Fuad Qəhrəmanlı: «Azərbaycan 2003, 2005-ci illərdəki kimi demokratik dəyişikliklərin astanasında olacaqsa, beynəlxalq birliyin dəstəyi daha güclü olacaq»
ABŞ dövlət katibi Hillari Klinton Şimali Afrikaya səfəri çərçivəsində Əlcəzairdə olarkən bir sıra mühüm mesajlar verib. ABŞ-ın Yaxın Şərqdə, həmçinin Şimali Afrika ölkələrində baş verən demokratik dəyişikliyi dəstəklədiyini bildirən H.Klinton vurğulayıb ki, Şərq xalqları demokratiya ilə bağlı qərarlarını özləri verməlidir və onlar bu imkanı əldə etməyə layiqdir. Ekspertlər hesab edir ki, ABŞ rəsmisinin Əlcəzairdə səsləndirdiyi bəyanat “Ərəb baharı”nın yalnız anti-demokratik rejimlərin devrilməsilə yekunlaşmayacağına, yeni və daha dinc demokratik dəyişikliklərin başlanğıcına işarədir. Bəs səslənən mesajlardan Azərbaycanın payına nə düşür? Ümumiyyətlə H.Klintonun növbəti inqilab çağırışını necə qiymətləndirmək olar?
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı hesab edir ki, Klintonun açıqlaması kifayət qədər ciddi mövqenin ifadəsidir. Artıq Qərb dünyasının bu bəyanatda olduğu kimi dünyada demokratik dəyərlərin möhkəmlənməsi mövqeyindən çıxış etdiyini deyən F.Qəhrəmanlı bildirdi ki, ənənəvi olaraq Şərqə xas olan avtoritar rejimlər artıq Şərqin siyasi obrazı kimi qəbul olunmur: “Şimali Afrika ölkələrində baş vermiş demokratik dəyişikliklər onu göstərir ki, demokratiya artıq doğrudan da ümumbəşəri bir dəyərdir, onu hər hansı coğrafi ərazi ilə məhdudlaşdırmaq mümkün deyil. Artıq dünya elə bir mərhələyə çatıb ki, mübarizə aparan xalqların hüquqları tanınmalıdır. Hansı xalq öz haqları uğrunda mübarizə aparacaqsa, ona dəstək veriləcəkdir. Çünki indiyə qədər belə bir yanaşma var idi ki, sabitlik, təhlükəsizlik maraqları naminə xalqların səsi beynəlxalq aləmdə eşidilmirdi. Yalnız xalqların iradəsi daxildə qalib gəldikdən sonra bir fakt kimi qəbul olunurdu. Amma indiki yeni mərhələdə isə xalqlar bir növ stimullaşdırılır. Demokratik dəyişikliklərin baş verməsi üçün mübarizədə daha fəal iştirak etməli olduqları aşılanır. Bu da onunla bağlıdır ki, artıq Qərbdə də qəbul edirlər ki, demokratik dövlətlər arasında anlaşma daha asandır. Sivilizasiyalar arası qarşıdurmanı demokratik prosesləri dəstəkləməklə aradan qaldırmaq olar. Əks təqdirdə qarşıdurmalar, təhlükələr qaçılmazdır”.
F.Qəhrəmanlı hesab edir ki, H.Klintonun mesajından demokratiya uğrunda mübarizə aparan Azərbaycan cəmiyyətinə də pay düşür. Əgər qarşıdakı mərhələdə cəmiyyətimiz daha fəal şəkildə demokratik mübarizədə iştirak edəcəksə, 2003, 2005-ci illərdəki kimi demokratik dəyişikliklərin astanasında olacaqsa, artıq bu zaman beynəlxalq birliyin dəstəyi daha güclü olacaq: “Bu günə qədər Azərbaycandakı demokratiya uğrunda mübarizənin uğurla nəticələnməməsinin səbəbi o olmuşdu ki, həlledici məqamlarda Azərbaycana beynəlxalq birliyin dəstəyi ifadə olunmamışdı. Müşahidələr onu göstərir ki, beynəlxalq birlik proseslərə cəmiyyətimizin özündən daha fəal formada müdaxilə edir. Azərbaycan hakimiyyətinə yönəlik təzyiqlərin artması, onun avtoritar mahiyyətinin ifşa olunması onu göstərir ki, beynəlxalq birlik də artıq siyasətində korrektələr edib. Hazırda Azərbaycan cəmiyyətinin ümidsizlikdən çıxıb beynəlxalq ab-havaya uyğunlaşmasına ehtiyac var. Bu paralelliyə nail ola bilsək, əminəm ki, Azərbaycanda demokratik dəyişikliklərə nail olmaq mümkün olacaq”.
Hikmət



