Gənclərin Hüquqlarını Müdafiə Komitəsi martın 4-nə nəzərdə tutduğu mitinqi təxirə salıb.
Gənclərin Hüquqların Müdafiə Komitəsi martın 4-də paytaxtda mitinq keçirmək üçün fevralın 13-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Gənclər aksiyanı 3 meydandan birində (Fizuli meydanı, “Nərimanov” və “Təbriz” kinoteatrlarının qarşısı) keçirmək istəyirdi. Bakı Şəhər İcra Hakimiyyəti martın 2-də bildirib ki, tələb olunan yerlərdən heç biri mitinq keçirməyə uyğun deyil.
Meriya mitinq keçirmək üçün alternativ yer göstərməyib.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı “Azadlıq”a deyib ki, Müdafiə Komitəsi mitinqi təxirə salmaq və martın 5-də yenidən BŞİH-ə kütləvi aksiyaya yer ayırmaq üşün müraciət etmək qərarına gəlib. Bundan başqa gənclər, BŞİH-i onların hüquqlarını pozduğu üçün məhkəməyə vermək niyyətindədirlər.