Siyasi azadlıqların durumu ilə bağlı geniş forum keçirildi
«Hansısa ictimai fəala qarşı sui-qəsd hazırlanır»
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) dünən “Azərbaycanda siyasi azadlıqların durumu” mövzusunda ictimai forum keçirib. Forumda son illər siyasi azadlıqların müdafiəsi sahəsində yaranmış problemlər, seçki hüququ və digər siyasi hüquqlarla bağlı yerli və beynəlxalq təşkilatların fəaliyyəti, son parlament seçkilərindən sonra ölkədə yaranmış ictimai-siyasi durum və 2013-cü il prezident seçkisi ərəfəsində siyasi azadlıqların müdafiəsi yönündə təşəbbüslər, eyni zamanda Azərbaycanda ifadə azadlığı və medianın durumu müzakirəyə çıxarılıb.
Forumu SMDT sədri Anar Məmmədli açıq elan edib. O tədbirdə müzakirə ediləcək mövzuları xatırladaraq Azərbaycanda keçirilən son parlament seçkilərinin qanunsuzluqlarla yadda qaldığını deyib: “Həmin vaxtdan ölkədə siyasi vəziyyət olduqca pisləşdi. 2011-ci ildə siyasi repressiyalar daha da artdı – partiya üzvləri həbs olundu, müstəqil şəxslərin də həbsləri artdı. Hazırda siyasi səbəblərə görə həbs olunanların sayı 60 nəfərə yaxındır”.
“Həbsdə 59 siyasi məhbus var”
Hüquq müdafiəçisi Leyla Yunus da çıxışında siyasi mövqeyinə və fəaliyyətinə görə həbs edilənlərə toxunub. O bildirib ki, 2003-dən bəri hökumət ölkəni problemsiz idarə edə bilmir: “Son beş ildə gənclərə də qarşı təzyiqlər artıb. Hazırda həbsdə 59 siyasi məhbus var. Lakin onlar heç bir cinayət əməli də törətməyiblər”.
Siyasi motivlər əsasında həbs olunan məhbusların adlarını çəkən L.Yunus Nardaran, Gəncə və digər yerlərdə inanclı insanların həbsindən də danışıb: “Bu insanların yaxınlarına göstəriş verilib ki, danışmasınlar. Buna görə onları təhdid də edirlər. Çox qəribədir ki, dindarların narkotik ittihamı ilə həbsi adi hal alıb. Islam Partiyasının sədrinə 12 il iş verdilər. Bunun iki səbəbi ola bilər: birinci səbəb ondan ibarətdir ki, partiya sədri birbaşa olaraq prezidentin ünvanına sözlər demişdi. Və ya hökumət ehtimal edib ki, Möhsün Səmədovu həbs etsələr, Avropa Birliyi onu müdafiə etməyəcək. Mən hesab edirəm ki, biz bütün siyasi məhbusları müdafiə etməliyik. Möhsün Səmədov terrorçu deyil və onun evindən silah tapılmayıb”.
“Bu gün də, sabah da nə olacaqsa, bu hakimiyyət tərəfindən olacaq”
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Azərbaycanda jurnalistlərə qarşı olan təzyiqlərin, sui-qəsdlərin, hətta Rafiq Tağı ilə də bağlı olan olayın Irandan və ya başqa ölkədən idarə olunduğunu iddia edirlər. Əslində isə bu, belə deyil: “Mən həmişə demişəm, indi də deyirəm ki, jurnalistlərə qarşı olan bütün repressiyalar, bütün təzyiqlər hakimiyyət tərəfindən olan təzyiqlərdir. Bu təzyiqlər nə Irandan, nə Rusiyadan, nə Israildən – heç bir yerdən olan təzyiqlər deyil. Bu gün də, sabah da nə olacaqsa, bu hakimiyyət tərəfindən olacaq”.
Daha sonra medianın iqtisadi imkanlarından danışan M.Əliyev bildirib ki, hazırda medianın 2-3 milyon manatlıq reklam bazarı ola bilər. Lakin hakimiyyət buna imkan vermir: “Təsəvvür edin ki, ölkədə medianın 2-3 milyon manatlıq reklam bazarı olarsa nələr baş verər. Tam başqa vəziyyət yaranar. Elə məhz buna görə də bunun qarşısı alınır”.
