Qayaüstü təsvirlərin yazdığı tarix

Qobustandan Irəvana qədər…

Azərbaycanın ən qədim insan məskənlərindən biri olmasını sübut edən dəlillər sırasında ölkə ərazisindədki qayaüstü təsvirlər xüsusi yer tutur. Bakı yaxınlığında yerləşən Qobustan qoruğu dünyanın ən unikal abidələrindən biridir. Uzun zaman aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bu qayaüstü təsvirlər bizim eramızdan əvvəl II minilliyə – “daş dövrü”nə aiddir. Hazırda Qobustanda 4000-dən çox petroqlif (daş üzərində oyma əsasında çəkilmiş qayaüstü rəsmlər) qeydə alınıb. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif, bürclər, kişilər və qadınlar, ceyran, dağ keçisi, şir, keçi kimi heyvanların təsvirləri, qamışdan düzəldilmiş qayıq, iki təkərli araba və insan izləri əks olunub.
Lakin ölkə ərazisindəki belə qədim təsvirlər yalnız Qobustanla məhdudlaşmır. Bənzər qayaüstü təsvirlərə eyni zamanda Azərbaycan türklərinin yaşadığı fərqli bölgələrdə təsadüf olunur. Onların arasında Naxçıvanın Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə yerləşən dağ üzərindəki təsvirlər xüsusi diqqət çəkir. Buradakı Gəmiqaya adlanan dağ zirvəsinin hündürlüyü 3725 metrə çatır. Uzaqdan baxanda üzən nəhəng gəmiyə bənzəyən Kiçik Qafqazın ən yüksək zirvəsi olan bu Qapıcıq dağına həmin bənzərliyə görə xalq arasında Gəmiqaya adı verilmişdir. Burada e.ə. III-I minilliklərə aid minə yaxın qayaüstü rəsm – piktoqramlar (qədim yazılar) var.
Ərazidə tədqiqat aparan arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu yerdə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmışlar. Bununla, Gəmiqaya-Qaranquş yaylağının Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olduğu qənaətinə gəlinmişdir. Zaman keçdikcə bu yerlər Araz sahilində, Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərinə insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr və s. təsvirlər həkk edilmişdir.
Alimlərin fikrincə, Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8-7 min il yaşı var. Buradakı müxtəlif rəsmlər kompozisiya quruluşuna və süjetlərinə görə bir-birindən seçilir. Heyvan rəsmləri tək, qrup halında və astral işarələrlə birgə təsvir edilmişdir. Bu təsvirlər arasında heyvanların mübarizəsi səhnəsi xüsusi diqqət çəkir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvarı əyilmiş şəkildədir. Burada öküz qoşulmuş araba təsvirləri də var.
Belə yazılı təsvirlərə həmçinin Zəngəzur mahalı ərazisində bir sıra yerlərdə rast gəlinir. Buradakı çox maraqlı yazılı abidələrdən biri Nüvədi kəndinin Qarqadaşı dağında aşkar edilən daş kitabələrdir. Qafqazın ən qədim sakinlərindən olan Qar-qar (gər-gər) türklərinə aid bu kitabələr e.ə. 1-ci minilliyə aiddir. 1985-ci ildə Nüvədi kənd sakini Həmzə Vəli tərəfindən aşkar edilmiş bu kitabələr bir neçə daşdan ibarətdir. Abidə möhkəm bazalt daşlar üzərində Göytürk hərfləri ilə yazılmış yazılardır. Kitabədəki yazılar quruluşuna görə Orxon-Yenisey yazıları ilə eyni olsa da, daha qədimdir. Nüvədi kitabələrində yazılar birləşdiyi halda, Orxon-Yenisey kiabələrində birləşmir. 1991-ci ilə qədər yalnız Azərbaycan türklərinin yaşadığı bu ərazi 1991-ci ildə ermənilər tərəfindən işğal olunub.
