Bir neçə il əvvələdək Azərbaycanda çoxlarının xəyalı prezidentlik idi. Siyasətçilərdən də getmir söhbət. Sıravi insanlar belə, prezidentlik xəyalları qurmağı sevirdilər. Uşaqlar “Böyüyəndə kim olacaqsan?” sualına bir ağızdan, qürrələnərək “Prezident!” deyə cavab verirdilər.
Sanki bu ölkədə prezidentlikdən başqa vəzifə yox idi. Sanki onlara nazir olmaq təklif edilsəydi, əllərinin arxası ilə geri çevirəcəklərmiş kimi.
Hətta şikayətlənənlər belə, vardı: “Heç kim həkim, müəllim, mühəndis olmaq istəmir, hamının gözü prezidentlikdədir”.
Oysa, burada təəccüblənəcək, qəribçiliyə salınacaq bir şey yox idi. Hamı başa düşürdü ki, həkim, müəllim, mühəndis olmaq heç nəyə yaramır, əvvəlcə bu ölkəyə insanların həkimliyə, müəllimliyə, mühəndisliyə sayğısını, marağını artıracaq, həkim, müəllim, mühəndis olmağın ələbaxanlıqla, cüzi maaşın ümidinə qalmaqla assosiasiya olunmadığı bir ortam yaradacaq prezidentə ehtiyac var. Indi hamı özünü məhz belə bir prezident kimi görürdüsə, bunun özü də pis şey deyildi – vətəndaş təşəbbüskarlığından, vətəndaş yanğısından xəbər verirdi.
Amma bu gün baxırıq, bu ölkədə prezidentlik əvvəlki populyarlığını, sayğınlığını, cəzbediciliyini itirib. Indi prezident olmağı arzu belə, etmək nadir hadisədir. Prezidentlik xəyalı quranlar belə, tək-tükdür.
Məncə, bunun üç sadə səbəbi var:
BIR: Ilham Əliyev özündən geriyə elə darmadağın olunmuş, ruhu, qəlbi, mənəviyyatı elə zədələnmiş, yaralanmış Azərbaycan buraxır ki… Ilham Əliyevdən geriyə elə ağır dərdlər, həll olunması elə çətin problemlər qalır ki, artıq kimsə ağrısız başını ağrıtmaq istəmir. Bəli, Ilham Əliyevdən sonrakı Azərbaycana rəhbərlik etmək üçün şir ürəyi yemək lazımdır. Zarafat deyil, hər şeyi sıfırdan başlamaq lazım gələcək, məşəqqətli işdir, həqiqətən məşəqqətli işdir. Və hələ də prezidentlik arzularını, istəklərini saxlayanlar bu mənada alqışa layiqdir.
IKI: Konstitusiyaya edilən çirkin dəyişiklik. Monarxiyanın rəsmiləşdirilməsi. Azərbaycanın “ömürlük prezidentlik” referendumu ilə faktiki olaraq, krallığa çevrilməsi. Bir çoxları bununla özlərinin ən ümdə xəyallarından birinin üstündən xətt çəkdilər. Azərbaycanın qiyamətəcən bunlara qalacağı kimi yanlış bir düşüncəyə qapıldılar. Oysa, heç dünya Süleymana qalmamışdı…
ÜÇ: Ilham Əliyevin yanlış, xalqdan qopuq, xalqdan qidalanmayan, zora və pula dayanan, ailə və ailə dostlarının maraqlarına hesablanan hakimiyyətinin prezidentliyə ictimai qıcıq, ikrah, qəzəb yaratması. Möhtərəmin sayəsində prezidentliyin haqsızlıqla, zülmlə, ədalətsizliklə assosiasiya edilməsi.
Bir sözlə, biz zati-alilərinin prezident postunda oturub Azərbaycanın bu gününə, gələcəyinə vurduğu zərbələrdən danışırıq.
Oysa nə əcaibdir ki, möhtərəm ən böyük zərbələrdən birini elə prezidentliyin özünə vurmuşdur.
Nizami Cəfərovun Mirbəşir Qasımova haqsızlığı
Bakıda əski kommunistlərdən, Müsavat hakimiyyətinə qarşı üsyanın təşkilatçılarından Mirbəşir Qasımovun adına küçə olduğu ortaya çıxıb, buna deputat Nizami Cəfərovdan münasibət öyrəniblər.
O da deyib ki, “müstəqilliyimizə qarşı çıxanların adları küçələrdən yığışdırılmalıdır”.
Gözəl!
Amma Nizami Cəfərov gərək onu da deyəydi ki, kim yığışdıracaq? Elə onun özü müstəqilliyimizin ilk memarı Müsavatı buraxaraq gedib Milli Məclisdə müstəqilliyin əleyhinə səs verənlərlə bir sırada oturmurmu? Oturur, eybi yox, bəs onların Milli Məclisdən yığışdırılmasını niyə tələb etmir?
Tələb etmir, yenə eybi yox, bəs müstəqilliyin əleyhinə səs verən Arif Rəhimzadəyə “Şöhrət” ordeni verib, amma müstəqilliyin lehinə səs verən Arif Hacılının şərlənərək dəmir barmaqlıqlar ardına göndərilməsinə niyə səssiz qalır?
Qısası, gərək Nizami müəllim ondan Bakıda hələ də Mirbəşir Qasımovun adına küçə olmasına münasibətini öyrənən jurnalistə “pardon” deyib, telefon qapadaydı, heç nə deməyəydi.
Çünki indi Mirbəşirin qarasınca danışır, amma Mirbəşir sağ olsaydı, bu gün yüz faiz Milli Məclisdə oturardı, Nizami müəllim də buna səssiz qalardı.
Bu gün Arif Rəhimzadəyə, Zeynəb Xanlarovaya səssiz qaldığı kimi…

Prezident olmaq istəyənlər niyə azaldı?
•
•