“Hökumət Əli Kərimlinin nüfuzundan ciddi narahatdır”

Gözəl Bayramlı: «Qara piar» aparmaq əvəzinə Qərb mediasının haqlı qınaqlarına cavab versinlər»

YAP rəsmiləri, hakimiyyətin nəzarətində olan mətbuat orqanları AXCP sədri Əli Kərimlinin əleyhinə əməlli-başlı kampaniya başladıblar. Əvvəlcə YAP-ın icra katibi Əli Əhmədov müsahibə verərək Ə.Kərimlini son zamanlar nüfuzlu beynəlxalq KIV-lərdə Azərbaycanla bağlı neqativ tonlu  məqalələrin artmasının səbəbkarı kimi göstərdi. Və AXCP sədrini ölkənin imicinə xələl vuran bəyanatlar, yalanlar səsləndirməkdə günahlandırdı.
 Daha sonra YAP icra katibinin müavini Siyavuş Novruzovdan oxşar məzmunlu açıqlama gəldi. Ən sonda isə hakim partiyanın rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” fəaliyyətə keçdi. Qəzetin son sayında dərc olunan və Ə.Kərimlini qaralamağa hesablanan məqalədə arqumentsizlikdən, hətta etik normaları da aşıb təhqir və böhtana keçiblər.
AXCP sədrinin müavini Gözəl Bayramlı hesab edir ki, Azərbaycanla bağlı gerçəklərin dünya mediasında ictimailəşməsi hakimiyyəti ciddi şəkildə qıcıqlandırıb: “Hökumət dünya mətbuatının qoyduğu arqumentlərə cavab vermək əvəzinə Əli Kərimlinin əleyhinə kampaniya aparır. Deməli dünya mediasının yazdıqları qarşısında acizdirlər. Onlara cavab verməyə sözləri və üzləri yoxdur. Ona görə də daxildə düşmən axtarışındadırlar. Müxalifətin vəzifəsi ölkə daxilindəki neqativ halları yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Əli Kərimli də bunu deyir. Hakimiyyət isə istəyir ki, onun əleyhinə heç kim heç nə deməsin”.
G.Bayramlı deyir ki, YAP-ın bir narahatlığı da Əli Kərimlinin cəmiyyətdə nüfuzunun artmasıdır. Əli bəyin artan nüfuzuna xələl gətirmək üçün də belə açıqlamalar verirlər. Halbuki onların bu sözləri deməyə heç haqları yoxdur. Müxalifəti vətənpərvər olmamaqda ittiham edirlər. Baxmayaraq ki, Əli bəy demiş, onların vətənpərvərlik maskası çoxdan düşüb. AXCP-nin və onun rəhbərliyinin əleyhinə “qara piar” kampaniyası aparmaq əvəzinə Qərb mediasının haqlı qınaqlarına cavab versinlər”.

Hikmət