Təhsilimizi xilas edək!

Qloballaşma ilə barışmaq o anlama gəlmir ki, kəməri boş buraxasan, hər şeyi kor-koranə qəbul edəsən!

Bu gün dünya çapında gedən qloballaşma prosesi haqqında diametral əks münasibətlərin mövcud olduğunu yaxşı bilirik. Bu ziddiyyətlərin yaranmasını bir çox dövlətlər və xalqlar özlərinin iqtisadi-siyasi durumu və tarixən əxz elədikləri dəyərlər baxımından izah etməyə çalışırlar.

Qloballaşma və onun xofu

Bildiyimiz kimi, qloballaşma ümumbəşəri proses olub, dövlətlər və xalqlar arasındakı münasibətlərdə unifikasiyaların aparılmasını, daha doğrusu, onlar arasındakı hər cür sərhədlərin silinməsini tələb edir. Bəziləri bunu normal hal kimi dəyərləndirir: dünya dövlətləri və xalqlarının bərabərliyinə, “Hərənin öz imkanına görə”, “Yer kürəsi hamınındır” prinsiplərinin gerçəkləşməsinə yönəlik qarşısıalınmaz (dönməz) proses kimi qəbul edirlər. Bəziləri isə bunu qorxunc bir şey kimi təsəvvür edir və narahat olurlar ki, qloballaşma sonucda ciddi kataklizmlərə gətirə – əldə olunmuş yaxşı-pis nə varsa, hamısını silib-süpürüb ata bilər. Bu cinahın ən çox ehtiyatlandığı məqam isə proses zamanı öz milli-mədəni-mənəvi dəyərlərini itirmək qorxusudur. Bu, təbii olaraq onların özünüqoruma “instikt”indən irəli gələn bir hissdir. Digər tərəfdən, yaşadığımız təlatümlü dünyada bu proses artıq özünün ən yüksək fazasına qədəm qoyub. İndi hamını bəzi suallar düşündürməyə başlayıb: Görəsən, bunun sonu nə ilə bitəcək? Bu ruzigarın, bu selin qarşısında duruş gətirə, babalarımızdan, nənələrimizdən qalan adət-ənənələrimizi, dəyərlərimizi, mədəniyyətimizi qoruya biləcəyikmi? Yoxsa bu axın dövlət və millət adına olan və ya bu məfhumları səciyyələndirən müsbət keyfiyyətlərı də özü ilə aparacaq? Bu təfəkkür çarpışmalarında kim udacaq, kim uduzacaq?..

Qloballaşmadan qorxmaq yox, bəhrələnmək lazımdır!

Qloballaşma elə prosesdir ki, o, bizim iradəmizdən asılı deyil və daim inkişafdadır. Daha doğrusu, ona qarşı çıxmaq praktik olaraq mümkünsüzdür. Artıq bunu bəşəriyyətin böyük bir hissəsi qəbul edib. Belə çıxır ki, bircə qalır onunla barışmaq. Amma bu barış o anlama gəlmir ki, kəməri boş buraxasan, hər şeyi kor-koranə qəbul edəsən. Bu gün ağıllı dövlətlər qloballaşmaya qarşı müqavimət göstərmək, yaxud bu prosesdən qorxmaq yox, ondan hər hansı formada bəhrələnmək haqqında düşünürlər. Bunu bir analogiya ilə izah etməyə çalışaq. Təsəvvür edək ki, kimsə axar gur çayı dayandırmaq iddiasına düşüb. Aydın məsələdir ki, bununla o, ancaq özünü aldada, məcazi dildə desək, günün günorta çağı gözünü qapayaraq özü üçün zülmət gecə yarada bilər. Ağıllı insansa heç zaman buna getməz, çaydan yaxşı məqsədlər üçün, məsələn, qarşısına bənd vurmaqla ondan suvarmada, elektrik enerjisi əldə etməkdə və s. istifadə edər…

Təhsil fenomeni

Yuxarıda deyilənlərdən belə qənaətə gəlirik ki, bu gün qloballaşmadan “can qurtarmaq”, yaxud onu “bir yana itələmək” yox, onunla “anlaşmaq” lazımdır. Bu “anlaşma”nın əsas yolu “yeni insan” tipi yetişdirməkdir, elə insan ki, o, bəşəriyyəti lərzəyə salan qloballaşmanın nəbzini düzgün tuta və onun yaratdığı maneələri ustalıqla aşa bilsin. Təbii ki, bu keşməkeşli yol ölçülü-biçili şəkildə qurulmuş təhsildən keçir, başqa sözlə, bu yolda ağırlığın böyük bir hissəsi təhsilin üzərinə düşür. Beləliklə, iki mühüm nəticəyə gəldik: birincisi, prosesin müsbətə və ya mənfiyə doğru getməsi təlim-tərbiyədən – bilik, bacarıq və dəyərlərin keyfiyyətindən və onların böyüyən nəslə necə ötürülməsindən çox asılıdır; ikincisi isə təhsilə, sadəcə olaraq, “uyğunlaşma”, yaxud “inteqrasiya” yox, həm də qloballaşmanın yaratdığı baryerləri aşmaq üçün vasitə kimi baxmaq lazımdır. İndi öz inkişafını təhsildə görən hər bir dövlət qloballaşmadan doğan bu nəticələri postulat kimi qəbul edirlər.

