Fevralın 29-da Naxçıvan Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Zeynal Bağırzadənin mühakiməsi keçirilib. Zeynal Bağırzadə 2011-ci il dekabrın 26-da vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, bilə-bilə saxta sənədlərdən istifadə etmə və dələduzluq ittihamları ilə tutulub. İstintaqın versiyasına görə, Zeynal Bağırzadə saxta sənədlərdən istifadə edərək “Çernobıl əlili” statusu əldə edib.
Hüquq müdafiəçisi Məlahət Nəsibova “Media forum” saytına deyib ki, 29 fevral prosesi başlayan kimi vəkil Əsabəli Mustafayev Zeynal Bağırzadənin dəmir barmaqlıqlar arasından çıxarılaraq onun yanında oturdulması barədə vəsatət verib. Hakim vəsatəti təmin edib.
Prosesdə prokurorluğun beş şahidi dindirilib. Əsabəli Mustafayev şahidlər Xəqani Rəhimov və Tapdıq Həmzəyevin barəsində cinayət işinin açılması haqda vəsatətlə çıxış edib: “Xəqani Rəhimov əvvəllər hərbi komissarlıqda, Tapdıq Həmzəyev isə hərbçi işləyib. Zeynal Bağırzadənin hərbi biletindəki saxta imza və möhür bu iki şəxsin işidir. Vəkil dedi ki, əslində cinayəti bu şəxslər təşkil və icra ediblər. Amma onlar barədə heç bir tədbir görülməyib. Vəsatətə münasibət bildirən dövlət ittihamçısı isə dedi ki, prokurorluq məsələni araşdırıb və onların günahı olmadığına görə cinayət işi açılmayıb. Amma bunu əsaslandırmadı. Əsabəli Mustafayev isə bu cavabla razılaşmadı və hər iki şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə yazılı vəsatət verəcəyini dedi. Vəkilin fikrincə, bu şəxslər böhtan da ata bilərlər. Çünki onlara toxunulmazlıq verilib və cinayət məsuliyyətindən azad ediliblər”.
Şahid kimi dindirilənlərdən ikisi həkim olub. Həkimlər qeyd ediblər ki, Zeynal Bağırzadəni tibbi müayinədən keçiriblər, səhhətində ciddi problemlər olduğuna görə əlillik dərəcəsi olması üçün ona tibbi arayış veriblər. Həkimlər bildiriblər ki, sonrakı dövrlərdə də Zeynal Bağırzadə dəfələrlə onlara müraciət edib və müayinə zamanı onun səhhətində ciddi problemlər aşkarlanıb.
Prosesdə çıxış edən Zeynal Bağırzadə deyib ki, təcridxanada ciddi təzyiqlərlə üzləşib, ona işgəncə verilib. Nəticədə eşitmə, görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşib, hafizəsində problemlər yaranıb: “Hətta dedi ki, həyatına ciddi təhlükə indi də qalır və onu öldürə bilərlər”.


