ABŞ-ın nüfuzlu telekanallarından biri olan “CNBC” fevralın 23-də YAP iqtidarının gerçək mahiyyətini dünyaya anlatdı. 10 dəqiqə 41 saniyəlik bir reportajı izləmək üçün 70 minə yaxın Azərbaycan vətəndaşı yalnız “Azadlıq” qəzetinin internet səhifəsinə daxil oldu. Ən maraq doğuran cəhət odur ki, dünya rejim barəsində, konkret olaraq Azərbaycan prezidenti Ilham Əliyev və ailə üzvləri haqqında deyilənləri bu iqtidarın heç bir vaxt saya salmadığı humanitar təşkilatlar, insan haqları institutları tərəfindən deyil, ABŞ kimi super bir dövlətin yüksək reytinqli iki-üç telekanallarından birinin dilindən eşitdi.
Hər hansı Qərb dövlətində, hətta qardaş Türkiyə Cümhuriyyətində analoji olay təzahür etsəydi, nə baş verərdi? Dövlət başçısı ya dərhal açıqlama verər, ya da ISTEFA ərizəsini yazmağı lazım bilərdi.
Təbii ki, bunların heç birini Ilham Əliyev etməyəcək, səbəbini Azərbaycanda hər kəs bilir. Kimdir Azərbaycanda ictimai rəyə sayğı göstərən, kimdir xalqı saya salan.
Xatırladıram, prezident Ilham Əliyevin uşaqları üçün Dubayda aldığı villalar barədə birinci dəfə “Vikiliks” yazanda bəzi dövlət yetkililəri, YAP funksionerləri dərhal meydana atılaraq faktı açıqlayan mənbənin qeyri-ciddiliyini bəyan etdilər. ABŞ-ın ən nüfuzlu və populyar “Vaşinqton Post” qəzeti 2010-cu ildə prezident Ilham Əliyevin Dubayda sahib olduğu mülklər barədə yazandan sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mətbuata maraqlı bir açıqlama vermişdi:
“…ÿIlham Əliyevin ailəsinin gəlirləri tək maaşı ilə formalaşmır. Əvvəla, Ilham Əliyev 94-cü ildə ARDNŞ-ə işə gələnə qədər böyük bizneslə məşğul olurdu. Bunu hamı bilir, onun tərcümeyi-halında da yazılıb. O, Moskvada da böyük bizneslə məşğul olub, Türkiyədə də. Bütövlükdə Ilham Əliyev hakimiyyətə gələnə qədər ona məxsus olan biznes strukturları, biznes qurumları, obyektlər prezident olandan sonra dondurulmayıb ki. Bunların başında kimsə oturub işləyir və onun ailəsinə gəlir gətirir. Ona görə də Ilham Əliyevin həddi-buluğa çatmış uşaqları da bizneslə məşğul ola bilər. Onun dövlət qulluğunda üzərinə məhdudiyyət qoyulmuş qohumları, yaxınları istisna olmaqla, başqaları da bu işlə məşğul ola bilər. Ilham Əliyevin ailə üzvlərinə həmin bu qohumlardan kimsə obyekt də ala bilər. Onun ailə üzvlərinə hansısa qiymətli hədiyyə də eləyə bilər. Burda qeyri-adi heç nə yoxdur. Əgər bunu kimsə Ilham Əliyevə qarşı kampaniyaya çevirmək istəyirsə, o, yanılır. Azərbaycan xalqı belə kampaniyaları dəstəkləməyib, dəstəkləməyəcək də. Ümumiyyətlə, Azərbaycan xalqının bir gözəl tarixi adət-ənənəsi var ki, özgənin pulunu saymazlar”.
Əli müəllim “CNBC” telekanalında gedən reportajı şübhəsiz ki, izləyib. Və bu dəfə onun mətbuata dövlət başçısını müdafiə etmək üçün nələr deyəcəyi maraq doğurur. Işdir, Əli Həsənov iki il əvvəl dediklərini təkrarlayıb və sonda da xatırlatsa ki, “Azərbaycan xalqının bir gözəl tarixi adət-ənənəsi var ki, özgənin pulunu saymazlar”, o zaman hörmətli professorun nəzərinə çatdırıram ki, Ilham Əliyev indiyə qədər özünün biznes strukturlarının varlığı barədə bir söz söyləməyib. Digər tərəfdən, Azərbaycanın hər bir vətəndaşının ölkə prezidentinin mal varlığı barədə informasiyalı olması heç də tarixi adət-ənənəyə və qanunlara zidd deyil. Nədən ki, dünyanın sivil ölkələrinin hər birində vətəndaşın nəinki dövlət başçısının, hətta, sizin vəzifəni daşıyan şəxsin də gəliri barədə məlumat əldə etmək hüququ var və əsla burada qəbahət sayılası bir şey yoxdur. Qəbahət sayılası odur ki, vətəndaş dövləti kimlərin necə idarə etməsinə maraq göstərmir. Dövlət axı vətəndaşındır və o dövlətin başında dayanan da “özgə” sayıla bilməz. Məgər Azərbaycan quldarlıq dövrünü yaşayır ki, qulların quldarların işlərinə qarışmağa haqqı çatmasın?
ABŞ “CNBC” telekanalı vasitəsi ilə Azərbaycanda başları qarışdırdı. O Azərbaycanda ki, DÖVLƏT rüşvətxor və korrupsioner bir zümrənin çarpaz atəşi altındadır. Belə bir vəziyyətdən dövlətin itkisiz qurtuluşu çox-çox çətindir.
Bax, bu barədə düşünmək lazımdır. Cəmiyyətin çox ciddi düşünməsi lazımdır.
Vaşinqton öz sözünü dedi. Növbə kimindir? Bu sual da cəmiyyətə ünvanlanır.

Vaşinqton sözünü dedi, növbə kimindir?
•