Polis və Daxili Qoşunların xalqa gücü çatmadı; başçı istefaya məcbur oldu
Qubanın icra başçısı Rauf Həbibovun qubalıları təhqir etməsi rayonda əhalinin ayağa qalxmasına səbəb olub. Oxucuların diqqətinə çatdıraq ki, Rauf Həbibov iclasların birində qubalılar barədə deyib: “Qubanı qubalılar satıblar, biləsəniz. Qubanı qubalılar 30-40 manat bazarlığa satıblar. Qubalılar tərəfindən, nankor qubalılar tərəfindən satılıb. Baxın, görün, qubalılar həm öz xalqını satıb, həm öz dövlətini satıb, həm öz torpağını satıb, həm öz ailəsini satıb. Gedib ağzına gələni danışır, nə var ki, onun evinə 30-40 manatlıq bazarlıq gətirəcəklər”.
Rauf Həbibovun bu çıxışının videoyazısı sosial şəbəkələrdə də yayılıb.
***
Icra başçısı yumurta atəşinə tutuldu
Bu təhqirlərə etiraz olaraq qubalılar dünən səhər saatlarından Quba rayon Icra Hakimiyyətinin qarşısında icra başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyasına başlayıblar. Aksiyaya 10 mindən artıq adam qatılıb. Əraziyə çoxlu sayda polis və daxili qoşun qüvvələri gətirilsə də onlar əvvəlcə aksiyaya müdaxilə etməyiblər. Lakin aksiyanın böyüməsinə imkan verməmək üçün bir sıra tədbirlər görülüb. Yollar bağlanıb, kənd marşrutlarının hərəkəti dayandırılıb. Bankomatlardan pullar yığışdırılıb ki, əhali pul dalınca rayon mərkəzinə getməsin. Bundan başqa, məktəblərdə, idarə və müəssisələrdə, rayonun müxtəlif yerlərində təbliğat aparılır ki, rayona respublikanın başqa yerlərindən xüsusi dindar qruplar gəlib və onlar rayonda vəziyyəti gərginləşdirmək istəyir. Bununla sakinləri etiraza qoşulmaqdan çəkindirmək istəyiblər.
***
Qubalılar icra hakimiyyətinin önündə “Istefa”, “Rədd ol” şüarları səsləndiriblər. Icra başçısı aksiya iştirakçılarının qarşısına çıxaraq onları sakitləşdirməyə çalışıb. Lakin Rauf Həbibovun cəhdi sakinlərin hiddətini daha da artırıb. Icra başçısı “Quba və qubalılar mənə əzizdir” söylədikdə isə aksiya iştirakçıları onu yumurta atəşinə tutublar. Vəziyyətin gərginləşdiyini görən icra başçısı aradan çıxmaq məcburiyyətində qalıb. Bundan sonra aksiya iştirakçıları icra hakimiyyətinin binasına hücum ediblər. Onlar qonaq evinə od vurublar. Polis olaylara müdaxilə edib. Lakin hiddətlənmiş insanların qarşısını almaq mümkün olmayıb. Daha sonra aksiyaçılar Rauf Həbibovun Olimpia Kompleksi ilə üzbəüz dəbdəbəli villasına hücum ediblər. Polis bu dəfə də qəzəblənmiş əhali qarşısında aciz qalıb. Qubalılar villanı yandırıblar. Vəziyyətin getdikcə dramatikləşdiyini görən Bakı təcili tədbirlər görməyə başlayıb.









***
Ziya Məmmədov qubalılardan üzr istədi
Rauf Həbibovun himayədarı, Qubanın “kuratoru” nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının ərazi idarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyev və Qubadan olan deputat Vahid Əhmədov rayona yollanıb. Onlar sakinləri sakitləşdirməyə çalışıblar. Ziya Məmmədov qubalılar qarşısında çıxış edərək icra başçısının adından onlardan üzr istəyib. Lakin qəzəblənmiş əhalini sakitləşdirmək mümkün olmayıb. Sakinlər Rauf Həbibovun Qələduz kəndindəki başqa bir villasına tərəf hərəkət etməyə başlayıblar.
