AXCP Mingəçevir Məclisinin yığıncağı keçirilib

Şəhər şöbəsi yeni orqanlarını və rəhbərliyini seçib

Martın 1-də AXCP Mingəçevir şəhər Məclisinin yığıncağı keçirildi. Yığıncağın gündəliyində duran əsas məsələ AXCP Mingəçevir şəhər şöbəsi sədrinin, bu şöbədən AXCP Ali Məclisinə üzvün seçilməsi, şəhər şöbəsinin tərkibinin təsdiqlənməsi və ölkədəki ictimai-siyasi vəziyyət idi.
Tədbiri AXCP şəhər Məclisinin sədri Atamoğlan Əhədov giriş sözü ilə açdıqdan sonra dövlət himni oxundu. A.Əhədov yığıncağın gündəliyi barədə məlumat verdi. Daha sonra şəhər şöbəsi sədrinin seçilməsi üçün namizədlər irəli sürüldü. Qadir Xudabaxşıyev yekdilliklə növbəti konfransadək AXCP Mingəçevir şəhər şöbəsinin sədri seçildi.
Ali Məclisə üzv seçilməsi üçün Rafiq Mustafayevin namizədliyi irəli sürüldü. Q.Xudabaxşıyev R.Mustafayev haqda məlumat verdikdən sonra səsvermə keçirildi və o, Ali Məclisin üzvü seçildi.
Yığıncaqda iştirak edən AXCP sədrinin müavini Asəf Quliyev çıxış edərək 2010-cu ilin parlament seçkilərindən sonra dünyada cərəyan edən proseslər, ələlxüsus ərəb ölkələrində baş verən hadisələr fonunda ölkəmizdəki mövcud ictimai-siyasi durum barədə məlumat verdi. Partiyanın yerli şöbəsində gənclərin sıralarının artmasını məmnunluqla qeyd edən A.Quliyev təşkilatın bu istiqamətdə fəaliyyətinin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğuladı.

Azər