Rusiyada Iran səfirliyinin bank hesabı donduruldu

«VTB 24» ABŞ-ın Tehrana yönəlik sanksiyalarına qoşulan ilk Rusiya qurumu oldu

Rusiyanın “VTB 24″ bankı Iranın Moskvadakı səfirliyinin işçilərinin hesablarını dondurub. ”VTB 24″ bankından Iranın Rusiyadakı səfiri Mahmudrza Səccadiyə bildirilib ki, səfirliyin işçiləri bank hesablarındakı vəsaitləri dərhal çıxartmalıdır.
“Martın 1-i saat 15-də bizə dedilər ki, səfirliyin işçiləri axşam saat 18.00-a qədər hesablarındakı pulları çıxarmalıdır, əks təqdirdə bütün hesablar dondurulacaq. Bank rəsmilərinə bildirildi ki, bunu qısa zamanda etmək mümkün deyil. Vaxt istədik. Lakin dedilər ki, bu mümkün deyil”, – deyə diplomat söyləyib.
Səfir əvvəlcədən planlaşdırılmış bir iclası ləğv etmək məcburiyyətində qalıb və məsələni araşdırmaq üçün birbaşa banka gedib. Bankda kredit kartının dondurulduğunu öyrənib: “Məlum oldu ki, bank saat 18.00-a qədər vaxt verməsi barədə vədinə də sadiq qalmayıb. Mən ”VTB 24” bankının azacıq xarici sərmayə üçün baş əyən, əxlaq prinsipləri və meyarlarını ayaq altına atan rəhbərliyinin bu əməlinə görə təəssüflənirəm”.
Mahmudrza Səccadi Rusiyanın “VTB 24” bankının ABŞ-ın Irana qarşı sanksiyalarına dəstək olaraq belə bir addım atdığını bildirib. Səfirlik işçilərinin hesablarnın başqa banka köçürülməsi gözlənilir.