Olaylar zamanı xeyli adam saxlanılıb. Bu isə insanların daha da qəzəblənməsinə səbəb olub. Aksiya iştirakçılarından bir dəstə rayon Polis Şöbəsinin binası qarşısına gələrək aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb ediblər. Deputat Vahid Əhmədov aksiya iştirakçılarının qarşısına çıxıb. Deputat onlara problemlərin həll olunacağını deyib. Onlardan 5 nəfər danışıq aparmaq üçün Polis Şöbəsinə dəvət olunub.
Lakin bir az sonra polis şöbəsinin qarşısına daxili qoşunların əməkdaşları gəlib və toqquşma olub. Daxili qoşunların əsgərləri ilə aksiya iştirakçıları arasında toqquşma olub. Aksiya iştirakçılarından bir neçəsi daş atıb, digərləri isə onları daş atmamağa çağırıb, əsgərlər isə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
RATI-nin əməkdaşları Rəşad Vaqifoğlu və Idrak Abbasov qarşıdurma zamanı yaralanıblar.
Vahid Əhmədov, həmçinin bu olaylara münasibət bildirərkən deyib ki, heç kəs icra başçısına haqq verməyib ki, camaatı təhqir etsin: “O, çıxışlarına, dediyi sözlərə fikir verməlidir. Statusundan istifadə edib, əhalini təhqir etməyə ixtiyarı yoxdur”.
Qubalı deputat Yevda Abramov başçıya qarşı
“Quba Rayon Icra Hakimiyyətinin başçısı Rauf Həbibovun vəzifəsindən azad olunması haqda sərəncamı gözləyirik”. 53 saylı Quba-Qusar seçki dairəsindən seçilən, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Yevda Abramov “Media forum” saytına açıqlamasında belə deyib.
Yevda Abramov bildirib ki, özü Bakıdadır, Qubadan seçilən digər deputat Vahid Əhmədov isə hazırda rayondadır: “Orada əlahiddə bir şey yoxdur. Insanlar öz sözlərini demək üçün mitinqə toplanıblar. Mitinqi xalq edir, bunun qarşısını almaq niyyətində deyilik. Qoy, xalq öz sözünü deyə bilsin. Biz xalqın səsini boğmaq istəmədik. Qoy, bu, digər icra başçıları üçün də ibrət dərsi olsun. Hamı görsün ki, xalq icra hakimiyyətinin başçısını işlədə bilər.
Xalq onun ünvanına deyilən təhqiramiz fikirləri həzm etmir, qəbul etmir. Icra başçısı Rauf Həbibov mitinqə toplanan insanların qarşısına çıxıb, üzr istəyib. Rauf Həbibov qubalıları təhqir etmişdi. Qubalıların heysiyyətinə toxunan sözlər işlətmişdi. Onun həmin çıxışını mən də pisləyirəm. Amma insandır da, emosional çıxış edib”.
Deputatın sözlərinə görə, mətbuatın indi xəbər tutduğu çıxışı icra başçısı Rauf Həbibov bir ay əvvəl edib. Yevda Abramovun sözlərinə görə, bununla bağlı icra başçısı və mərkəzi icra hakimiyyətinin nümayəndələri ilə görüşləri olub: “Lazımi tədbirlər görülür. Mətbuat bunu indi eşidib və sensasiya yaratmaq istəyir. Məsələni şişirtməyə ehtiyac yoxdur.
Insanlar mitinqə toplanmamışdan əvvəl Qubadan seçilən deputatlar lazımi dövlət orqanlarına təqdimat vermişdilər. Görülən işlərdən xəbəriniz yoxdur. Bir icra başçısını bir gün ərzində işdən azad edib yerinə yenisini təyin etmək asan deyil”.





Icra başçısı istefa verdi
Əhalini sakitləşdirmək üçün icra başçısı Rauf Həbibov istefa verməyə məcbur olub. Ilham Əliyev onun istefasını qəbul edib. Rauf Həbibov 2007-ci ildən Qubanın icra başçısıdır. Nəqliyyat naziri Ziya Məmmədova yaxın hesab edilir. O bundan əvvəl Dəmir Yol Idarəsinin tabeliyində olan tikinti müəssisələrindən birində müavin vəzifəsində çalışıb.