Bəs bizdə necə?

Təhsilimiz qloballaşmaya hazırdırmı? Yaxud bu haqda Təhsil Nazirliyində düşünən varmı? Təəssüflər olsun ki, bu sualların ikisinə də müsbət cavab vermək mümkün deyil. Çünki əvvəla, bizdə təhsil yoxdur, sadəcə olaraq, onun görüntüsü var. Bu, təkcə mənim yox, həm də bir çox ziyalılar, yazarlar və ekspertlərin qənaətidir. İkincisi isə qloballaşmadan qorunmaq üçün “zireh” hesab etdiyimiz Azərbaycan təhsili çoxdan dəlmə-deşik olub. Bu günədək islahat adı ilə təhsilimizə xaricdən kim qalıb çubuq soxmasın: İngiltərədən adaş qonşular Tim Hant və Tim Forsler, ABŞ-dan “riyaziyyatçı-pensioner” Ceri, Rumıniyadan beynəlxalq yalançı Alexandru Crisan, daha kimlər, kimlər… Hamısı da böyük pullar hesabına təhsilimizi düzəltmək adı ilə gəliblər, amma axırda düzümüzü də əyərək Şeyx Nəsrullah kimi aradan çıxıblar. Vəziyyətin komikliyinə diqqət yetirin, Hollandiyada kurikulum olmadığı halda, bu ölkənin “Cito groep” şirkəti bizim kurikulumların hazırlanmasında məsləhətçi təşkilat qismində çıxış edir. Necə deyərlər, özünə umac ova bilmir, başqasına əriştə kəsir. Məhz belə naşı xarici mütəxəssislərin və şirkətlərin “məsləhətlərinin” nəticəsidir ki, bu gün Azərbaycan təhsilinin məzmunu eybəcər hala salınıb, tədris planları, təhsil proqramları (kurikulumlar) və dərsliklərin gününü yeddi bacı lazımdır ki, ağlasın. Xeyli əvvəl Açıq Cəmiyyət İnstitutu – Sorosun dəstəyilə pilot layihə kimi bir neçə dərslik hazırlandı və məktəblərimizin istifadəsinə verildi. Bəlli oldu ki, onlardan biri – “Fransız dili-7” başdan-ayağa Fransa dövləti üzərində qurulub. Daha doğrusu, buradakı materialların 99 faizini “Marselyoza”dan tutmuş, Fransanın tarixi, coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, idmanı, məhsullarının reklamı (?!) və s. təşkil edir. Görün Təhsil Nazirliyimiz nə günə düşüb ki, bu əməlin sahibləri boşluqdan istifadə edərək hətta dərsliyin adını dəyişdirib “Fransanı kəşf edirik” qoyublar…

“Sapı özümüzdən olan baltalar”

Beləliklə, xarici müdaxilələr nəticəsində təlim-tərbiyənin nüvəsini təşkil edən təhsilin məzmununda böyük çatlar yarandı. Bundan sonra dağılma prosesinin ikinci – “həlledici” mərhələsi başlandı. Bu mərhələni isə “sapı özümüzdən olan baltalar” həyata keçirdilər. Bu “manevr” o zaman edildi ki, birincisi, yadellilər öz missiyalarını “yüksək” səviyyədə yerinə yetirmişdilər, ikincisi isə nəyin nə olduğunu daxildə bir çoxları artıq anlamağa başlamışdılar. Ehtiyatlandılar ki, məsələlər çözələnə bilər. O üzdən də qabağa “özümüzünkülər”i itələdilər və məzmunun dağıdılmasının “estafetini” və “açarını” onlara verdilər. Dağılma prosesi zəncirvari xarakter almağa başladı. Bəs “özümüzünkülər” nə yapdılar? Onların milli-mədəni-mənəvi dəyərlərimizə vurduqları ziyanın konturlarını cızmaq o qədər də asan iş deyil. Oxucularda, az da olsa, təsəvvürün yaranması üçün “sapı özümüzdən olan baltalar”ın Azərbaycan təhsilinin məzmununun başına açdıqları tükürpədici oyunlardan bir neçə misal gətirməklə kifayətlənirəm.
Birinci misal. Rus bölməsinin birinci sinfində oxuyan şagirdlərin mütləq əksəriyyəti (təxminən 96 faizi) Azərbaycanlı olduğu halda, təhsil üzrə başbilənlərimiz onlara rus dilinə “Ana dili” (yaxud “Doğma dil”) dedirtdilər. Daha doğrusu, onların dərsliyinin adını “Russkiy yazık” yox, “Rodnaya reç” qoydular. Məsələnin üstü açılanda isə utanıb-qızarmadan söylədilər ki, “bu, texniki xəta nəticəsində baş verib, sonrakı siniflərdə səhvimizi düzəldərik”.
İkinci misal. 5-6-cı siniflərin “Azərbaycan dili” dərsliklərinə

