“The New York Times” xalq etirazından geniş reportaj yayımladı
Dünya mediasında Qubada başlayan xalq etirazı haqda reportajların yayımı davam edir. Hadisənin baş verdiyi gün dünya mediasının baş xəbərlərindən biri məhz Qubada yaşananlar olub. ABŞ-ın məşhur “The New York Times” qəzetində və “www.upi.com” xəbər saytında Quba hadisələri barədə geniş reportajlar yayımlanıb. “The New York Times” yazır:“Azərbaycanın Quba şəhərində baş verən hadisələrdən sonra ölkə rəhbərliyi ora zirehli texnika göndərməyə başlayıb. Azərbaycanda baş verənlər Qazaxıstandakı Janaozen hadisələrini xatırladıb. Bir qədər əvvəl Qazaxıstanın Janaozen şəhərində xalq yerli icra strukturlarına və sosial vəziyyətə etiraz olaraq, kütləvi aksiyaları keçirmişdi”.
“www.upi.com”da yayımlanan xəbərdə deyilir ki, səhər tezdən yüzlərlə aksiyaçı icra hakimiyyətinin qarşısına yığışaraq rayon icra başçısının istefasını tələb edib: “Sonradan onların sayı 10 mini keçib. Daxili Qoşunların əsgərləri, yerli polislə toqquşmalar baş verib. Qəzəblənmiş xalq yerli administrasiyanın binası və icra başçısının evi yandırıb.
Xatırladaq ki, hadisələr baş verən gün Böyük Britaniyanın CNN telekanalında, “www.i4u.com” xəbər saytında, “Azadlıq” radiosunun rus və ingilis dilli xidmətlərində, Rusiyanın “Dojd” telekanalında, “The voice of Russia”, “Vestnik Kavkaza”, “Newsru.com”, Ukraynanın “Korrespondent.net” və digər portallarda, “Regnum”, “Bloomberg”, “AFP” kimi məşhur xəbər agentliklərində, Kanada xəbərlərində, Türkiyə mediasının “Haberx”, “Haberturk”, “Dünyabülteni” və başqa nüfuzlu xəbər saytlarında, NTV kimi tanınmış telekanalında və b. öz əksini tapıb.
azadliq.info