Onun rəhbərlik etdiyi qrup hələ illər öncə Ziya Məmmədov üçün Nardaranda villa tikərkən, uçqun olmuşdu. Nəticədə 6 nəfər ölüb. Bu hadisəyə görə məsuliyyət daşıyan Rauf Həbibov olsa da, onun çalışdığı tikinti müəssisəsinin rəhbəri cəzalandırılıb. Həmin şəxs işdən azad edilib. Bundan sonra Ziya Məmmədov Rauf Həbibovu həmin müəssisənin müdiri təyin edib. Rauf Həbibovun fəaliyyətindən razı qalan nazir Qubada Olimpiya Kompleksinin tikintisini də ona tapşırıb. Bu Rauf Həbibovun icra başçısı olmasına yaşıl işıq yandıran hadisə olub. Məlumatlara görə, Ilham Əliyev kompleksin açılışından sonrakı ziyafətdə Ziya Məmmədovdan tikinti işlərinə kimin rəhbərlik etməsi ilə maraqlanıb. Nazir Rauf Həbibovu ölkə başçısına təqdim edib. Ilham Əliyev kompleksə görə ona təşəkkür edib. Bu zaman Ziya Məmmədov Rauf Həbibovun Qubaya icra başçısı təyin edilməsi məsələsini ölkə başçısının diqqətinə çatdırıb. Ilham Əliyev dərhal razılıq verib və beləliklə də Rauf Həbibov Qubanın rəhbərliyinə gətirilib.





Daxili qoşunlar gözyaşardıcı qazdan istifadə etdi
Rauf Həbibovun istefa xəbəri yayılandan sonra da aksiyaçılar sakitləşməyib. Onlar icra başçısının Qubadakı villa və obyektlərinin uçurulmasını tələb ediblər. Sakinlər bu işi özləri həyata keçirmək istəyəndə daxili qoşunlarla toqquşma yaranıb. Əsgərlər gözyaşardıcı qazdan istifadə ediblər. Son məlumatlara görə, əhali Rauf Həbibovun Qələdüz kəndində və digər yerlərdəki evlərinin, obyektlərinin yaxınlığına buraxılmayıb.
***
Ilham Əliyev güc strukturlarını topladı
Qubada vəziyyət nəzarətdən çıxan vaxtlarda Ilham Əliyev güc strukturlarının iştirakı ilə fövqəladə toplantı keçirib. Bu barədə məlumatı REGNUM agentliyi xəbər yayıb. Ilham Əliyevin sədrliyi ilə keçirilən toplantıda rayondakı durum geniş müzakirə edilib.








Quba olayları ilə bağlı cinayət başlandı
Baş Prokurorluq və Daxili Işlər Nazirliyi bu gün Quba rayonunda baş vermiş hadisələrlə bağlı məlumat yayıb. DIN-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Quba rayon Icra Hakimiyyətinin başçısı Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də, saat 10:00 radələrində Icra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib.
Aksiya ilk dəqiqələrdən asayişin pozulmasına yönəlmədiyi və dövlətçiliyə dəstək xarakteri daşıdığı halda, sonradan tədbirə qatılmış ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçib. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində əşyaların istifadəsi ilə törədilmiş hərəkətlər nəticəsində Icra Hakimiyyətinin birinci və ikinci mərtəbələrinin şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikinti və başçıya məxsus fərdi yaşayış evi yandırılıb. Hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayan ayrı-ayrı aksiya iştirakçıları xidməti vəzifəsini yerinə yetirən 3 polis əməkdaşına həyat və sağlamlıq üçün təhlükəli olan xəsarətlər yetirib. Hüquqazidd əməllərin miqyasının genişlənməməsi, rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunub, vəziyyət nəzarətə götürülüb. Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili Işlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib. Fakt üzrə Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Rəsmi və hökumətyönlü KIV-lər niyə susur
Rəsmi KIV Quba şəhərində martın birində səhər saatlarında yerli icra hakiminin istefası tələbi ilə başlamış kortəbii mitinq barədə xəbər yaymır.
14.30-a qədər istər özəl, istərsə də ictimai və dövlət telekanallarının heç biri Qubada baş verənlər barədə heç bir məlumat vermir. Azərtac dövlət agentliyi və rəsmi qəzetlərin saytları da heç nə yazmır. Bu, ölkə rəhbərliyinin hələlik hadisələrlə bağlı rəsmi mövqeyinin formalaşmadığını göstərir.
Hakimiyyətin nəzarəti altında olan KIV-lər hadisə ilə bağlı yerli məmurların və güc qurumlarının nümayəndələrinin səsləndirdiyi versiyanı yaymağa çalışırlar.
Ilk qısa və quru məlumatı 15.00-da özəl ANS telekanalı yayıb.