“Sən nə vaxt göz eylədin,
Mən demədim baş üstə”

kimi çoxlu sayda erotik materiallar daxil etdilər. Məsələ şişərək mətbuat səhifələrinə çıxanda isə nazirlikdən bildirdilər ki, nə olar, gözəl şeir parçalarıdır, biz onları məzmun baxımından yox, tamam başqa aspektdən vermişik. Ancaq başa düşmədilər ki, bu cür materialların erkən çağlarından şagirdlərə verilməsi nə mənəvi, nə pedaqoji, nə də ki, psixoloji çərçivəyə sığır. Bunu deyən kalbaşlar, heç olmazsa, araşdırmadılar ki, görək açıq-saçıq hesab etdiyimiz Avropada, Amerikada 11-12 yaşlılara belə materiallar öyrədirlərmi.
Üçüncü misal. Bir çox dərsliklərdə rəmzlərimizə qarşı hörmətsizlik göstərildi: Bayrağımız baş-ayaq, yaxud ölçuləri nisbəti təhrif olunmuş şəkildə çap olundu; himnimiz yabançı dillərə tərcümə edildi və bəzi dərsliklərin üzqabığında verilərək onun ruhuna xələl gətirildi və s.
Dördüncü misal. Bir çox dərsliklərdə yaşayış məntəqələrimizin adı düzgün yazılmadı. Hətta bir dərslikdə verilmiş xəritədə, nə az, nə çox, düz 22 şəhərin və rayonun adı təhrif olundu.
Beşinci misal. Dərsliklərimizə naməlum səbəblərdən reklam xarakterli rəsmlər daxil edildi. Bu “xidmətin” arxasında nələrin dayandığını bilmirəm, bircə onu bilirəm ki, bununla halal işin içərisinə haram qatıldı. Halbuki bu cür şeylər “Dərslik siyasəti” sənədinə görə də qəti qadağandır.
Altıncı misal. Bildiyimiz kimi, bu gün ibtidai hərbi hazırlıq dərsləri “Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyi əsasında tədris olunur. Rus bölməsinin şagirdləri bu fənni dövlət dilində (Azərbaycanca) yox, yabançı dildə (rusca) öyrənirlər. Hətta bunun üçün dərsliyi ruscaya da çeviriblər. Belə çıxır ki, bundan sonra eyni tağımdan olan iki əsgərdən biri Azərbaycandillidirsə, ona “sağa dön!”, rusdillidirsə, “napravo!” komandası veriləcək. Bədəməllər bu işi törədəndə, heç olmasa, sovet dönəmini gözlərinin önünə gətirmədilər. O dövrdə SSRİ deyilən məkanda vahid hərbi dil vardı, o da rus dili idi və bütün hərbi dərslər və təlimlər bu dildə aparılırdı. Bədbəxtçiliyin dərəcəsinə diqqət yetirin, dərsliyin rusca variantında hətta “Hərbi and”ımız da rusca verilib.
Yeddinci misal. Bir çox dərsliklərimizdə səhvlərin say-hesabı yoxdur. Aydınlıq üçün bircə faktı deyim: 1-ci sinif üçün “Riyaziyyat” dərslik komplektində 1000-dən çox (!) elmi-metodiki səhv var, hələ dil-üslub xətalarını və onun təhsil proqramına uyğunsuzluğunu demirəm. Sual olunur: Bu cür həddən ziyadə ziyanlı dərsliklərlə “yeni tip” insan yetişdirmək olarmı?
Səkkizinci misal. 2007-ci ildə Təhsil Nazirliyinin tabeçiliyində Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) deyilən qondarma bir qurum yaradıldı. Aləmə də car çəkildi ki, guya bu qurum ən yaxşı dərslik komplektlərini seçəcək. Axırda da bəlli oldu ki, “DQŞ oyunu”nun arxasında bəzi insanların şəxsi maraqları dayanırmış. Biabırçılığa baxın, bugünkü dərsliklərimizin böyük bir hissəsinin müəllifləri, təhsil naziri başda olmaqla, DQŞ üzvləri, nazirliyin şöbə müdirləri, onların dost-tanışları, qohum-əqrəbaları və övladlarıdır. Onda təbii bir sual ortaya çıxır: Bu tərkibdə müəllif heyətilə nəsə yaxşı bir şeyə nail olmaq mümkündürmü?..
Oxucuların bir daha diqqətinə çatdırıram ki, bu sadalananlar kənar qüvvələr yox, “özümüzünkülər” (əslində isə düşmənlər!) tərəfindən törədilib. Ola bilər, bunda da yadellilərin barmağı var, amma istənilən halda görünən odur ki, bizi qloballaşmadan qoruyası təhsilimiz, xüsusən də onun məzmunu darmadağın edilib.

