Avropa Yayım Birliyindən Azərbaycanda insan haqlarının durumunun nəzərə alınması istənilir
Ölkəmizin insan haqları, o cümlədən söz azadlığının durumuna görə Qərb ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən sərt tənqid olunması Bakıda keçiriləcək builki “Eurovision” ərəfəsində bəzi iştirakçı dövlətlərdə ciddi narahatlıq yaradıb. Hollandiyanın yarışma üzrə təşkilat komitəsi “Eurovision”un rəsmi təşkilatçısı Avropa Yayım Birliyilə danışıqlara başlamaq niyyətində olduğunu açıqlayıb.
Hollandiya dövlət televiziyasının xəbərinə görə, Təşkilat Komitəsi Avropa Yayım Birliyi qarşısında Azərbaycanda insan haqları və söz azadlığının pozulmasına dair beynəlxalq təşkilatların sərt hesabatlarının nəzərə alınması məsələsini qaldıracaq. Hollandiya tərəfi “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı son hesabatından sonra bu qərara gəlib. Əlavə edək ki, həmin hesabatda Azərbaycanda insan haqları və söz azadlığının, sərbəst toplaşmaq hüququnun tanınmadığı vurğulanır.
Sənəddə o da bildirilir ki, Azərbaycan hökuməti yarışmanın keçiriləcəyi konsert kompleksinin tikintisi zamanı inşaat işlərinin getdiyi əraziyə yaxın evlərdə yaşayan sakinləri zorla mənzillərindən çıxarıb. Onların mülkiyyət hüququ tapdalanıb.
Informasiya şöbəsi