Demokratiya necə utandırır?

Yüz dəfələrcə yazdıq, etməyin-eləməyin, beş-on senatorun bir qanun təşəbbüsü üzərindən Fransaya bu qədər yüklənməyin. O təşəbbüsü tənqid edin, təpkinizi bildirin, amma bütün Fransanı düşmən kimi görməyin, başqalarına da düşmən kimi göstərməyin.
Söyləməkdən dilimiz qabar oldu: yığışdırın “Budurmu Avropa demokratiyası?”, “Gördük də Avropanın əsl üzünü!”, “Çox ”Avropa, Avropa” deyirdiniz, bu da sizə Avropa!” cəfəngiyyatlarını.
Yığışdırın, çünki sonucda siz utanacaqsınız.
Rəzil olan, üzü qızaran siz olacaqsınız.
Amma çifayda. Eşitmədiniz, dinləmədiniz.
Və buyurun: gözlənilən oldu, Fransanın Konstitusiya Məhkəməsi “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanunu demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına aykırı olması gərəkçəsiylə geri çevirdi.
Indi çıxıb dünənədək təhqir etdiyiniz Fransaya təşəkkür etməyə ürəyiniz yetəcəkmi görək? Fransa və bütünlükdə Avropa haqqında, Avropanın demokratik və hüquq sistemi haqqında zəkasızca, ağılsızca söylənən, sadəcə, saxta vətənpərvərlik, uydurma millətçilik notları üzərinə köklənmiş suçlamalarınıza görə üzünüz qızaracaqmı, vicdanınız sızlayacaqmı görək? Görək tüpürdüyünüzü yalaya biləcəksinizmi?
Ən əsası: görürsünüzmü, demokratiya adamı necə utandırır? Urpatriotizmi necə rüsvay edir?
Görürsünüzmü, demokratiya necə böyük üstünlükdür: o həm insanlara yanlış da olsa, qanunlar düzəltməyə icazə verir, həm də həmin qanunların işləkliyi qarşısına sədd çəkir.
Görürsünüzmü, demokratiya necə qiymətli bir dəyərdir: orada heç bir hüquqsuzluğun həyata keçmək, icra olunmaq şansı yoxdur. Təşəbbüslərə hörmət var, meydan var, amma sonda işləyən demokratik prinsiplərdir, hüquqdur.
Ən nəhayət: qoy indi Qənirəkimilər öz ölkələrinin Konstitusiya Məhkəməsi ilə Fransanın Konstitusiya Məhkəməsi arasında müqayisə aparıb artıq öz ayıblarımızdan, öz rəzilliklərimizdən də danışmağı öyrənsinlər. Ya da sussunlar. Sussunlar ki, demokratiya onları daha çox utandırmasın, daha çox pərt eləməsin.
Üç il əvvəl bu ölkədə Konstitusiya barmaq elədilər, oradan demokratiyanın ən təməl şərtlərindən olan, hüquqi dövlətin ən əsas prinsplərindən olan bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyəti qaldırdılar. Faktiki olaraq Respublikaçılığı ortadan qaldırdılar, yerinə monarxiyanı qoydular. Azərbaycanı çağdaş dünyanın çox gerisinə atdılar, krallıqlar dövrünə qaytardılar.
Amma bu ölkənin Konstitusiya Məhkəməsinin nə səsi çıxdı, nə vicdanı sızladı.
Üstünə üstlük, sonra bir də bu rəzaləti, 21-ci əsrdə bir ölkə üçün üzqaralığı olan bu biabırçılığı yekdilliklə təsdiqlədi.
Beləcə, Azərbaycanın artıq sayğınlığını itirmiş, kağız parçasına çevrilmiş Konstitusiyasında indi komik, bizi ağlı başında olan hər kəs qarşısında gülünc duruma düşürəcək, rəzil edəcək bir təzad əmələ gəlib: əvvəldə Azərbaycanın dövlət quruluşunun Respublika olduğu yazılır, ardınca isə bir nəfərə ömrü çatdığı, paşa könlü istədiyi qədər prezident olmaq imkanı tanınır.
Və “Xocalıya ədalət” istəyən ədalətsizlərin idarə etdiyi bir ölkənin “Konstitusiya Məhkəməsi” bu ədalətsizliyə hələ də dözür. Bu absurda, bu anormallığa hələ də dözür.
Ancaq Fransada dözmədilər. Ölkələrinin hüquqi-demokratik dövləçilik sistemini zədələyəcək, yaralayacaq, onu gözdən salacaq, onun sayğınlığını, çağdaşlığını, uyğarlığını şübhə altına atacaq bir qanunu geri çevirdi Fransanın Konstitusiya Məhkəməsi.
Buyurun, belə obyektivsinizsə…
Belə dürüstsünüzsə…
Belə adilsinizsə…
Belə həqiqət aşiqisinizsə, indi iki Konstitusiya Məhkəməsinin fərqindən də danışın.
Danışa bilmirsinizsə, dilinizi dinməz yerinə qoyun.
Yox əgər, rəzil olmaqda, rüsvay olmaqda çox israrçısınızsa, etirazımız yoxdur, davam edin. Bizə də bundan zövq almaqdan başqa bir şey qalmır zatən.  
Dörd “var”dan çıxan bir nəticə
BIR: Ilham Əliyev: “Bizim öz yolumuz var”.
IKI: Əli Əhmədov: “Bizim Qarabağ kimi dərdimiz var”.
ÜÇ: Əli Həsənov: “Xalqımızın başqasının pulunu saymamaq kimi gözəl bir adəti var”.
DÖRD: Leyla Əliyeva: “Mənim öz biznesim var”.
Nəticə: Yavaş-yavaş mətləb üstə gəlirlər.