Quba – ya vəlvələdən, ya zəlzələdən

Qələm dostlarımızdan biri FB-də belə status yazıb: “Indi biz Ilham Əliyevin Azərbaycanı söyməsinin videosunu tapmalıyıq ki, millət ayağa qalxsın?”.
Hələ 1994-cü ildə prezidentlərin andiçmə mərasimi ilə bağlı mentalitetimizdəki bir nüansı nəzərə alıb yazmışdım ki, prezidentlər and içəndə kitablara əl basmaqla yanaşı ana söyüşü də qoymalıdırlar. Bəlkə onda bir az məsuliyyət hiss eləyərdilər.
Bunları niyə xatırlatdım? Çünki belə çıxır ki, bizim xalqı ancaq belə ayağa qaldırmaq olar. Onu söyürsən, sözlərinlə (məhz sözlərlə) təhqir eləyirsən, onu mentaliteti əsasında fakt qarşısında qoyursan, onun sırf qulaq qavrayışına təsir eləyirsən, hamı eyni vaxtda eyni təhqiri eşidir, bir-birinin üzünə baxır, bir-birindən ar eləməyə başlayır, kim geri düşərsə biqeyrət adlandırılacağından çəkinir və daha heç bir bəhanə imkanı qalmır. Insanı daim ətalətdə saxlayan utanmaq, abrına qısılmaq hissi bu dəfə onu əksinə, coşdurur və ayağa qaldırır.
Quba üsyanının başlaması bu faktı az qala son dərəcə real və əvəzolunmaz fakta çevirir. Yeri gəlmişkən, indiyə qədər qəzetlərdə müxtəlif xalq dirənişləri haqqında yazarkən işlədilən “üsyan” sözü bu dəfə tam olaraq yerinə düşür. Bu, sözün əsl mənasında üsyandı. Qiyamdı. Iğtişaşdı. Tunisdə, Misirdə, Liviyada, Suriyada, Yəməndə baş verən üsyanların yüzdə yüz eynisidi. Halbuki Ilham Əliyev alman jurnalistinə “arzunuz gözünüzdə qalacaq demişdi, siz Azərbaycanda Misir olaylarını görməyəcəksiniz”. Di gəl, bu, artıq baş verib, bundan sonra necə inkişaf eləyəcəyini isə zaman göstərəcək.
Mən isə, bu üsyanın başlanma səbəbini üsyanı şərh eləyən şərhçilərin, siyasi xadimlərin çoxu kimi, sadəcə bir bəhanə, qığılcım hesab eləyirəm. “Iskra” qəzetinin sloqanı olan “Qığılcımdan alov doğar” kəlamı burda sözün birbaşa mənasında yerinə düşür. Qubada bu qığılcımdan gerçəkdən alov doğdu – IH başçısının evi, villası yandırıldı. Indi hakimiyyət Qubaya qoşun töküb. Yanğını ağır hərbi texnikayla söndürmək istəyir. Bəşər Əsəd əməliyyatı başlamaq üzrədir.
Qələm dostumuzun sözünə qayıtmazdan qabaq demək istəyirəm ki, təhqir, sadəcə qığılcım rolu oynaya bilər. Artıq heç nə. Ciddi təşkilatlanmadan keçməyən heç bir iğtişaş bu təşkilatlanma baş verməzsə, ötəri, keçici olacaq və alışsa da, bir saman tayası kimi tezliklə külə çevriləcək. Söyüş, təhqir ilhamverici qüvvə olsaydı, bu günə qədər Azərbaycan başdan-ayağa yanıb kül olmuşdu. Çünki indiyə qədər haqqında eşitdiyim filan qədər IH başçısının əsas “məziyyət”i onların rayonun dövlət məmurlarını, özündən aşağı vəzifə başçılarını və hətta rayon camaatını aşağılamaları olub. Hamısı latayırı sevib. Şəxsən bizim rayonun keçmiş icra başçısı Adil Məmmədov ağzına gələni iclasda adamların üzünə deyirdi. Hamı da bilir ki, indi IH başçıları adətən gəlmə olur. Onların sözünün adamların və camaatın heysiyyətinə toxunması çox inandırıcı olsa da, bu söyüşlər rayonu dolaşsa da, bir vəzifə sahibindən başqa kimsənin etirazını görmədik. Onu da Adil “müəllim” başqa bir rayona başçı təyin ediləndən 3 gün qabaq axır ki, vəzifəsindən çıxartdırmağa nail oldu. Başqa rayonların başçıları da eyni tərbiyənin yiyəsidi. Ancaq sakitlikdi. Bundan sonra necə olacaqlar, onu da bir Allah bilir. Demək, bu hadisənin arxasında dayanan səbəb bu təhqir faktı deyil. Ancaq hər bir halda, ya vəlvələdən, ya zəlzələdən qurbağa gölünə daş atılıb. Bundan sonra qubalıların hərəkəti presedent ola bilər.
Qələm dostumuzun kinayə ilə dediyi sözə gələndə isə, Ilham Əliyev uşaq deyil ki, xalqı açıq mətnlə təhqir eləsin. Semiotik mətnlə təhqirlərin videosuna gələndə isə… indi bu videolar bütün dünyanı dolaşır. Və mən əminəm ki, Qubanı alovlara bürüyən səbəbi elə o videolarda axtarmaq lazımdır.