Azərbaycanda hakimiyyətdəkilərin əksəriyyəti Rauf Həbibov kimidir
Martın 1-də Qubada icra başçısı Rauf Həbibovun qubalıları təhqir etməsinə cavab olaraq keçirilən etiraz aksiyasına müxalifət liderləri də münasibət bildirib.
Azərbaycanın Quba kimi ayağa qalxması zaman məsələsidir
IP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli bildirib ki, Quba rayon icra başçısının xalqın heysiyyatına toxunan məsuliyyətsiz çıxışı minlərlə sakini etiraz aksiyasına təhrik eləyib: “Əlbəttə ki, adamların tələbi, etirazı başadüşüləndir, adamlar tələblərində haqlıdırlar. Belə bir mədəniyyətsiz adam dövlət hakimiyyətini təmsil eləyə bilməz. Azərbaycan xalqını, onun bir hissəsi olan Quba camaatını o şəkildə aşağılayan birisinin dövlət adından çıxış etməyə, icra başçısı olaraq fəaliyyət göstərməyə heç bir haqqı yoxdur. Burda iki məqama diqqəti xüsusi cəlb eləmək istəyirəm. Biri ondan ibarətdir ki, çox təəssüf ki, belə bir çıxışın olması faktı məlum olandan sonra da Ilham Əliyev həmin şəxsi icra başçısı vəzifəsindən azad etməyib. Qubaya daxili qoşunları, çevik polis alayını göndərmək, xalqa divan tutmaq haqqında ssenarilər cızmaq yox, yerində olmayan o adamı işdən çıxarmaq lazım idi. Vaxtında bu addım atılmalı idi. Azərbaycanda hakimiyyətdəkilərin əksəriyyəti Rauf Həbibov kimidir. Onların danışıqlarının hamısı yazılmır. Əslində bu, xarakterik bir tipdir ki, hakimiyyətin simvollarından biridir.
Ikincisi, diqqəti ona cəlb eləmək istəyirəm ki, icra başçısının çıxışı insanları nə qədər qəzəbləndirsə də, məncə, bu qədər çox adamın etiraz eləməsi yalnız bununla bağlı deyil. Görünür, illərlə toplanmış narazılıq, haqsızlıq, sosial problemlər, insanların sözünün eşidilməməsi, haqqının tapdalanması ciddi gərginlik yaradıb. Icra başçısının aşağılayıcı açıqlaması da əslində çoxdan yığılmış acığın meydana çıxmasına gətirib çıxardı. Burdan Azərbaycan hakimiyyəti üçün də ciddi mesaj var. Məsələ burasındadır ki, Qubadakı əhval-ruhiyyə ilə bütün ölkədəki əhval-ruhiyyə çox fərqlənmir. Azərbaycanın hər yerində yaşayan insanlar Qubadakı qardaş və bacılarımız kimi haqsızlığın, ədalətsizliyin əsarətindədir. Əgər Azərbaycanda təcili islahatlar başlamasa, Azərbaycanın dövlət məmurlarının indiki azğınlığının qarşısı alınmasa, müəyyən dəyişikliklərin önü açılmasa, Azərbaycanın Quba kimi ayağa qalxması zaman məsələsidir. Azərbaycan hakimiyyəti nəticə çıxarmalıdır. Adamlara qarşı repressiya tətbiq etməklə problemin həlli olmayacaq. Insanlara qarşı repressiyaya yol verilməməsini tələb edirəm. Xalqdan gələn mesajdan ölkədə dəyişikliklərin önünü açmaq üçün istifadə etmək lazımdır”.
Hakimiyyətin ağıllı qərarlar qəbul etməməsi başqa fəsadlar da yarada bilər
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı Isa Qəmbər “Yeni Müsavat”a açıqlamasında deyib ki, hadisələr icra başçısının mədəniyyətsiz çıxışından sonra başlasa da, bu, mövcud vəziyyətdən qəzəbli xalqın etirazı üçün sadəcə bir əsas rolunu oynayıb: “Məsələnin mahiyyəti xalqın hakimiyyətin bu şəkildə idarəçiliyi ilə, haqsızlığı ilə barışmamasının nümunəsidir. Əslinə qalsa, Qubada baş verən hadisələr bütövlükdə Azərbaycanda baş verə biləcək hadisələrin bir modelidir. Hakimiyyət bundan ən qısa müddətdə çox ciddi nəticələr çıxarmalıdır. Xalqa qarşı repressiyalar haqqında deyil, problemləri həll eləmək haqqında düşünməlidir. Söhbət tək Qubanın icra başçısının cəzalandırılmasından, vəzifədən kənarlaşdırılmasından getmir, hakimiyyət bütövlükdə siyasətini dəyişməlidir. Əgər hakimiyyət bunu etməyəcəksə, Qubada baş verən hadisələrin bütün ölkə miqyasında təkrarlanacağı ehtimalı kifayət qədər yüksəkdir. Hakimiyyətin təcili və ağıllı qərarlar qəbul etməməsi başqa fəsadlar da yarada bilər”.
Quba hadisələrinin kökü təkcə bir icra başçısının harınlaşmasında deyil
ALP lideri Lalə Şövkət Qubada yaşanan olaylarla bağlı bəyanat verib. Bəyanatda deyilir: “Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov Quba camaatını açıq şəkildə ağır sözlərlə təhqir etməsindən qəzəblənən dinc Quba sakinləri haqlı olaraq öz etiraz səsini qaldırıblar. Etiraz aksiyası keçirilərkən, dinc əhaliyə qarşı hakimiyyət tərəfindən zor tətbiq olunub, həbs olunanlar var.
Əslində icra başçısının təhqiramiz ifadələri, harınlaşmış məmurun artıq millətə həqarət etməsi insanların narazılığına səbəb olan aysberqin görünən hissəsi və camaatın səbr kasasını daşdıran son damladır.
Bu iqtidarın saxtakarlığı, korrupsiyası, oğurluğu, rüşvətxorluğu, sıravi insanlara qarşı məmur özbaşınalığı və həqarəti bütün ölkədə artıq adi hala çevrilmişdir.
Quba sakinlərini ayağa qaldıran da məhz bütün ölkədə odluğu kimi tüğyan edən işsizlik və yoxsulluq, qanunsuzluq və ədalətsizlik, məmur özbaşınalığı və hüquqsuzluq, saxtakarlıq və korrupsiya, oğurluq və rüşvətxorluqdur, bunu azmış bilib millətin ləyaqətinə toxunan, milləti təhqir etməkdən çəkinməyən Quba icra hakimiyyətinin başçısının nalayiq hərəkətləridir.
Quba hadisələrinin kökü təkcə bir icra başçısının harınlaşmasında və özbaşınalığında deyil, ümumiyyətlə bu iqtidarın öz məmurlarına verilən hədsiz və qanundan kənar səlahiyyətlərində və onlar üçün yaradılan cəzasızlıq mühitindədir.
Bütün Azərbaycan xalqının narazılıq səviyyəsini dərk edərək, hesab edirəm ki, iqtidar təcili olaraq xalqın haqqını özünə qaytaran, onun insan kimi yaşamasına şərait yaradan köklü ictimai-siyasi və sosial-iqtisadi islahatlara başlamalıdır.
Qubanın icra başçısı milləti ağır təhqir etməsinə görə dərhal vəzifəsindən azad olunmalı və ümumiyyətlə hakimiyyət strukturlarından uzaqlaşdırılmalıdır.
Iqtidar bu hadisələrə görə saxlanılmış və həbs olunmuş insanları təcili azad etməlidir”.