Polkovnikdən generala sərt cavab

Eldar Sabiroğlu: «Lənkəran Əliyev TTM-nin rəisi olarkən qulluq mövqeyindən istifadə edərək bir sıra cinayət əməllərinə yol verib»

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevin bu quruma qarşı səsləndirdiyi ittihamlara cavab verib. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bununla bağlı açıqlama yayıb. Həmin açıqlamanı bəzi ixtisarlarla təqdim edirik:
 “Bu gün özünü yazıq qismində ictimaiyyətə təqdim edən Lənkəran Əliyevə həmin xidməti mənzil TTM rəisi olarkən 5 fevral 2002-ci ildə verilib. 3 otaqlı mənzilin yaşayış sahəsi 58 kv.m. olub. Buna baxmayaraq vəzifəsindən sui istifadə edən TTM-in keçmiş rəisi özünün məqbul saydığı vasitələrlə xəlvəti şəkildə – Müdafiə Nazirliyinin Bakı qarnizonunun mənzil komissiyasının razılığı və təsdiqedici sənədləri olmadan həmin mənzilə yeni order əldə etməklə onu öz şəxsi mülkiyyətinə çevirib. Onun üçün qanun, haqq və ədalət budurmu?  Həmin orderdə də cavabdehlərin yaşadıqları mənzil 4 otaq olaraq, yaşayış sahəsi nə az, nə çox 82 kv.m. göstərilib. Amma bu da son deyil. Lənkəran Əliyevin yaşayış sahəsini zəbt etməsi ilə əlaqədar Hərbi Prokurorluq tərəfindən araşdırma aparılarkən əlavə bir fakt da məlum olub. Belə ki, ?evsiz-eşiksiz? Lənkəran Əliyevin yaşadığı faktiki sahə 172,5 kv.m. təşkil edib. Bir az əvvəl biz ona neçə kv.m mənzil verildiyini açıqladıq. Əlavə olaraq nə qədər sahə zəbt etməsi də aşkar ortadadır.
Hələ bunlar harasıdır? Lənkəran Əliyev TTM-nin rəisi olarkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək bir sıra cinayət əməllərinə yol verib. Tamah onu elə yolundan sapdırdı ki, gözlərini yumub hər şeyə getdi. Başqasının əmlakını mənimsədi, israf etmə yolu ilə nələrisə taladı, general əsgərlərlə belə pis davrandı. Hətta əsgərə əl də qaldırdı, onu döydü də. Bunların hamısını göydən götürməmişəm. Hər şeyi istintaq özü müəyyən edib və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 331.3, 341.1 v 341.2.3-cü maddələri ilə 200128 saylı cinayət işi başlanılıb. Nə az, nə çox altı maddə bu gün də onun kürəyindədir. Lənkəran Əliyevə bir sualım da var. Dövlətə vurduğu ziyanının müqabilində 30.700,98 manat maddi ziyanı istintaq zamanı tam şəkildə ödəməyə onu nə məcbur etmişdi”.