Xocalılıları sevib, qubalılara “satqın” demək mümkündürmü?

Azərbaycan hakimiyyətini təmsil edənlərin Xocalı yanğısına ürəkdən inanmaq istərdik. Amma necə inanaq? Hörmətli Xaliq Bahadırın dünən “Azadlıq”da çıxan çox dürüst yazısından sonra nəsə yazmağa da ehtiyac qalmır. Bu adamlar Xocalı dərdi ilə yanan olsaydılar, rüşvət almazdılar, bu ölkəni talamazdılar, qanunları pozmazdılar. Insanları evlərindən, ölkələrindən didərgin salmazdılar. Azərbaycanın gələcəyinə bir əngəl olmazdılar. Axı Xocalını sevənlər başqalarını niyə sevməsinlər?
Dünən yenə də Bakıda insanları evlərindən zor gücü ilə çıxarıb küçəyə atdılar. Almaniyanın 49 milyon xərclədiyi “Eurovizion”a 400 milyon dollar sərf edən bu hakimiyyət  insanları evlərindən çıxararkən onları qane edən məbləği ödəmək istəmir. Hələ ötən il Ilham Əliyev Kür daşqını ilə bağlı müşavirədə adamların sökülən evlərinə görə çox pul istədiyinə şəxsən münasibət bildirmiş, bunu qəbul etmədiyini söyləməkdən çəkinməmişdi. Sanki adamlar onun şəxsi pulunu istəyirmiş. Xalqın pulunu da xalqa vermək istəmirlər. Amma özləri talan edirlər bu pulları. Azərbaycan xalqına məxsus hakimiyyətə sahib çıxıb, əl çəkmək istəməyən bir adam dərk etmir ki, evləri adamların şəxsi mülküdür, satmaq istəmirlərsə, çıxmaq istəmirlərsə, bu, onların haqqıdır.
Odur ki, Ictimai Palatanın YAP-a zəng edib (cavab mənfi olsa da!) birgə Xocalı yürüşü etmək təklif etdiyini eşidəndə izah tapa bilmədim. Siz onlara yox, onlar sizə zəng etməlidir. Onlar xalqa müraciət etməlidir. Bəlkə Siz doğrudan da bunların Xocalı yanğısına inanırsınız? Bəlkə bunların korrupsiyaya qarşı mübarizə ritorikasına da inanaq? Bəlkə hələ Pənah Hüseynlə, Qənirə Paşayeva ilə xaricə gedəydik?   
Bu, Xocalı uğrunda döyüş deyil, talançı və yalançı hakimiyyətin bir şousudur. Guya ildə bir gün bir yerdə yürüyəndə milli birlik olur? Bəli, milli maraqlar naminə hər şeyi güzəştə getmək olar. Bütün olanları da unutmaq olar, barışmaq da olar. Amma bu, yalnız və yalnız yeni gələcəyin başlaması naminə olmalıdır. Şou üçün yox. Yeni gələcəyin başlaması üçün onların öhdəliyi də olmalıdır. Əks halda bu, doğrudan da şouya uymaqdır.
Şou isə hər gün davam edir. Bəlkə də fevralın 26-da ölkəmizdə rüşvət orucluğu da oldu, amma artıq hər şey yenidən davam edir. Var gücü ilə, öz axarı ilə.
Qayıdaq Quba mövzusuna. “Youtube” video portalında Quba rayonunun icra hakimiyyətinin başçısı Rauf Həbibovun “tarixi” videosu yayılıb. Video 21 noyabr 2011-ci ildə H.Əliyev Mərkəzində keçirilən toplantıda çəkilib. Bu təhqiramiz videoya baxanda həqiqət çox aydınca görünür. Görün, bizim şanlı ölkəmizdə harınlıq hara qədər uzanıb.
Tribunadan çıxış edən Rauf Həbibov deyir: “Qubalılar Qubanı satıb, 30-40 manat bazarlığa satıblar. Müəyyən nankor Qubalılar tərəfindən satılıb. Solunuza, sağınıza baxın, görün hansı insanlarla bir yerdə oturursunuz. Baxın, görün, qubalılar həm öz xalqını satıb, həm öz dövlətini satıb, həm öz ailəsini satıb… Gedib müəyyən qruplara qoşulur, ağzına gələni danışır, nə var, nə var evinə 30-40 manatlıq bazarlıq gətirirlər…”.
Daha sonra videoda icra başçısının rayondakı bahalı mülkləri göstərilir. Bunlar sənədlərlə sübut olunmasa da, ünvanı qeyd edilən villalar başqasına məxsus olduğu halda, icra başçısının adına çıxılmazdı.
Həmin videoya şərh yazan qubalılar isə bu təhqiramiz çıxışa bərk qəzəbləndiklərini söyləyirlər. Amma bu çıxış təkcə qubalılara qarşı təhqir deyil. Bütün Azərbaycana qarşı təhqirdir. Bu deyilmi Xocalı sevgisi ilə ortaya düşənlərin gerçək mahiyyəti?