
ACP lideri, eks-spiker Rəsul Quliyev Xalq Hərəkatının liderlərinə müraciət edib. Müraciətini “Demokratiyaya gedən yol” adlı məqaləsində qeyd edən R.Quliyev vurğulayıb ki, keçmiş SSRI respublikalarının Azərbaycandan başqa hamısında 1990-cı illərin aktivistləri bu gün siyasətdə deyillər, siyasət meydanını yeni nəslə veriblər. Eks-spiker yazır ki, Azərbaycanda dəyişikliklərin baş verməməsinin, problemlərin səbəblərindən biri Azərbaycanda 1990-cı illərin aktivistlərinin hələ də siyasi səhnədə olmasıdır. Ona görə də onlar Azərbaycanın naminə təcili istefa verməlidirlər. Imkan verməlidirlər ki, yeni fikirli, yeni ideyalı, cəsarətli addımlar atmağı bacaran qüvvələr irəli çıxsın.
R.Quliyevin bu mövqeyi Azərbaycanda normal demokratik seçki olmadığı halda qəribə görünür. Çünki seçkilərdə müxalifətin böyük səs üstünlüyü ilə qalib gəlməsinə rəğmən hakimiyyət seçkilərin nəticələrini hər zaman öz xeyrinə rəsmiləşdirib. Ikinci bir məqam isə ondan ibarətdir ki, oxşar arqumentlərlə hakimiyyət nümayəndələri də çıxış edirlər. Amma məsələnin diqqət çəkən daha bir məqamı isə ondan ibarətdir ki, R.Quliyevlə bir hərəkatda birləşən partiya liderləri var ki, onlar vaxtilə Xalq Hərəkatında aktiv rol oynayıblar. Xalq hərəkatından gələn şəxslər sırasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli və KXCP sədri Mirmahmud Mirəlioğlu da var.
«Xalq Hərəkatının liderlərinin hələ də siyasətdə olması həmin şəxslərin siyasi qabiliyyəti ilə bağlıdır»

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirdi ki, hər bir adam istənilən şəxsin siyasətdə olub-olmaması ilə bağlı fikir bildirə bilər. R.Quliyevin də bu mövzuda öz fikirlərini söylədiyini deyən Q.Əlibəyli hesab edir ki, Xalq Hərəkatının liderlərinin hələ də siyasi səhnədə olması həmin şəxslərin siyasi qabiliyyəti, fəaliyyəti ilə bağlıdır. Bunun kiminsə istəyi ilə əlaqəsi yoxdur: “Əgər Xalq Hərəkatının liderlərinin siyasi fəaliyyəti xalqı, ən azı öz tərəfdarlarını təmin etməsəydi, onlar da siyasətdən gedərdilər. Görünür, həmin şəxslərin siyasətdən getməmələrinin səbəbi siyasi qabiliyyət və bacarıqlarındadır”.
«Xalq Hərəkatından gələn liderlərin hazırda siyasi səhnədə olması etimadın nəticəsidir»

KXCP sədrinin müavini Ədalət Yusibov isə bildirdi ki, R.Quliyevin fikirləri onu maraqlandırmır. Digər tərəfdən, hər bir fikrin məntiqə söykənməli olduğunu deyən Ə.Yusibov vurğuladı ki, Azərbaycanda Xalq hərəkatından gələn liderlərin hazırda siyasi səhnədə olması etimadın nəticəsidir: “Hazırda siyasətdə olan şəxslər hərəkat zamanı 20-25 yaşlı gənclər idilər. Bu şəxslərin siyasətlə məşğul olmalı vaxtları əsl indidir. Hesab edirəm ki, siyasətdən getmək barədə altmış və ya altmış beş yaşdan sonra danışmağa dəyər. O zaman ki, həmin siyasətçinin hər hansı perspektivi olmasın. Indiki Azərbaycanda siyasətlə məşğul olan şəxslər tanınmış şəxslərdir. Indiki şərtlər daxilində, normal seçki mühitinin olmadığı şəraitdə əldə olunan nəticələr reallığa uyğundur”.
Xalq Hərəkatı liderlərinin yerlərini gənclərə verməsinə gəlincə, Ə.Yusibov vurğuladı ki, hazırda partiyalarda gəncləşmə siyasətinə önəm verilir. Bunu siyasi məhbusların bir qismini gənclərin təşkil etməsi də sübut edir. “Biz hər an sinəmizi gənclər üçün tribunaya çevirməyə hazırıq”,- deyə Ə.Yusibov vurğuladı.
Hikmət


