Iran yenə də “göylə” gedir – notalar, təhdid dolu xəbərdarlıqlar, səfərlər! Az qalıb desinlər ki, asqıranda üzünüzü yana tutun, yoxsa bütün Iranı qrip tutar və deyərlər ki, bu da Qərbin Irana qarşı növbəti təxribatı… bakterioloji, yaxud da virusoloji həmləsidir! Adətən risqli təklifləri sevmirəm. Amma özüm istəmədən beynimdən bir fikir keçir. Deyirəm, lap elə Iranın acığına dəyişib olasan Qərbin bölgədə forpostu! Niyə də ki, yox? Başqası, hətta Rusiya kimi dövlətin bölgədə forpostu adlanmaqdan qürur və məmnunluq duyur! Biz nə səbəbdən bunu etməyək ki? Biz də olaq Qərbin forpostu! Nəzərə alanda ki, M.Saakaşvili bu statusu almaq üçün dəridən-qabıqdan çıxır, bunun elə də mənasız təklif olmadığı aydın olar. Təbii ki, bir qədər ölçüb-biçmək lazımdı və heç bir qərarı apriori qəbul etmək olmaz. Amma adamda az qala belə bir təəssürat yaranır ki, Iran öz bombasını sanki bizim üçün hazırlayır. Mollaları bomba arzusuna yaxınlaşdıran məneələr azaldıqca bizə qarşı lap dözümsüz olurlar. Mənə elə gəlir ki, bu da siyasi lovğalığın təzahürüdür. Iran da özünü güclü dövlət kimi aparmaq və regionda arbitrlik etmək istəyir. Inşallah, çox arzuları ürəklərində qaldığı kimi bu arzu da elə ürəkdə qalar! Amma məni də bir məsələ narahat edir – belə getsə, Iran nüvə silahı əldə edəcək və elə o vaxt bütün ümidlər qalacaq Iranın daxildən dəyişməsinə! Bu isə bir qədər qəliz məsələdir ki, çünki Iran əhli elə yatıb ki, onları oyatsa-oyatsa yalnız bu müharibə deyilən zəhrimar oyada bilər!
Israillə münasibətlərin qiyməti
Deyirlər ki, Azərbaycan Israildən 1.5 milyard dollarlıq silah-sursat alıb. Bir o qədər də sensasion xəbər deyil – dövlət silah alar da! Burada nə var ki? Di gəl, Iran az qala özünü həlak edir. Lakin məni başqa məsələ – Türkiyənin də məsələyə münasibəti maraqlandırır, Türkiyə də Israilə acıqlıdır. Lakin gərək Türkiyə bizi anlasın. Münaqişəyə cəlb edilmiş ölkə kimi Azərbaycanın silah almaq imkanları bir qədər məhduddur. Üstəlik, silah-sursat bazarında çox bolluq olsa da, hər ölkənin satdığını almaq olmur. Ukraynadan və yaxud da Belarusdan köhnə sovet silahlarını almaqdansa, Israildən almaq daha yaxşı və sərfəlidir. Doğrusu, mənim Türkiyənin silah arsenalı və bazarı haqda elə bir məlumatım yoxdur. Onlardan almaq lap yaxşı olardı – necə deyərlər, qoy xeyrini özümüzünkülər görsün! Amma gərək, əvvəldə qeyd etdiyim kimi, elə Türkiyə də bizim vəziyyəti başa düşə. Fələstin liderinə burada çox böyük bir qarşılanma mərasimi təkşil etməklə və onun ölkəsinin Azərbaycanda rəsmi nümayəndəliyini açmaqla biz öz Yaxın Şərq siyasətimizə bəzi korrektələr və düzəlişlər etdik. O jest o vaxt lazım idi. Həm BMT TŞ-yə seçilmək üçün və həm də islam ölkələri ilə münasibətləri bir qədər də istiləşdirmək üçün!
Nə qalib gəldi? Şərq temparamenti, yoxsa Qərb təmkini?
Bəli, Fransa ilə bağlı məsələ də həll olundu. Mən o vaxt yazmışdım ki, hətta pis qanunları belə, dəyişməyin qanuni və dinc yolları var! Mənə elə gəlir ki, o məsələdə Bakının göstərdiyi soyuq təmkin Türkiyənin emosional siyasətini bir qədər üstələdi, ondan effektiv oldu. Təbii, məsələ bitməyib. Ermənilər də bir daha, təkrar-təkrar cəhd edəcəklər ki, həmin qanunu keçirsinlər, çünki bu, onların yaşayış formasıdır. Lakin mənə elə gəlir ki, məsələ özünü hüquq baxımından tükəndirib, bu məsələyə bir daha qayıdılsa, onda gərək Fransa öz ali qanunu – konstitusiyasını dəyişsin. Amma söhbət elə maddədən, elə bir hüquqdan gedir ki, onun dəyişməsi və yaxud ona düzəliş edilməsi çətin, daha doğrusu, mümkün olmayan məsələdir, çünki söhbət çox fundamental hüquqdan – ifadə və söz azadlığından gedir. Mən burada əvvəllər yazdığım fikri təkrar etmək istəyirəm. Insan və Vətəndaş Haqları Bəyannaməsi də elə fransız siyasi fikrinin məhsuludur. Qoy, fransızlar özləri nəticə çıxarsın: 200 il bundan əvvəl Azadlığı daha çox dəyərləndirirdilər, yoxsa indi? Mənə belə gəlir ki, fransızlar bunu yaxşı dərk edir. Qanunun ləğvi də bunu sübut etdi. Bir məsələ də var. Onu qeyd etməyə bilmərəm. Bəlli oldu ki, Fransada həm də MƏHKƏMƏ var. O MƏHKƏMƏ ki, onun üçün hətta prezidentin imzası, rəyi belə əsas deyil, əsas olan ali qanundur – Konstitusiyadır!

Biz niyə Qərbin forpostu olmayaq?
•


