Əhmədlidə 200 metrə yaxın torpaq sürüşməsi sakinləri qorxuya saldı
“Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə sahəsində aktivləşmə müşahidə olunub. Orada 4 blokdan ibarət sürüşmə kütləsi yaranıb. Çatların uzunluğu 160-180 metr, eni bir və bir metr yarıma qədər, dərinlikləri isə 2 və 4 metr arasındadır. Sürüşmə kütləsi Gəncə prospekti istiqamətində hərəkət edib”. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.
Onun sözlərinə görə, ərazidə boyük oturma oyuqları müşahidə olunub: “Sürüşmə yanvar və fevral aylarındakı güclü yağışlardan sonra sürüşmə kütləsinin islanması nəticəsində baş verib. Ərazidə yaranmış çatlar cil vasitəsilə doldurulmazsa, növbəti yağışlar nəticəsinə müəyyən fəsadlar yarana bilər”.
Şaiq Niftiyev deyib ki, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri ərazini nəzarətə götürüb: “Mayaklar üzərində dayanmadan müşahidələr aparılır. Hələlik sürüşmənin dinamikasında inkişaf müşahidə olunmur. Irəliləyiş olsa, bu haqda aidiyyəti dövlət qurumlarına məlumat veriləcək”.
Baş mühəndisin sözlərinə görə, sürüşmənin ərazidəki fərdi yaşayış evlərinə və 9 mərtəbəli binalara heç bir təsiri olmayıb: “Yalnız yuxarıda yerləşən bir 3 mərtəbəli fərdi yaşayış evinin pilləkən hissəsində çatlar yaranıb”.
Ötən gün hadisə yerində olduq. Gəncə prospekti 64 saylı binanın arxasındakı təpədə böyük çatların əmələ gəlməsi sakinləri təşvişə salsa da işbazlara heç bir maneə törətmir. Ətrafda yaşayanlar deyirlər ki, hər beş-altı ildən bir sözügedən ünvanda sürüşmə olur: “Bir neçə il öncə yaxınlıqdakı binanın yanında sürüşmə oldu. O vaxt orada zabitlər yaşayırdı. Onları başqa ünvanlara köçürtdülər. Bir müddət keçəndən, yəni sürüşmənin izi-tozu itdikdən sonra həmin binadakı mənzilləri satışa çıxartdılar. Hazırda bütün mənzillər alınıb. Insanların həyatına hər an təhlükə ola bilər. Ancaq heç bir tədbir görülmür. Bir-iki nəfər mülki geyimli əraziyə baxış keçirdi. Dedilər ki, narahat olmayın, hər şey yaxşıdır. Ancaq sürüşmə ilə bağlı konkert heç nə etmədilər. Sürüşümənin uzunluğunu, enini ölçüb çıxıb getdilər”.
Biz ərazidə olanda sürüşmədən azca yuxarıda ev tikilirdi. Düzdür, tikinti hələlik müvəqqəti olsada dayandırılmışdı. Ancaq bir müddətdən sonra tikiləcəyi güman edilir. Tikiliyə nəzər saldıqda açıq görünür ki, sürüşmə bünövrənin ətrafını uçurub. Bundan başqa, sürüşmənin yaxınlığında bir neçə villa və obyektlər də tikilib.
Aldığımız məlumatlara görə, ərazidə problemlər olsa da, torpaqlar çox sakit şəkildə satışa çıxarılaraq mənzil tikilir.
Sakinlər deyirlər ki, onların problemləri təkcə sürüşmə ilə bitmir: “Neçə ildir ki, binaların ”padval”ları su basıb. JEK-ə, icra hakimiyyətinə müraciət etsək də, heç bir nəticə yoxdur”.
Ramin DEKO