə öfkəsini, qəzəbini, etirazını harda nümayiş etdirməlidir ki, onu şərləməyəsiniz, ləkələməyə çalışmayasınız? Başqa planetəmi getməlidir? Bəlkə ciddi-ciddi Bakı-Taksim-Bakı marşrutu açılsın?
Nə qədər yazmaq, demək olar ki, bu xalq üçün yeganə “yad qüvvə” – elə bu hakimiyyətin özüdür. Bu hakimiyyət bütün varlığı ilə bu ölkəyə yaddır, onun dərdlərinə, problemlərinə, arzularına, xəyallarına yaddır!
Bugünkü dünyada xalqın iradəsi ilə formalaşmayan, xalqın səsi ilə formalaşmayan, gücünü, xeyir-duasını almayan hakimiyyətlərdən böyük “yad qüvvə” yoxdur.
Indi belə bir “yad qüvvə”nin əlində əsir olan Azərbaycanda başqa “yad qüvvə” axtarmaqdan gülməli və absurd nə ola bilər ki?