Televiziya və KIV haqqında qanuna əsasən, bütün kütləvi informasiya vasitələri ölkədə baş verən hadisələr haqqında dolğun informasiya verməlidirlər, əks halda ciddi şəkildə cəzalandırılmalıdır, xüsusən, TV. Amma informasiya məkanı Prezident Administrasiyasının nəzarətindədir, bütün məlumatlar telekanallarda və bir çox KIV-lərdə ciddi filtrasiyadan keçir, dezinformasiya isə gündəlik normaya çevrilib(Turan).













Qubada fövqəladə vəziyyət
Qəzetimiz çapa gedərkən məlumat aldıq ki, Qubada fövqəladə vəziyyət elan olunub. Rayonun bütün giriş çıxışları bağlanıb. Məlumatda deyilir ki, sakinlər aksiyanı bu gün də davam etdirmək istəyirlər. Bu isə hakimiyyətin təşvişinə səbəb olub. Bu baxımdan güc strukturlarının əhəmiyyətli hissəsi Qubaya səfərbər edilib. Və rayonda fövqəladə vəziyyət yaradılıb.
Müxalifət liderləri Quba olayı haqda
Martın 1-də Qubada icra başçısı Rauf Həbibovun qubalıları təhqir etməsinə cavab olaraq keçirilən etiraz aksiyasına müxalifət liderləri də münasibət bildirib.
Azərbaycanın Quba kimi ayağa qalxması zaman məsələsidir
IP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli bildirib ki, Quba rayon icra başçısının xalqın heysiyyatına toxunan məsuliyyətsiz çıxışı minlərlə sakini etiraz aksiyasına təhrik eləyib: “Əlbəttə ki, adamların tələbi, etirazı başadüşüləndir, adamlar tələblərində haqlıdırlar. Belə bir mədəniyyətsiz adam dövlət hakimiyyətini təmsil eləyə bilməz. Azərbaycan xalqını, onun bir hissəsi olan Quba camaatını o şəkildə aşağılayan birisinin dövlət adından çıxış etməyə, icra başçısı olaraq fəaliyyət göstərməyə heç bir haqqı yoxdur. Burda iki məqama diqqəti xüsusi cəlb eləmək istəyirəm. Biri ondan ibarətdir ki, çox təəssüf ki, belə bir çıxışın olması faktı məlum olandan sonra da Ilham Əliyev həmin şəxsi icra başçısı vəzifəsindən azad etməyib. Qubaya daxili qoşunları, çevik polis alayını göndərmək, xalqa divan tutmaq haqqında ssenarilər cızmaq yox, yerində olmayan o adamı işdən çıxarmaq lazım idi. Vaxtında bu addım atılmalı idi. Azərbaycanda hakimiyyətdəkilərin əksəriyyəti Rauf Həbibov kimidir. Onların danışıqlarının hamısı yazılmır. Əslində bu, xarakterik bir tipdir ki, hakimiyyətin simvollarından biridir.
Ikincisi, diqqəti ona cəlb eləmək istəyirəm ki, icra başçısının çıxışı insanları nə qədər qəzəbləndirsə də, məncə, bu qədər çox adamın etiraz eləməsi yalnız bununla bağlı deyil. Görünür, illərlə toplanmış narazılıq, haqsızlıq, sosial problemlər, insanların sözünün eşidilməməsi, haqqının tapdalanması ciddi gərginlik yaradıb. Icra başçısının aşağılayıcı açıqlaması da əslində çoxdan yığılmış acığın meydana çıxmasına gətirib çıxardı. Burdan Azərbaycan hakimiyyəti üçün də ciddi mesaj var. Məsələ burasındadır ki, Qubadakı əhval-ruhiyyə ilə bütün ölkədəki əhval-ruhiyyə çox fərqlənmir. Azərbaycanın hər yerində yaşayan insanlar Qubadakı qardaş və bacılarımız kimi haqsızlığın, ədalətsizliyin əsarətindədir. Əgər Azərbaycanda təcili islahatlar başlamasa, Azərbaycanın dövlət məmurlarının indiki azğınlığının qarşısı alınmasa, müəyyən dəyişikliklərin önü açılmasa, Azərbaycanın Quba kimi ayağa qalxması zaman məsələsidir. Azərbaycan hakimiyyəti nəticə çıxarmalıdır. Adamlara qarşı repressiya tətbiq etməklə problemin həlli olmayacaq. Insanlara qarşı repressiyaya yol verilməməsini tələb edirəm. Xalqdan gələn mesajdan ölkədə dəyişikliklərin önünü açmaq üçün istifadə etmək lazımdır”.
