İP mitinqləri müzakirə etdi

Koordinasiya Şurasının növbəti iclası keçirildi

Ictimai Palatanın Koordinasiya Şurasının növbəği iclası keçirilib. Koordinasiya Şurasının üzvü, tanınmış publisist Mehriban Vəzirin “Azadlıq”a verdiyi məlumata görə, iclasda əvvəlcə Xocalı faciəsi ilə bağlı fevralın 25-də Ictimai Palatanın keçirdiyi tədbir və fevralın 26-dakı “Xocalı yürüşü” müzakirə olunub. Daha sonra Fransa Konstitusiya Məhkəməsinin erməni “soyqırımı” ilə bağlı inkar qanununun ləğv etməsi müzakirə olunub. “Nəhayət ədalətli mövqeyin qalib gəlməsi təqdir olunub”, – deyə Mehriban Vəzir bildirib.
Iclasda, həmçinin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı müzakirələr aparılıb: “Martın 2-də Elmar Hüseynovun qətlinin 7-ci ildönümüdür. Indiyə qədər istintaqın yerində sayması bu hadisə ilə bağlı məlum şübhələrin əsaslı olduğunu göstərir”.
Koordinasiya Şurasının üzvü əlavə edib ki, iclasda Ictimai Palatanın 8 aprel mitinqinə hazırlıq, siyasi məhbuslara qarşı təzyiqlər, dindarların həbsi, gənclərin 4 mart aksiyası müzakirə mövzusu olub. Eyni zamanda Ictimai Palatanın regional təşkilatlarına qarşı başlanan təzyiqlərə toxunulub: “Xüsusilə Ictimai Palatanın Göyçay və Ismayıllı təşkilatlarına ciddi təzyiqlər var. Koordinasiya Şurasının Ismayıllı təşkilatının üzvü Məzahir Şahvələdovun müraciəti daxil olub. Bəlli olub ki, ona qarşı ciddi basqılar var. Hətta onun Ismayıllıda yaşamasına belə, problemlər yaradırlar”.
Iclasda, həmçinin martın 10-da Ictimai Palatanın sessiyasının çağırılması qərara alınıb.