Təhsilimizin qarayarası – “kurikulum”

Bir neçə il öncə yenilik adı ilə təhsilimizə “kurikulum” deyilən yaramaz sənədlər toplusu gətirildi və naşı müəlliflər tərəfindən onlar “əsasında” elmdən və pedaqogikadan uzaq dərsliklər hazırlandı. Başdan-ayağa ziddiyyətlər toplusundan ibarət olan bu nəsnələr (“kurikulum” və “dərslik”) indi müəllimlərimiz və şagirdlərimiz üçün, sözün həqiqi mənasında, əngəl-kələfə çevrilib.
Bu gün ali məktəb (BDU, ADPU, AMİ, ADU, BSU və b.) müəllimlərinin mütləq əksəriyyəti kurikulumun nə olduğunu bilmirlər. (Təhsil Nazirliyindən qaynaqlanan bu vəziyyətə görə onları qınamaq fikrindən tamam uzağam!). Hesab edirəm ki, bunu sübuta yetirmək o qədər də çətin iş deyil, sadəcə olaraq “kurikulum nədir?” sualı əsasında eksklüziv sorğu aparmaq yetərlidir. Vəziyyətin paradoksallığına diqqət yetirin: Ali məktəb müəllimlərinin “kurikulum”dan xəbərləri yoxdur, amma Təhsil Nazirliyi tələb edir ki, onların yetişdirdiyi orta məktəb müəllimləri tədrisi bu sənəd əsasında aparsınlar. Bununla onu demək istəyirəm ki, bu gün ölkəmizdə kurikulum haqqında təsəvvürlər çox dumanlıdır. Üstəgəl, bir az əvvəl dediyim kimi, bu sənədlər həddən artıq qüsurludur, onlar “əsasında” hazırlanmış dərsliklərsə daha betər vəziyyətdədir. Faciənin dərəcəsinə baxın, elə dərsliklərimiz var ki, onlarda məzmun standartlarındakı bacarıqların 30-40 faizi öz əksini tapmayıb! Belə olan təqdirdə təbii sual ortaya çıxır: Təhsilin məzmununun əsas daşıyıcıları olan bu kurikulum və dərsliklərlə qloballaşmaya tab gətirən “yeni insan” tipi yetişdirmək olarmı?! Yetişdirmək o yana qalsın, əksinə, bu yaramaz nəsnələr təhsilimizin qloballaşmanın cənginə düşməsində, məzmunun eybəcər hala salınmasında böyük rolu oldu.
Bu gün “kurikulum” qarayarasına tuş gəlmiş təhsilimizin reanimasiyaya böyük ehtiyacı var. Əgər belədirsə, öz canının hayına qalmış təhsilimizdən qloballaşma bəlasından qurtarmaqda hər hansı kömək ummaq özünü aldatmaqdan başqa bir şey deyil…

