Əli Kərimli Əliyevləri necə sarsıtdı?

Hakim komanda AXCP sədrinə hücum edərkən öz əsəblərinə nəzarəti itirdi

“Yeni Azərbaycan” qəzeti Əli Kərimliyə qarşı növbəti hücuma keçdi. Ona görə “növbəti” ki, bu hücumların arasında elə də uzun məsafə olmur. YAP-ın icra katibi Əli Əhmədov və onun müavini Siyavuş Novruzov hələ də telekanallarda Əli Kərimli əleyhinə kampaniyanı davam etdirir. Hakim partiyanın mətbu orqanı da öz rəhbərlərinin emosional durumundan fərqli bir şeyi ifadə etməyib. Qaragüruhçuluq, emosionallıq, isterika və “aqoniya” aydın şəkildə hiss olunur. Şəksiz görünür ki, Ilham Əliyevin ətrafında daralan çəmbər hakimiyyət təmsilçilərini hövsələdən çıxarıb və onlar yanmış adam kimi özlərini hara gəldi, çırpırlar. Yəni, nə etdiklərinin fərqində deyillər. Başqa sözlə, nə desən, etməyə hazırdılar, təki bu vəziyyətdən çıxmaq üçün bir imkan yaransın. Amma bu isterikanın həddini gözdən keçirərkən məlum olur ki, proses artıq geridönməz xarakter alıb. Ona görə də biz bu hakimiyyətin sözçülərindən hələ daha böyük həyəcan və kin, daha doğrusu, qorxunun və üşənmənin yaratdığı qəzəb gözləyirik.

“Yeni Azərbaycan”ı kim oxuyur ki?

Hamı bilir ki, bu hakimiyyətin rəsmi mediasını nəinki oxuyan, heç vərəqləyən də yoxdur. Ona görə də bu tip yazıların ictimaiyyətə çatmaması bizi narahat edir. Bir tərəfdən, ona görə ki, cəmiyyət hakimiyyətin hansı hisslər keçirdiyini (nə düşündüyünü yox, çünki hakimiyyət artıq düşünmək imkanlarını itirib) və hansı səviyyədə mübarizə apardığını görə bilmir. Başqa tərəfdən isə Azərbaycanı idarə etdiyinə iddia edən qrupun heç bir ictimai dəstəyə sahib olmaması ölkənin çox təhlükəli dövr yaşadığını göstərir. Biz isə məhz bu maraqdan oxuyuruq ki, Azərbaycan hakimiyyətinin nəyi necə planlaşdırdığını və kimə qarşı niyə qəzəbli olduğunu müəyyənləşdirək. Bu dəfə də məlum oldu ki, Azərbaycan hakimiyyəti Əli Kərimliyə qarşı növbəti qəzəb günlərini yaşamaqdadır. Nədir bu qəzəbi təşkil edən səbəblər? Azərbaycan hakimiyyətinin ən yuxarı orqanları niyə emosiyalarının girovuna çevrilib? Bunu araşdıraq…

Təzə nə baş verib ki?

