“Evin yıxılsın, fələk…”

O gün Bayılda ah-nalədən qulaq tutuldu, fəryad səsləri ərşə qalxdı. Əhmədlidən Bayraq Meydanı yaxşı görünməsə də, qələm dostumuz Natiqin FB-dən yazdığı həyəcanlı xəbər həmin naləni anında gətirib çıxardı buralara.
Güneydən günə düşdüm,
Bağlı düyünə düşdüm,
Evin yıxılsın, fələk,
Sən deyən günə düşdüm.
Amma evi yıxılan fələk deyildi, Bayraq Meydanı ərazisində yaşayan hərbçi ailələri idi. Xeyli zamandır dirəniş göstərirdilər. Ana qanunda təsbit edilmiş mülkiyyət hüquqlarının toxunulmaz olduğunu əsas gətirib dayanırdılar. Yalnız o günə qədər dayana bildilər. Şəxsi evlərindən çıxarılacaqları haqda qərarı onlardan xəbərsiz düzüb-qoşmuşdular. Bir gün də gəlib yaşadıqları evin artıq onlara məxsus olmadığını bəyan etmişdilər. Son illər ölkədə insanların şəxsi mülkiyyətinə qarşı kütləvi qəsd faktları baş alıb gedir. Bu da insanların zorakı “deportasiyası”nın növbəti dalğasıdır. Belə zorakılığa Allahsızlıqdan başqa nə ad vermək olar ki… Bəlkə bu yerdə sizin çoxunuzu düşündürən bir sual çıxacaq ortaya: Azərbaycan üçün hərbçilər bu qədərmi qiymətsizdir? Bu gün Qarabağ məsələsi bizə “Eurovision” musiqi yarışmasından daha önəmli və vacibdirsə, onda hərbçi ailələrinə göstərilən belə həqarətin hesabını kim verəcək?
Mən də Qarabağın ucqar bir kəndində doğulmuşam. Orada evsiz adamlar yoxdu. Var-dövlət aşıb-daşmasa da, hər kəsin başını soxacaq bir daxması vardı. Heç kəsin evi başqasının evinin başına minmir, torpağın üstündə dayanırdı. “Evin yıxılsın” qarğışını ancaq qadınların dilindən eşitmişdim, ara-sıra çəpər, hasar davası gedəndə. Bir də o zamanlar kəndin gözəl ənənələri vardı. Kənd camaatı hər yeni ev tikən adama yardım üçün səfərbər olurdu. Indi kəndlərdə həmin gözəl ənənələrdən əsər-əlamət qalıbmı, bilmirəm. Çünki kəndlə bağlılığım çoxdan kəsilib – o sadə, səmimi, təmənnasız insanların birliyiylə qurduğu evlər erməni işğalı nəticəsində yerlə yeksan edildiyi gündən sonra…   
Ömrümün yarıdan çoxunu küləklərinə sovurduğum bu şəhərdə həyat ordakından çox fərqli biçimdə. Ilk gündən buradakı həyat mənzərələri, insan hekayələri, yaşam şərtləri tamam başqa idi. Illər keçdikcə də o şərtlər mənə “doğmalaşmaqdan” daha çox ögeyləşib qaldı. Bu “baş kənddə” sonsuz sayda evsiz insanların, hətta sahibsiz küçə uşaqlarının olduğunu biləndə içim sızladı. O zaman evsizlik, yuvasızlıq mənə illər öncə avara məhəllə uşaqlarının dağıtdığı yuvadan düşən balalarını qurtarmaq ümidiylə yerdə çırpınan və qonşunun acgöz pişiyinə yem olan zavallı qaranquşu xatırladırdı. Sonra bu acı xatirənin üstünü daha tünd rəngli ağrılar örtdü. Zamanla o acıların üstünə ağrılar yağdıqca yağdı… Bir anın içində tanıdığım, bildiyim, gördüyüm insanların isti yuvalarını başlarına yıxdılar. Eynilə o çarəsiz qaranquş kimiydi həyatı alt-üst olan həmin insanlar…
Doğrudur, müharibə insanların həyatını darmadağın edir. Bəzən ölən ölür, ölməyən ondan betər olur. Amma daha betəri müharibə ölkəsində atəş xəttini qoruyan insanların düşmən gülləsi ilə deyil, “arxadan vurulan zərbəylə”- haqsızlıqla öldürülməsidir. Kimsə “Eurovision” musiqi yarışmasına qarşı deyil. Kimsə Azərbaycanın Avropayla bağlı hər hansı layihəyə qoşulmaq istəyinə düşmən nəzəriylə də baxmır. Amma bir beynəlxalq mədəniyyət layihəsinə imza atmaq həmin layihəyə eyni dərəcədə mədəni yanaşmağı tələb etməzmi? Insanların göz yaşıyla musiqi bayramı olmaz, ağalar!