Hüquq müdafiəçisi Arzu Abdullayeva çıxışında ölkə jurnalistikasının vəziyyətindən danışıb: “Vəziyyət olduqca ağırdır. Jurnalistlər naməlum şəxslər tərəfindən oğurlanır, təhdid olunur, döyülür. Digər tərəfdən, dünyada görünməmiş bir maaş alırlar. Sosial problemləri olduqca çoxdur”.
“Həmin siyahıda mənim də, Mehman Əliyevin də adı var idi”
A.Abdullayeva Elmar Hüseynovun qətlilə bağlı maraqlı bir məqama aydınlıq gətirib: “O vaxt Mehman Əliyev və mən həmin o siyahıda var idik. Biz bunu hiss edirdik. Sonra siyahıya başqa adamlar da əlavə olundu. Mən düşünürəm ki, o vəziyyət yenə qayıdıb. Hazırda hiss olunur ki, nəsə baş verəcək. Hansısa ictimai xadimə qarşı yenidən sui-qəsd hazırlanır”.
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli bildirib ki, hazırda medianın ən böyük problemi azad maliyyə imkanlarının olmamasıdır: “92-98-ci illərdə Azərbaycanda senzura var idi və media kifayət qədər uğurlu inkişaf etmişdi. O dövrdə reklam bazarı da kifayət qədər böyük idi. Jurnalistlərdə də daha azad yazmaq imkanları var idi. Bilirdilər ki, nəsə normal bir şey yazmasalar, senzura onu özü çıxaracaq. Senzura dövrü bitəndən sonra jurnalistlər yazdıqlarına görə həbs olunmağa başladılar. Bundan sonra da daxili senzura meydana gəldi”.
“Demokratiyanı Öyrənmə” Ictimai Birliyinin sədri Mirəli Hüseynov hesab edir ki, problemlərin kökü ölkədə siyasi partiyaların, vətəndaş cəmiyyətinin inkişaf etməməsidir: “Bir ölkədə ki, siyasi partiyalar, vətəndaş cəmiyyəti inkişaf etməyib, orada medianın vəziyyəti də normal olmayacaq. Medianın inkişafı üçün əlbəttə ki, azad maliyyə də lazımdır. Hesab edirəm ki, biz donorlara işləməliyik. Beynəlxalq donorları inandırmağa çalışmalıyıq ki, onlar azad mediaya maliyyə ayırsınlar. Qarşıdan seçkilər gəlir. Əgər o zaman azad media olmasa, bu seçkilər də normal keçməyəcək”.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı Ilqar Ibrahimoğlu çıxışında bildirdi ki, 8 ay əvvəl həbs olunmasına baxmayaraq, “Islam-azəri” saytının baş redaktoru Ramin Bayramovla bağlı heç bir beynəlxalq qurum münasibət bildirməyib: “Bizim araşdırmalarımız nəticəsində məlum olub ki, bu, daxildəki media qurumlarının onunla bağlı heç nə yazmaması ilə bağlıdır. Ona görə fürsətdən istifadə edib, həm RATI-yə, həm Mehman Əliyevə, həm digər media qurumlarına müraciət edirəm ki, Ramin Bayramovla da bağlı işlər görülsün. Ramin Bayramov ”Islam-azəri” saytının baş redaktorudur. Bu, dini sayt deyil, xəbər saytıdır. Lakin buna baxmayaraq, o, narkotik və bu kimi absurd iddialarla həbs olunub”.
Demokratiya üçün oxu!
Insan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərli “Eurovision” ərəfəsində “Sing for demokracy” (Demokratiya üçün oxu) adlı yeni bir kampaniyaya başladıqlarını bildirdi: “Oktyabr ayında Azərbaycanda BMT-nin internet forumu keçiriləcək. 50-dən artıq ölkənin nümayəndəsi burada iştirak edəcək. Bunlar da insan haqlarına biganə olan şəxslər deyillər. Hesab edirəm ki, onlarla bağlı geniş bir kampaniya başlamaq olar”(deyerler.org).