Mitt Romni Miçiqan və Arizonadakı mühüm praymerizləri qazandı
ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkiləri öncəsi Respublikaçıların vahid namizədi olmaq uğrunda yarış davam edir. Hazırki prezident Barak Obamaya rəqib olmağa ən şanslı namizəd hesab edilən Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni Miçiqan və Arizona praymerizlərində də qələbə qazanıb. Romni Miçiqan ştatında səslərin 41, Arizona da 47 faizini qazanıb. Hər iki ştatda keçirilən praymerizlərdə keçmiş qubernatordan sonra Pensilvaniya ştatından seçilmiş keçmiş senator Rik Santorum ikinci yeri tutub.
Ekspertlər Miçiqan və Arizona praymerizlərini Respublikaçılar üçün ən əhəmiyyətli seçki yarışı adlandırıb. Praymerizlərdən sonra şərhçiləri bildirirdilər ki, bu iki ştatda baş tutacaq seçkilərdə Obamanı məğlub edəcək rəqib müəyyənləşəcək. Əlavə edək ki, ABŞ prezident seçkilərində Respublikaçıların namizədi ola bilmək üçün namizədlərin bu ilin avqustunda keçiriləcək Baş Assambleyanın toplantısına qədər ən az 1114 nümayəndənin dəstəyini qazanması gərəkdir. Miçiqan və Arizona praymerizlərinə qədər Mitt Romninin 123, Rik Santorumun 72, Nyut Qinqriçin 32 və Ron Paulun isə 19 nümayəndə səsi var idi.
İnformasiya şöbəsi