Qarakilsə və Soyuqbulaq abidələri
Başqa bir qayaüstü təsvirlər Zəngəzur mahalının Qarakilsə(Sisiyan) rayonu ərazisində tapılmış Qarakilsə qayaüstü təsvirləridir. Bu təsvirlər e.ə. 5-4-cü minilliklərə və e.ə. 3-2-ci minilliklərə aid edilməklə iki qrupa ayrılır. Qarakilsə təsvirlərində bölgənin məlum dövrdəki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Ümumilikdə, Zəngəzur mahali kimi Qarakilsə ərazisi də qədimdən türk-oğuz tayfalarının ana yurdu olmuş, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır. Qarakilsə bölgəsinin çox böyük tarixi var. Burada alban mədəniyyətinə məxsus çoxlu abidə yerləşir. Təəssüf ki, həmin abidələrdən ermənilər öz tarixlərini daha qədimə aparmaq üçün istifadə edirlər. Məsələn, Urud kəndi ərazisindəki qoç heykəlləri bütün dünyaya “ermənilərin daş dövrü abidəsi” kimi təqdim olunur. Ermənilər Qərbi Azərbaycan torpaqlarındakı qəbristanlıqlarda orta əsr Azərbaycan ustaları, bədii daşyonma sənətkarları tərəfindən yaradılmış daş qoç və qoyun heykəllərini daşıyaraq Irəvan şəhərinə aparmış, onların üstündə həkk edilmiş – Azərbaycan xalqına məxsus kitabə və təsvirləri məhv edərək erməniləşdirmişlər. Qarakilsə rayonunun Urud kəndindən aparılmış qoç heykəllərin aqibəti də bu cür olmuşdur.
Bənzər qayaüstü təsvirlərin bir hissəsinə də Loru(Borçalı ərazisi) mahalının Soyuqbulaq kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində rast gəlmək müknüdür. Bunlar eramızdan əvvəlki minilliklərə aid qayaüstü təsvirlərdir.
Dağlıq Altayın Xaçın çayı sahillərində aşkar edilmiş təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisində ən qədim zamanlardan insanların məskunlaşdığını və həmin vaxtlardan bəri Türk-Oğuz qəbilələrinin ana yurdu olduğunu sübut edir. Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq azərbaycan türkləri yaşayıb. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülüb.
Qobustana çox bənzər Qarabağ  rəsmləri
Qarabağ bölgəsində qayaüstü təsvirlərə bir neçə ərazidə təsadüf olunur. Kəlbəcər rayonundakı “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s.yerlərdəki qayaüstü təsvirlər Qobustandakı rəsmlərlə, demək olar, tam oxşardır. Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi 3500-dən çox qayaüstü təsvir qeydə almış və onlardan bir çoxunun foto-şəkillərini çəkmişdir. Bu bölgədəki təsvirlər ən çox kustar şəkildə bazalt daşına həkk edilmiş keçilərdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət idi. Tarixçi alim Rəşid Göyüşovun, Xudu Məmmədovun və başqalarının fikrincə, bu daşların üzərindəki təsvirlərin yaşı az qala bu daşların öz yaşı qədərdir.
Qarabağ bölgəsində qayaüstü təsvirlərin geniş yayıldığı yerlərdən biri də Laçın rayonudur. Burada oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş bədii daş nümunələrinə Güləbird, Cicimli, Malxələf, Zabux, Malıbəy, Zeyvə, Kosalar, Katos, Pircahan, Seyidlər kəndlərində rast gəlinir. Bu ərazilərdəki oymalar içərisində insan, quş, heyvan işləmələrilə yanaşı süjet xarakterli oymalara və daş üzərində, hətta bütöv ov səhnəsinin cizgilərinə də rast gəlinir. Malıbəy, Varazuğun, Mirik dərəsi deyilən ərazilərdə mürəkkəb xarakterli oymalar və müxtəlif ölçülü (dairəvi, yumru, yarımsilindirik, dördbucaqlı və çoxbucaqlı) daş fiqurların mövcudluğu xüsusi maraq daşıyır. Daş üzərindəki həndəsi və digər ornamentlər, eləcə də oyma tipli bəzəklərə memarlıq abidələri və qəbir daşları üzərində də rast gəlmək olur.
Alimlərin fikrincə, eramızdan əvvəl V-II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan, Qarabağ və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxan-Yenisey kitabələrinin dil və əlifba eyniliyi bu ərazilərin ən qədim dövrlərdən üzü bəri türk-oğuz boylarının ana yurdu olduğuna heç bir şübhə yeri qoymur. Antropoloji-arxeoloji tarixi tədqiqatlar da göstərir ki, Cənubi Qafqaz regionunda heç vaxt erməni dövləti olmayıb. Hətta açılan qədim qəbirlərdəki insanların kəllə sümükləri də bu ərazidəki etnosların yalnız türk-oğuz tayfaları olduğunu sübut edir. Arxeoloji qazıntılar zamanı Qafqaz ərazisində ermənilərə aid heç bir mədəniyyət abidəsi tapılmayıb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir