Lalə Şövkət Quba olayları haqda bəyanat verdi

ALP lideri Lalə Şövkət Qubada yaşanan olaylarla bağlı bəyanat verib. Bəyanatda deyilir:

Quba rayon icra hakimiyyətinin başçısı R. Həbibov Quba camaatını açıq şəkildə ağır sözlərlə təhqir etməsindən qəzəblənən dinc Quba sakinləri haqlı olaraq öz etiraz səsini qaldırıblar. Etiraz aksiyası keçirilərkən, dinc əhaliyə qarşı hakimiyyət tərəfindən zor tətbiq olunub, həbs olunanlar var.

Əslində icra başçısının təhqiramiz ifadələri, harınlaşmış məmurun artıq millətə həqarət etməsi insanların narazılığına səbəb olan aysberqinin görünən hissəsi və camaatın səbir kasasını daşdıran son damladır.

Bu iqtidarın saxtakarlığı, korrupsiyası, oğurluğu, rüşvətxorluğu, sıravi insanlara qarşı məmur özbaşınalığı və həqarəti bütün ölkədə artıq adi hala çevrilmişdir.

Quba sakinlərini ayağa qaldıran da məhz bütün ölkədə odluğu kimi tüğyan edən işsizlik və yoxsulluq, qanunsuzluq və ədalətsizlik, məmur özbaşınalığı və hüquqsuzluq, saxtakarlıq və korrupsiya, oğurluq və rüşvətxorluqdur, bunu azmış bilib millətin ləyaqətinə toxunan, milləti təhqir etməkdən çəkinməyən Quba icra hakimiyyətinin başçısının nalayiq hərəkətləridir.

Quba hadisələrinin kökü təkcə bir icra başçısının harınlaşmasında və özbaşınalığında deyil, ümumiyyətlə bu iqtidarın öz məmurlarına verilən hədsiz və qanundan kənar səlahiyyətlərində və onlar üçün yaradılan cəzasızlıq mühitindədir.

Bütün Azərbaycan xalqının narazılıq səviyyəsini dərk edərək, hesab edirəm ki, iqtidar təcili olaraq xalqın haqqını özünə qaytaran, onun insan kimi yaşamasına şərait yaradan köklü ictimai-siyasi və sosial-iqtisadi islahatlara başlamalıdır.

Qubanın icra başçısı milləti ağır təhqir etməsinə görə dərhal vəzifəsindən azad olunmalı və ümumiyyətlə hakimiyyət strukturlarından uzaqlaşdırılmalıdır.

İqtidar bu hadisələrə görə saxlanılmış və həbs olunmuş insanların təcili azad etməlidir.