Yapon xalqı və yapon təhsili

Mənə bəzən “sizin üçün təhsil nə deməkdir?” sualını verirlər. Düşünmədən “yapon təhsili” – deyə cavab verirəm. Birdən fikirləşən olar ki, Yaponiya təhsil sistemini yaxşı bilirəm. Əsla yox! Bilgilərim ancaq yazılı və elektron mətbuatdan oxuduqlarım, eşitdiklərim və gördüklərimdir…
Tarixdən bilirik ki, 1945-ci ildə ABŞ Yaponiyanın iki böyük şəhərinə – Xirosima və Naqasakiyə atom bombası atdı. Nəticədə bu şəhərlər yerlə-yeksan oldular, böyük insan tələfatına məruz qaldılar. Məntiqə görə bu qədər itkinin qarşısında Yaponiya dərhal yeni intiqam yolları axtarmalı idi. Lakin yapon imperatoru Xiroxito bunu etmədi. Vəziyyəti belə görən insanlar, qabaqda samuraylar olmaqla, imperatorun sarayına doğru yeridilər və onun qarşısında ABŞ-la müharibəni davam etdirmək tələbi qoydular. Çadır quraraq günlərlə sarayın qabağından çəkilmədilər. Bunu soyuqqanlılıqla qarşılayan imperator bir neçə gün onların səsinə səs vermədi. Nəhayət, səkkizinci gün samuraylardan biri buna etiraz əlaməti olaraq özünü xəncərlə intihar etdi və o birilər də ölüm üçün startda dayandılar. Vəziyyəti belə görən imperator pərişan halda insanların qarşısına çıxdı və əlində xəncər tarixi bir nitq söylədi. O, nitqində bildirdi: “Sizin kimi samuraylardan biri də mənəm. İstəyirsiniz mən də özümü intihar edim. Bununla nə qazanacağıq? Bu gün Yaponiya ABŞ kimi güclü bir dövlətlə müharibə etmək iqtidarında deyil. Biz elmimizi və təhsilimizi inkişaf etdirməliyik. Bu yolla getsək, sonda qalibiyyət bizimlə olacaq”. Uzun-uzadı danışıqlardan sonra imperator yüyən gəmirən samurayları birtəhər sakitləşdirə bildi. Bundan sonra Yaponiya elmə və təhsilə böyük yatırımlar qoymağa başladı və həmin siyasəti bu gün də davam etdirməkdədir. Nəticə isə göz qabağındadır. Bu gün Yaponiyada texnologiya və iqtisadiyyat o dərəcədə inkişaf edib ki, heç bir xammalı olmadığı halda, dünyanın üç nəhəngindən birinə çevrilib. ABŞ-ın daxili bazarının böyük bir hissəsinə sahib olub. Bu nəyin hesabına belə oldu? – Təbii ki, elmin və təhsilin. Bax, budur qloballaşma ilə ayaqlaşmaq və onu yenmək!
Başqa bir misal. Bu yaxınlarda Yaponiyada baş verən hadisələri yadımıza salaq. Bildiyimiz kimi, güclü zəlzələ və sunami nəticəsində bu ölkə görünməmiş fəlakətlərlə üzləşdi. Lakin yapon xalqı sarsılmadı. Bütün sistem saat mexanizmi kimi dəqiqliklə işini davam etdirdi. Görürsünüzmü, burada bir başıpozuqluq, bir çapovulçuluq baş vermədi. Vətəndaşlar özlərini vətəninin əsgəri kimi nə qədər nizam-intizamlı apardılar, heç bir panikaya uymadılar. Bir sözlə, bu ölkədə qarmaqarışıqlığa bənzər bir şey görmədik. Bu nədən belə oldu? – Şübhəsiz ki, yapon təhsilinin, yapon təlim-tərbiyəsinin hesabına. Bax, təhsil deyəndə, “yeni insan” tipi deyəndə mən bunları başa düşürəm!
Bizdə isə əsas fəaliyyətdə olanlar təhsilimizi, millətimizin gələcəyini baltalayanlardır. Bu baltaçılar indi təhsilimizin, demək olar ki, bütün mexanizmlərini pozublar, yalançı kurikulum və urvatsız dərslik komplektləri ilə onun məzmununu darmadağın ediblər. Belə bir vəziyyətdə təhsilimizin qloballaşmaya davamlı “yeni insan” tipi yetişdirəcəyi haqqında danışmaq nə dərəcədə doğrudur?

