Polislər köçkün qadını döyərək xəstəxanalıq ediblər
Goranboy polisləri Kəlbəcərdən olan məcburi köçkün Səbinə Nəsirova və həyat yoldaşı Mərdan Nəsirovu ölümcül döyüblər. Bu barədə “Azadlıq”a Mərdan Nəsirov məlumat verib. Onun sözlərinə görə, dünən saat 11.00-da Goranboy Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı onların məskunlaşdığı Göygöl rayonunun Murovdağ qəsəbəsinə gələrək qaynı və həyat yoldaşını şöbəyə aparıb.
Mərdan Nəsirov bunun səbəbini bilmədiyini deyib. Şöbənin qarşısında polis əməkdaşlarından biri Səbinə Nəsirovaya əli ilə zərbə endirib. Zərbə nəticəsində Səbinə Nəsirova yerə yıxılıb. Hadisə Mərdan Nəsirovun gözü qarşısında baş verib. Xanımının vəziyyətinin ağırlaşdığını görən Mərdan Nəsirov polislərdən təcili tibbi yardım tələb edəndə şöbənin 15 nəfərə yaxın əməkdaşı onu da qəddarlıqla döyüb. Qadının halının getdikcə daha da pisləşdiyini görən rəis onu Post Patrul Xidməti maşınında rayon xəstəxanasına aparmaq barədə göstəriş verib. Bir qədər sonra həyat yoldaşı da xəstəxanaya gedib. Onlar oradan Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib. Sözügedən xəstəxananın həkimi əməkdaşımıza bildirib ki, hər iki şəxsin səhhəti orta-ağır olaraq qalır.
Məlumat redaksiyamıza gec daxil olduğundan DIN-in mövqeyini öyrənə bilmədik. Növbəti sayımızda mövzuya qayıdacağıq.
Ərşad