Suriyaya hərbi müdaxilə qaçılmazdır

Bəşər Əsəd Homs şəhərini yerlə-yeksan etdi

Suriyada gərginlik davam edir. Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi 4-cü elitar briqada və Suriya ordusunun 7000 əsgərinin iştirakıyla müxalifətçilərin mərkəzi sayılan Homs şəhərində keçirilən iriçaplı əməliyyatın birinci mərhələsi başa çatıb. Etirazçıların “Reuters”ə danışan yüksək rütbəli komandiri Mohaymen əl-Rumaid bildirib ki, Mahir Əsədin əmrindəki əsgərlər Homsun Baba-Əmr rayonunda üsyançıların mövqelərini mühasirəyə alıblar. Üsyançılar hökumət qüvvələrinə müqavimət göstərir. Müxalifət Bəşər Əsədə sadiq qüvvələrin hələ Homsun mərkəzinədək irəliləyə bilmədiyini xəbər verib.
Ispaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo dövlət televiziyasına açıqlamasında Suriya üçün iki variantın olduğunu söyləyib. Bunlardan biri Bəşər Əsəd rejiminə qarşı sanksiyaları artırmaqdır. Ikincisi isə hərbi müdaxilədir. Marqallo Suriya probleminin həlli üçün yalnız iki variantın qaldığını söyləyib: “Bəşər Əsədi istefaya məcbur etmək üçün ya sanksiyalar sərtləşdirilməlidir, ya da Suriyaya hərbi müdaxilə olmalıdır”. Bu arada, BMT-nin Insan Haqları Şurası Suriyadakı hadisələrlə bağlı qətnamə qəbul edib. Türkiyə və ərəb ölkələrinin hazırladığı qətnamədə Suriya hakimiyyətinin dinc etirazçılara qarşı zorakılıqları pislənilir. Qətnamədə Bəşər Əsəd rejimindən ölkədəki böhranı aradan qaldırmaq üçün konkret qərarlar vermək, dinc etirazçılara və sakinlərə qarşı zorakılıqları dərhal dayandırmaq tələb olunur.

Informasiya şöbəsi