«GEN» MMC şirkətinin aldatdığı vətəndaşlar Ilham Əliyevlə görüşmək istədi; yolu bağlamağa cəhd oldu
Prezident Administrasiyası sakinlərlə qaçdı-tutdu oynayır…
Prezident Administrasiyasının (PA) qarşısında ötən gün “GEN” MMC tikinti şirkətinin aldatdığı qurbanlar yenidən etiraz aksiyası keçirdi. 2006-cı ildən dövlət orqanlarına müraciətlər olmasına baxmayaraq, vətəndaşların problemi hələ də, həllini tapmayıb.
Ilham Əliyevin qəbuluna düşmək üçün…
Etiraz aksiyaları keçirməkdə israrlı olan sakinlər hər dəfə PA önünə toplaşaraq haqlarını tələb edirlər. Hər dəfə şüarlarla haqlarını tələb edənlər bu dəfə də ənənəyə sadiq qaldılar. Əllərində “GEN”, “Pulumuz”, “Evimiz” şüarları yazılmış plakatları ilə sakinlər Ilham Əliyevlə görüş tələb etdilər.
Həmişəki kimi əraziyə gələn polis qüvvələri isə vətəndaşları qovmağa başladı. Aksiyada 100-ə yaxın qurban iştirak edirdi. “GEN” MMC-dən zərər çəkmiş Fəridə Ələkbərova bildirdi ki, dövlət onların pulunu ödəməlidir: “Elbrus Əliyev kim idi? Onun heç evi yox idi, kirayə yaşayırdı. Ona tikintiyə icazə verən hökumət indi haqqımızı verməlidir. Biz bütün hüquq-mühafizə orqanlarından keçmişik. Hacıbala Abutalıbov bizi aldadır, Baş Prokurorluq bizi qəbul etmir. Bizi Ilham Əliyev qəbul etsin. Xoşumuzdan bura yığışmırıq. 6 ildir ki, bizi süründürürlər, incidirlər. Nəyin bahasına olursa-olsun pulumuz qaytarılsın”.
Başqa bir qurban Afət daha alovlu çıxış etdi: “Biz artıq neçə ildir ki, bura gəlirik. Necə olur bizim səsimizi eşitmirlər? Buradakı vətəndaşların tək istəyi pulların qaytarılmasıdır. Hökumətdən ayrı tələbimiz yoxdur, dövlətin büdcəsindən pul istəmirik”.
Çıxışın ardınca polis aksiyaçıları qovmağa başladı. Bu zaman vətəndaşlarla asayiş keşikçiləri arasında qarşıdurma yarandı. Vəziyyətin idarəolunmazlığını görəndə PA-dan aksiyaçılara bildirdilər ki, bir nəfəri qəbul edə bilərlər. Zərərçəkənlərin razılığı ilə qəbula Fəridə Ələkbərova getdi. Bir neçə dəqiqədən sonra geri qayıdan vətəndaş heç bir nəticə əldə olunmadığını söylədi: “Qəbul şöbəsinin müdiri Hafiz müəllim qəbul etdi. Fuad Ələsgərovla görüşmək niyyətində olduğumu söylədim. O, bunun mümkün olmadığını, yalnız köməkçilərinin qəbul edəcəyini bildirdi. Biz artıq bezmişik, yalnız Ilham Əliyevin qəbuluna düşə bilən işçilərlə görüşmək istəyirik”.
Etiraz aksiyasının sırası genişlənir
Görüşdən sonra payçılara bildirildi ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla əlaqə saxlanılıb və gedib onunla görüşsünlər. Ancaq məlum oldu ki, PA-da vətəndaşları aldadıblar. Meriyada aksiyaçıları nəinki Abutalıbov, ümumiyyətlə, kimsə qəbul etmədi. Bundan sonra etirazçılar “Hacıbalaya istefa!” şüarları səsləndirib, yolu bağlamağa çalışdılar. Polis aksiyaya burada da müdaxilə etdi.
Çarəsiz qalan sakinlər növbəti aksiyanı martın 6-na təyin etdilər. Onlar xarici ölkə səfirliklərinə də müraciət edəcəklərini vurğuladılar.
Vətəndaşların bildirdiyinə görə, növbəti aksiyada “Ələsgəroğlu” MTK və “Fuad Ltd” MMC firmalarının qurbanları da iştirak edəcək: “Martın 6-dan daha geniş miqayaslı və izdihamlı aksiya olacağı gözənilir. Vəziyyət dözülməz həddə çatıb. Kim nə istəyir onu da edir. Bizi dinləyən yoxdur. Bizimlə siçan-pişik oyunu oynayırlar. Pulumuzu, ya da evimizi almayınca geri çəkilən deyilik”.
Xatırladaq ki, “GEN” MMC işində 400-ə yaxın vətəndaş aldadılıb. Külli-miqdarda vəsait mənimsənilib, şirkət rəhbərliyi həbs olunub. Mənzil almaq istəyənlərin isə pulu 6 ildir qaytarılmır.
Ramin DEKO