Aydın məsələdir ki, Əli Kərimli və rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası hakimiyyəti bir gün də boş buraxmayıb, daim onun qara və ziyanlı siyasətini ifşa edib, müqavimət təşkil edib. Amma hakimiyyət son vaxtlar xüsusi aqressiya ilə Əli Kərimlinin üstünə gəlir. Hətta bütün Azərbaycan və Türkiyə “Xocalı” gündəmini yaşadığı bir vaxtda bu mövzu ilə bağlı təyin edilmiş parlament iclası Əli Kərimlinin tənqidinə həsr olunur. Görünür, bunun üçün də kifayət qədər əsaslar var. Bu iqtidar komandasının maraqları sırasında hakimiyyəti qorumaq məsələsi hər şeydən öndə gəldiyi üçün Əli Kərimlini tənqid də bütün mövzulardan qabaqdadır.
AXCP sədri isə bu baş verənlər üçün ən ciddi əsası Fransa Senatının “erməni genosidi” haqqında qanunu müzakirəyə çıxarması və qəbul etməsinə münasibətilə yaratdı. Əli Kərimli göstərdi ki, bu məsələyə Azərbaycan liderinin münasibəti necə olmalıdır. Başlıca olaraq, bu münasibət heç də Türkiyə liderlərinin mövqeyindən geridə qalmamalıdır. Ilham Əliyevin susqunluğu bu sərt standartlı münasibətin qarşısında açıq-aşkar ifşa olundu və bu da hakimiyyəti özündən çıxartdı.
Ikincisi, Əli Kərimlinin fəaliyyətini ölkə sərhədlərində məhdudlaşdırmağı planlayan və məqsədinə çatdığını düşünən Azərbaycan hakimiyyətinin sözçüləri “Əli Kərimlinin fəaliyyəti Bakıdan o yana keçmir” bəyanatı verdiyi gün AXCP sədri Türkiyə telekanallarından birində bu hakimiyyətin daxili və xarici siyasətinin ölkəni və bölgəni hansı duruma saldığına işıq tutdu. Bu sərt sillə hakimiyyəti affekt vəziyyətdən çıxarmadı, əksinə, şoka saldı.
Üçüncüsü, Əli Kərimli Ictimai Palatanın yığıncağında aydın şəkildə bildirdi ki, “Eurovision” yarışması Azərbaycanın dövlətçilik maraqlarına xidmət etməlidir: “Azad musiqi azad insanların yaşadığı ölkədə səslənə bilər. Bu, təmin olunmasa, vicdan məhbusları azadlığa buraxılmasa, bu yarışma ölkəmizi dünyanın gözündən salacaq və biz çalışacağıq ki, bu fürsətdən istifadə edək”.
Bu açıqlamaya beynəlxalq ictimai rəyin və medianın müsbət reaksiyası da hakimiyyətin son nəfəsliyini bağlamış oldu. Bunun nəticəsində Ilham Əliyev və komandası dünyanın ən tanınmış telekanalları və mətbu orqanlarında tənqid hədəfi oldu.
Azərbaycan hakimiyyətini özündən çıxaran növbəti addım isə xalq qanı içənlərin ən son sığınacaq yeri olan yalançı millətçiliyin (vətənpərvərliyin) maskasının cırılması oldu. Əli Kərimli aydın şəkildə bəyan elədi ki, öz hakimiyyətini qorumaq üçün 33 batalyonu tərxis edib, torpaqları müdafiəsiz qoyub, düşmənə meydan verən hakimiyyətin heç bir təmsilçisinin vətənpərvərlikdən danışmağa haqqı yoxdur.
Və nəhayət, Ilham Əliyevin adının tabu olduğu bir ölkədə Əli Kərimli və komandası elə bir tənqid standartı yaratdı ki, özünə müxalifətçi deyən, bu standartlara cavab verməli oldu. Bu isə istər-istəməz Əliyevin tənqidçilərinin sayını artırdı, onun siyasəti daha kütləvi şəkildə ifşa və tənqid olundu.

Ona qarşı hansı ittihamlar var?

Əli Kərimlini ən absurd və ziddiyyətli addımlarda ittiham edən Azərbaycan hakimiyyəti əslində, özünün psixoloji sarsıntılarını ifşa etmiş olub. Bir neçə il əvvəl onu ABŞ-la münasibətlərdə ittiham edirdilər. Daha sonra birdən-birə “taktikanı” dəyişdilər. Əli Kərimlinin evinin önündə aksiya keçirməyə qədər kiçildilər və bununla da qalmayıb, onu islam terrorçuları ilə əlaqədə ittiham etdilər. “Əl-Qaidə” kimi məşhur sünni təşkilatı, “Həmas” kimi şiə qruplaşmasını, hətta Şimali Qafqazdakı sələfiləri birlikdə Əli Kərimlinin idarə etdiyini iddia elədilər. Absurdun bu qədərini özünə rəva görmək isə təbii ki, arqumentin, sözün qurtardığının göstəricisidir.

Bu cür tənqid  kimə xeyirdir?

Hakimiyyət bu addımları ilə özünə qarşı birmənalı əsas təhlükənin ünvanını narazı kütlələrə göstərməklə məşğuldur. Özləri də bilirlər ki, Əli Kərimlinin bu cür tənqidi etirazçıların onun ətrafında birləşməsinə kömək edir. Elə isə niyə belə edirlər?
Fikrimcə, artıq hakimiyyətin səbri çatmır və ağılla qərar vermək imkanını itirib. Daha doğrusu, susmaq üçün əsəbləri qalmayıb. Əli Əhmədov “Əli Kərimli dünyanı üstümüzə qaldırır” deməklə təkcə tənqid ünvanını göstərməyib. Həm də əsəblərinin hansı həddə gərildiyini ifşa etmiş olub. Bu situasiyada onun əsəbləri isə hakimiyyətin əsəblərinin təmsilçisidir.

Seymur Həzi