Türk qardaşlarımızın FATİH projesi və bizim…

“Türkiyə təhsilində böyük inqilab baş verir!”, – desək, yəqin ki, yanılmarıq. Belə ki, bu il fevralın 6-da baş nazir Tayyib Ərdoğan ölkənin ümumtəhsil məktəblərində möhtəşəm bir projenin – FATİH projesinin (FATİH – Fırsatları Artırma, Teknolojiyi İyileştirme Hareketi) tətbiqinə start verdi.
Nədir FATİH projesi? FATİH projesi – Türkiyə Milli Təhsil Nazirliyinin (TMTN) İKT-ni ibtidai və orta məktəblərə tam şəkildə gətirmək istiqamətində başlatdığı təşəbbüsdür. Projenin amacı dövlət məktəblərini ən müasir İKT ilə zənginləşdirərək təhsildə şagirdlərin imkan bərabərliyini təmin etməkdir. Proje sinifdə divardan asılmış ağıllı taxtanı (ekranşəkilli böyük bilgisayar) və hər şagird üçün bir lövhə-bilgisayarı nəzərdə tutur. Lövhə-bilgisayarların ağıllı taxta ilə, ağıllı taxtalarınsa TMTN-in təhsil informasiya bazası ilə şəbəkədaxili simsiz əlaqəsi var. Burada elə sistem yaradılıb ki, şagirdlər və müəllimlər hər zaman bazadan yararlanmaq (dərsə aid məlumatlar əldə etmək, görüntülərə baxmaq, hansısa səsi dinləmək və s.) imkanına malikdirlər. Bundan başqa, dərsliklər, yardımçı kitablar və çalışma kitabları ağıllı taxtalara, eləcə də lövhə-bilgisayarlara yüklənilib və bütün işlər (oxumaq, yazmaq, çalışmaları yerinə yetirmək və s.) onlar üzərində aparılır. FATİH projesinin digər çoxsaylı imkanlarını da nəzərə alsaq, deyə bilərik ki, projenin tətbiqilə təlimin forma və metodları, ümumiyyətlə, təlimə baxış tamam dəyişir və məktəblərdə tədrisi ən yüksək səviyyədə aparmaq fürsəti yaranır. Digər tərəfdən, bu, müəllimləri, metodistləri və təhsil məmurlarını özlərini təkmilləşdirməyə, daha dəqiq desək, İKT-ni və ən yeni təlim metodlarını öyrənməyə, eləcə də tədrisi onların köməyilə aparmağa məcbur edir. Bir sözlə, indiyədək ətalətlə hərəkət edən sistem birdən-birə böyük sürət alır. Çox maraqlıdır ki, bununla həm də bir çox klassik tədris vasitələri (dərslik, yardımçı kitab, çalışma kitabı, qələm və s.) indi yeni formaya – elektron formaya keçir.
Görün, bu münasibətlə çıxışlarının birində baş nazir Tayyib Ərdoğan böyük fəxarətlə nə deyir: “Bu gün təhsilimiz adına gerçəkdən tarixi bir anı yaşayırıq. FATİH projesilə təhsilin və tədrisin metodunu və formasını köklü surətdə dəyişdirir, modernləşdirir, yaşadığımız çağın gərəklərini və imkanlarını artıq siniflərə daşıyırıq. Bu proje ilə təhsilin anlamı dəyişir. FATİH projesilə məktəbin, sinfin, qara taxtanın (yazı taxtası nəzərdə tutulur – Ə.O.), müəllimin və şagirdin funksiyaları, təhsildəki vəziyyəti çox köklü surətdə dəyişir. Bu gün sadəcə türk milli təhsil sistemində deyil, beynəlxalq miqyasda yeni bir dönəmi başladır, bir cığır açırıq. Zira bu anda bütün dünyanın gözləri Türkiyəmizin üzərindədir. Bu dəqiqə dünyanın bir çox ölkəsi FATİH projesini çox yaxından təqib edir”. (İnternetdə izlə: Basbakan Recep Tayyip Erdoğan Fatih Projesi Konuşması)…
Bax, budur türk qardaşlarımızın təhsildə etmək istədikləri inqilab! Bu cür qurulan təhsillə nəinki qloballaşmaya dov gəlmək, hətta bir çox şeyləri dünyaya qəbul etdirmək olar.
Yenidən gələk bizim təhsilimizə. Neçə ildir bizdə də deyirlər ki, İKT-ni məktəbə gətiririk. Amma gətirdiklərinin nə olduğunu özlərindən başqa kimsə bilmir. Gah elektron dərsliklərdən, gah siniflərə elektron nəzarətdən, gah süzgəcli internetdən, gah da “elektron məktəb”dən danışırlar. Sanki bu terminləri əzbərləyib, onlardan nəsə bir şey montaj etmək istəyirlər, özü də heç bir plan-proqram olmadan. Dünya Bankının kreditlərindən milyonlar ayıraraq naşı bir şirkətə eybəcər multimedia tədris vəsaitləri hazırlatdırdılar. Adam baxanda xəcalət çəkir. Gülünclüyün dərəcəsinə baxın, usanmadan onların hay-küylü təqdimatını da keçirdilər, hətta bəzi savadsızlar bu bədnam “vəsaitləri” “elektron dərslik” adlandırdılar. İndi onlardan soruşan gərək: Hanı “təhsilimizin iksiri” hesab etdiyiniz “elektron dərslik”? Onun təhsilimizə bir xeyri oldumu?
Başqa misal. Məktəblərin İKT ilə təminatı üçün 7-8 il öncə 30 milyon manat pul ayrıldı. Həmin vəsaitlə od qiymətinə Mingəçevirdə istehsal olunan, ekspertlərin dediyi kimi, mafraq “Kür” bilgisayarları aldılar. Onlar da tez bir zamanda sıradan çıxdı…
Həqiqət budur ki, çağdaş təhsili İKT-siz təsəvvür etmək mümkün deyil. Əgər bu sahədə həddən artıq acınacaqlı durum hökm sürürsə, deməli, çağdaş təhsildən, qloballaşmaya hazır “yeni insan” tipindən danışmaq əbəsdir.
Əziz oxucular! Hesab edirəm ki, bu söylədiklərim Türkiyə və Azərbaycan təhsilləri haqqında çox şeyi deyir. Bu gün türk qardaşlarımız təhsil sahəsində bizdən çox-çox irəlidədirlər. Amma di gəl, təhsil nazirimiz bunu heç bir vəchlə qəbul etmək istəmir. Görün o, nə deyir: “Mən təhsil naziri kimi müxtəlif ölkələrdə, o cümlədən qonşu İran və Türkiyə respublikalarında dəfələrlə xidməti səfərlərdə olmuşam. Bu səfərlər zamanı bir fakt məni həmişə qürurlandırıb: Azərbaycanda insanların təhsil səviyyəsi hər iki ölkədəkindən qat-qat yüksəkdir”. (Azərbaycanın təhsil nazirləri, Bakınəşr, 2010, səh. 21). Bundan sonra nə deyəsən?!