Hakimiyyətin ağıllı qərarlar qəbul etməməsi başqa fəsadlar da yarada bilər
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı Isa Qəmbər “Yeni Müsavat”a açıqlamasında deyib ki, hadisələr icra başçısının mədəniyyətsiz çıxışından sonra başlasa da, bu, mövcud vəziyyətdən qəzəbli xalqın etirazı üçün sadəcə bir əsas rolunu oynayıb: “Məsələnin mahiyyəti xalqın hakimiyyətin bu şəkildə idarəçiliyi ilə, haqsızlığı ilə barışmamasının nümunəsidir. Əslinə qalsa, Qubada baş verən hadisələr bütövlükdə Azərbaycanda baş verə biləcək hadisələrin bir modelidir. Hakimiyyət bundan ən qısa müddətdə çox ciddi nəticələr çıxarmalıdır. Xalqa qarşı repressiyalar haqqında deyil, problemləri həll eləmək haqqında düşünməlidir. Söhbət tək Qubanın icra başçısının cəzalandırılmasından, vəzifədən kənarlaşdırılmasından getmir, hakimiyyət bütövlükdə siyasətini dəyişməlidir. Əgər hakimiyyət bunu etməyəcəksə, Qubada baş verən hadisələrin bütün ölkə miqyasında təkrarlanacağı ehtimalı kifayət qədər yüksəkdir. Hakimiyyətin təcili və ağıllı qərarlar qəbul etməməsi başqa fəsadlar da yarada bilər”.
Quba hadisələrinin kökü təkcə bir icra başçısının harınlaşmasında deyil
ALP lideri Lalə Şövkət Qubada yaşanan olaylarla bağlı bəyanat verib. Bəyanatda deyilir: “Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov Quba camaatını açıq şəkildə ağır sözlərlə təhqir etməsindən qəzəblənən dinc Quba sakinləri haqlı olaraq öz etiraz səsini qaldırıblar. Etiraz aksiyası keçirilərkən, dinc əhaliyə qarşı hakimiyyət tərəfindən zor tətbiq olunub, həbs olunanlar var.
Əslində icra başçısının təhqiramiz ifadələri, harınlaşmış məmurun artıq millətə həqarət etməsi insanların narazılığına səbəb olan aysberqin görünən hissəsi və camaatın səbr kasasını daşdıran son damladır.
Bu iqtidarın saxtakarlığı, korrupsiyası, oğurluğu, rüşvətxorluğu, sıravi insanlara qarşı məmur özbaşınalığı və həqarəti bütün ölkədə artıq adi hala çevrilmişdir.
Quba sakinlərini ayağa qaldıran da məhz bütün ölkədə odluğu kimi tüğyan edən işsizlik və yoxsulluq, qanunsuzluq və ədalətsizlik, məmur özbaşınalığı və hüquqsuzluq, saxtakarlıq və korrupsiya, oğurluq və rüşvətxorluqdur, bunu azmış bilib millətin ləyaqətinə toxunan, milləti təhqir etməkdən çəkinməyən Quba icra hakimiyyətinin başçısının nalayiq hərəkətləridir.
Quba hadisələrinin kökü təkcə bir icra başçısının harınlaşmasında və özbaşınalığında deyil, ümumiyyətlə bu iqtidarın öz məmurlarına verilən hədsiz və qanundan kənar səlahiyyətlərində və onlar üçün yaradılan cəzasızlıq mühitindədir.
Bütün Azərbaycan xalqının narazılıq səviyyəsini dərk edərək, hesab edirəm ki, iqtidar təcili olaraq xalqın haqqını özünə qaytaran, onun insan kimi yaşamasına şərait yaradan köklü ictimai-siyasi və sosial-iqtisadi islahatlara başlamalıdır.
Qubanın icra başçısı milləti ağır təhqir etməsinə görə dərhal vəzifəsindən azad olunmalı və ümumiyyətlə hakimiyyət strukturlarından uzaqlaşdırılmalıdır.
Iqtidar bu hadisələrə görə saxlanılmış və həbs olunmuş insanları təcili azad etməlidir”.
Ramin DEKO, Quba



