rovnaq

Rövnəq Abdullayevin işçiləri həmkarlarının evinə basqın etdi

ARDNŞ əməkdaşları sakinlərə qarşı zorakılıq etdi, basqına etiraz edənlər döyüldü

Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşları Bakının Badamdar qəsəbəsi, Sahib Ibrahimxəlilov küçəsində yerləşən “Bibiheybət” neft-qaz çıxarma şirkətinə məxsus yataqxanaya basqın ediblər. Şirkətin mühafizə xidmətinin əməkdaşları yataqxanada yaşayan ailələri zorla evlərindən çıxarıblar.
Beşmərtəbəli binada yaşayan 50 ailə dirəniş göstərərək evlərindən çıxmayacaqlarını deyib, məhkəmə qərarı tələb edirdilər.

Qohum evinə sığınanlar

Dünən sözügedən ünvana baş çəkdik. 1984-cü ildən 4 nömrəli evdə yaşayan Bədirxan Mirzəyev 22 il Dövlət Neft Şirkətində işlədiyini deyir: “Indi heç bir məhkəmə qərarı olmadan bizi buradan köçürmək istəyirlər. Bizə məhkəmənin qərarını göstərsinlər. Niyə indiyə qədər yaşadığımız bina yadlarına düşmürdü? Nə qəzalıdır, nə də qeyri-qanuni tikilib”.
Sakinlər evdə olmadıqları zaman qoluzorluların mənzillərinə basqın etdiklərini deyirlər: “Bizi aldatdılar ki, hər şey yaxşı olacaq. Güddülər ki, camaat nə vaxt işə gedir, o zaman hücum etdilər. Evdə olanları, etiraz edənləri yerlə sürüdülər”.
Lətif Hacıyev Qarabağ müharibəsi veteranıdır. 15 il Dövlət Neft Şirkətində işləyib. O da xəsarət alanlar sırasındadır. Deyir ki, heç kim ona xəbərdarlıq etmədən evinin əşyalarını çıxarıb çölə töküb. Hazırda qohumlarının evinə sığınan Lətif Hacıyev ümidini Allaha bağlayıb: “Biz sənəd tələb edirik. Düzdür, məhkəmə də onların əlindədir. Istədikləri sənədi tərtib edə bilərlər. Hətta bir ay bundan əvvəl guya, məhkəmə keçirildiyi barədə qərarın surətini bizə göstərə bilərlər. Ancaq biz qanun tərəfdarıyıq, yalandan, əldəqayırma sənədlərin yox”.


Sakinlər deyirlər ki, onların əllərindən alınan evləri başqalarına satırlar: “Hazırda bir neçə adam burada məskunlaşıb. Istədiklərini edirlər, məqsədləri bizi buradan köçürüb evləri başqa adamlara baha qiymətə satmaqdır”.

“Yuxarı”nın tapşırığı

Rəhman Şəmiyev 32 ildir ki, Neft Şirkətində çalışır. 26 ildir ki, o, 6 ailə üzvü ilə birlikdə bu ünvanda qeydiyyatdadır. Hazırda onun yaşadığı mənzili boşaldıblar, evi başqa birisinə satıblar. Ailə üzvləri öz evlərinə getmək istəsələr də, içəri buraxılmırlar. Əraziyə Dövlət Neft Şirkətinin mühafizə xidmətinin üç əməkdaşı nəzarət edir. Onlar deyirlər ki, sakinləri evlərinə buraxmamaq barədə “yuxarı”dan tapşırıq alıblar: “Bizlik heç nə yoxdur. Deyiblər, əraziyə baxın, biz də diqqət edirik. Desinlər, çıxın gedin, bir dəqiqə də burada qalmarıq. Kiminsə evini əlindən almaqda maraqlı deyilik”.


Qapıları ya mismarlı, ya da qaynaqlanmış ev sahibləri hüquqlarının bərpası uğrunda sona qədər mübarizə aparacaqlarını deyirlər.

Ramin DEKO