Təhsilimizi necə xilas edək?

Əgər gələcəyimiz haqqında düşünürüksə, onda bu sual bizi çox narahat etməlidir. Bu gün qloballaşmanın cəngində çabalayan Azərbaycan təhsilinin xilasının mən bircə yolunu görürəm. Bunu dəyərli oxucularımızla da bölüşmək istərdim.
Bildiyiniz kimi, bu yaxınlarda təsdiqi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin 12 illik olması nəzərdə tutulur. Bu çox yaxşı haldır. Şəxsən mənim indiyədək ürəyimdə böyük bir nisgil vardı ki, niyə qardaş Türkiyədə orta təhsil 12, bizdə isə 11 illikdir. Çünki illər fərqi təhsil sahəsində arzuolunan bir çox məsələlərin həllini mümkünsüz edirdi. Şükürlər olsun ki, bu fərq aradan götürülmək üzrədir. Amma iş burada bitmir, əksinə, buradan başlanır. Mənə görə, əgər biz, az da olsa, təhsilimiz üçün nəsə etmək istəyiriksə, onda ilk növbədə Türkiyə və Azərbaycan təhsil sistemlərinin aşağıdakı kimi unifikasiya olunmasına çalışmalıyıq:
– orta təhsilin pillələrinin eyniləşdirilməsi;
– tədris planlarının və təhsil proqramlarının maksimum bir-birinə yaxınlaşdırılması;
– təbiət-riyaziyyat fənləri üzrə ortaq dərsliklərin hazırlanması;
– digər dərsliklərin bir-birinə uyğunlaşdırılması.
Təbii ki, bu iş praktik cəhətcə hər iki ölkənin tanınmış mütəxəssislərinin birgə çalışmaları nəticəsində gerçəkləşə bilər. Bu zaman hər hansı dominantlıqdan söhbət gedə bilməz. Həddən artıq maraqlı olan bu işin həyata keçirilməsi çox asandır. Bunu üçün, ən azından, əlimizdə sovet təcrübəsi var. Hamımızın yaxşı yadındadır ki, sovet dönəmində müttəfiq respublikalarda orta təhsilin pillələri eyni idi və hamısında tədris planları, proqramlar, dərsliklər və s. unifikasiya edilmişdi. O zamanlar hər şey Moskvada hazırlanar, bizdə isə tərcümə və ya adaptasiya olunmuş şəkildə istifadə edilərdi. Digər tərəfdən, hər mənada Moskvadan asılı idik. İndiki halda isə bu işləri tam bərabərhüquqlu, qardaş, müstəqil Azərbaycan və Türkiyə dövlətlərinin birgə həyata keçirməsindən söhbət gedir. Sual olunur: Necə olur ki, bu işləri biz dili, dini, mədəniyyəti, kökü ayrı olan ruslarla (eləcə də bəzi digər xalqlarla) yapa bilirdik, amma dili, dini, mədəniyyəti, kökü bir olan türk qardaşlarımızla yapa bilmirik?! Bu gün biz mədəni əlaqələrdən, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqdan danışırıq. Çox yaxşı! Olmazdımı, qardaş Türkiyəyə yönəlik təhsilimiz üçün də bu cür təşəbbüsdə bulunaydıq? Əslində, mədəniyyətlərin yaxınlaşdırılması o qədər də asan məsələ deyil. Çünki onun bir ucu öz əlimizdədirsə, digər ucu tarixi dəyərlərə və genetik koda bağlıdır. Amma təhsilin hər iki ucu öz əlimizdədir. Çünki onu idarə edə, istiqamətini dəyişdirə və istədiyimiz hala gətirə bilirik. Məhz ona görə də Azərbaycan və Türkiyə təhsil sistemlərinin yaxınlaşdırılmasında hər hansı bir maneə yoxdur. Təki ortada istək olsun…
Mənə görə, biz buna getsək, çox şeylər qazanacağıq. Birincisi, təhsilimiz yüksək sürətlə inkişaf edəcək. İkincisi, orta təhsil sahəsində əldə edilən hər nə varsa, hamısı ortaq bazamız olacaq və bu, bizə hər zaman ondan bəhrələnmək imkanı verəcək. Üçüncüsü, təhsil sahəsində əldə olunan bütün yenilikləri sinxron şəkildə bir-birimizə ötürə, eləcə də lazım gələrsə, sistemdə çevik dəyişikliklər edə biləcəyik. Dördüncüsü, qloballaşma nəticəsində indiyədək məruz qaldığımız bir çox itkiləri bərpa etmək imkanı qazanacağıq. Beşincisi, qloballaşmanın yeni dalğaları qarşısına əliyalın və dağılmış təhsil kimi yox, artıq bu dəfə iki qardaş dövlətin intellektual resursları ilə çıxacağıq. Nəhayət, altıncısı, bu təşəbbüs digər türk dövlətlərinin də prosesə qoşulmasına güclü təkan verəcək.

