Hakimiyyət Qubada “minnətdarlıq mitinqi” keçirəcək

Azərbaycan hakimiyyəti martın 1-də Qubada baş verən olaylardan öz təbliğatı üçün şou düzəltmək üçün çalışır. Rəsmi təbliğatda bu hadisələrin “dövlətçiliyə dəstək” aksiyası kimi qiymətləndirilməsi, Ilham Əliyevin guya dərhal qubalıların səsinə səs verdiyi iddia olunur.
Əldə etdiyimiz məlumatlara görə, iqtidar ideoloqları indi də bu təbliğatı qubalıların vasitəsilə geniş miqyasda təşkil etməyə çalışırlar. Məlumatlarda deyilir ki, bu məqsədlə yaxın günlərdə Qubada “Ilham Əliyevə təşəkkür aksiyası” keçirilməsi planlaşdırılır. Ətraf rayonlardan da bu aksiyaya adamlar gətirmək istiqamətində iş aparılır. Ilham Əliyevin şəninə düzənlənəcək bu aksiya izdihamlı olmalıdır. Aksiya iştirakçıları ölkə başçısına onların səsinə səs verdiyinə görə ağızdolusu təşəkkür etməlidir.
Hakimiyyətin belə bir ucuz şouya əl atmasının ciddi səbəbləri var. Çünki “yuxarılar” da bilir ki, bu hadisə yalnız Rauf Həbibovun qubalıları təhqir etməsinə görə baş verməyib. Quba camaatının qəzəblənməsinin başqa səbəbləri də var. Bu səbəblər Azərbaycanın bütün bölgələri üçün xarakterik olan səbəblərdir. Söhbət məmur özbaşınalığından, icra başçıları və digər məmurların özlərini padşah kimi aparmasından, insanların hüquqlarını addımbaşı tapdalamasından gedir. Quba əhalisi 2007-ci ildən bu yana Rauf Həbibovun özbaşınalıqlarına dözürdü. “Yuxarılar”ın da Qubadakı vəziyyətdən xəbəri var idi. Lakin Ilham Əliyev onun üçün Qubada dəbdəbəli villa inşa edən birini sıravi vətəndaşlardan üstün tutduğuna görə Rauf Həbibova “gözün üstə qaşın var” demirdi. Nəhayət iş o yerə çatdı ki, icra başçısı əhalini açıq şəkildə təhqir etməkdən belə, çəkinmədi. Bu olay bir neçə ay əvvəl olub. Qubadan olan deputat Vahid Əhmədov deyib ki, o, bu barədə lazımi qurumlara məlumat verib. “Yuxarılar”ın məsələdən xəbəri olub. Amma heç bir tədbir görülməyib.  Ilham Əliyev hətta qubalılar ayağa qalxanda belə, Rauf Həbibovu dəstəklədi. Hər halda, o, ölkə başçısı kimi Qubaya ordu göndərməkdənsə Rauf Həbibovun işdən azad edilməsi ilə bağlı sərəncam imzalamalıydı. Amma ölkə başçısı əhalinin etirazını saya salmadı. Onların qarşısına polis və daxili qoşunla çıxdı. Lakin görəndə ki, vəziyyət daha da dramatikləşir, bir qədər ehtiyat etdi. Bununla belə yenə sərəncam imzalamadı. Ilham Əliyevi vəziyyətdən yenə də Rauf Həbibov çıxardı. Özü işdən azad olunması barədə ərizə yazdı. Amma indi Ilham Əliyevə qubalılardan təşəkkür qoparmağa çalışırlar…

Azad