Alim-pedaqoqlarımıza səsləniş
(Son söz əvəzi)

Əziz pedaqoqlarımız! Yəqin ki, yazımı oxuyanda sizlərdə mənə qarşı müxtəlif fikirlər yarandı. Ola bilər, qınayanlarınız da tapıldı. Amma istənilən halda inanmıram ki, kimsə məsələyə inkarçı mövqedən yanaşsın. Çünki deyilənlərin hamısı bu günümüzün reallıqlarıdır. Hesab edirəm ki, təhsilimizin indiki vəziyyətə düşməsinin və qloballaşmanın onu vurmasının günahlarını ancaq bəlli ünvanlara yazmaq doğru deyil. Burada, bir-iki nəfəri çıxmaqla, az və ya çox dərəcədə sizin hər birinizin də günah payınız var.
Açın, son illər mətbuatda dərc olunmuş yazılarınıza bir də baxın, görün onların içərisində utopik fikirlərdən başqa bir şey varmı. Əgər xəyalınızda canlandırdıqlarınızı yazıya köçürürsünüzsə və onlar təhsilimizdə öz əksini tapmırsa, buna utopiyadan başqa nə ad vermək olar?!  Buna görə sizi qınamıram və bunu dərd də hesab etmirəm. Əksinə, düşünürəm ki, bu gün olmaz, sabah olmaz, nəhayət zaman yetişər ki, sizin bu ideyalarınızdan istifadə olunar. Bilirsinizmi, “dərd” deyəndə nəyi nəzərdə tuturam? Dərd odur ki, görəsən və gördüklərini xəyalında canlandırasan, amma onları deyə və yaza bilməyəsən. Sizin ən böyük günahınız, bax bu çəkingənliyinizdir! Deyin görüm, yazılarınızın hansı birində təhsilimizin bugünkü gerçəkliyini qələmə almısınız? 10-12 ildir ki, gözümüzün önündə onun məzmunu dağıdılır, indiyədək buna qarşı bir dinəniniz, yaxud sinəsini qabağa verib “dur!” deyəniniz olubmu?! Qloballaşma nəticəsində təhsilimizin dayaqları sarsıdıldı, niyə buna seyrçi münasibət bəslədiniz?! Xalq yazıçısı Çingiz Abdullayev dilləndi və “təhsil Azərbaycanın üzqaralığıdır!” – dedi, keçmiş millət vəkili Gültəkin Hacıbəyli dilləndi və “bu dərsliklərlə gələcəyimizi baltalayırıq!” – dedi, iqtisadçı Rövşən Ağayev dilləndi və “təhsil alver predmetinə çevrilib!” – dedi, siz pedaqoqlarsa susdunuz. Nə qədər susmaq olar?! Daha bəsdir, sabahımız, nəvə-nəticələrimizin gələcəyi naminə siz də dillənin, ey sayğıdəyər alim-pedaqoqlarımız: akademik Hüseyn Əhmədov, professorlar Zahid Qaralov, Yəhya Kərimov, Şəmistan Mikayılov, Akif Abbasov, Fərahim Sadıqov, Əbdül Əlizadə, Zahid Xəlil, Rəfiqə Mustafayeva, Oqtay Rəcəbov, Seyidağa Həmidov, Azadxan Adıgözəlov, Əli Hüseynov, Şükür Əlizadə, Fərrux Rüstəmov, Ağahüseyn Həsənov, Ağarəhim Rəhimov, Vidadi Xəlilov, Ramiz Əliyev, İntiqam Cəbrayılov, Əbülfət Pələngov və b. Nəhayət, nazirliyin beyin mərkəzi olası Təhsil Problemləri İnstitutunu “Təhsilə Problem İnstitutu”na çevirmiş direktor, texnika elmləri doktoru, akademik(?!) Abdulla Mehrabova üzümü tuturam: Təhsilimiz haqqında mədhiyyələrinizi və moizələrinizi buraxın, onun xilası üçün çarələr haqqında düşünün! Yoxsa, gələcək nəsillərin tənəsindən qurtara bilməyəcəksiniz!..