Sincanda şiddətli olaylar yenidən alovlana bilər
Çində Uyğur türklərinin yaşadığı Sincan muxtar bölgəsində dünən baş verən qarşıdurmalar zamanı ölənlərin sayı 20 nəfərə çatıb. Ölənlərdən 13-ü bıçaqla silahlanmış naməlum şəxslərin hücumu, 7 nəfər isə polislərin açdığı atəş nəticəsində dünyasını dəyişib. Bu hadisə bölgədə zaman-zaman yaşanan şiddətli olayların yenidən alovlana biləcəyi narahatlığını yaradıb. Sincan hökuməti qarşıdurmanın Kaşğar əyaləti yaxınlığındakı Yeçeng rayonda insanların sıx olduğu prospektdə meydana çıxdığını bildirib.
“Reuters” agentliyinin xəbərinə görə, bölgənin rəsmi internet saytı “tianshannet.com”da yayımlanan açıqlamada bildirilib ki, doqquz naməlum şəxs anidən kütlənin içinə girərək günahsız insanları bıçaqlayıb. Hadisə nəticəsində 13 nəfər həyatını itirib, çox sayda insan da yaralanıb. Bundan sonra polisin hadisə yerinə gələrək yeddi “terrorçu”nu öldürdüyü, iki silahlını isə həbs etdiyi deyilir. Rəsmilər təcavüzkarların və qurbanların şəxsiyyətlərinə, ya da etnik mənşələrinə dair heç bir açıqlama verməyib.
Mərkəzi qərargahı Almaniyada yerləşən Dünya Uyğur Konqresi (DUK) isə yerli mənbələrə əsaslanaraq yaydığı açıqlamasında Yeçengdə 84 nəfərin saxlanıldığını, ölən 7 nəfərin isə çinli silahlı polis heyətinin üzvlərinin olduğunu bildirib. “AFP”nin xəbərinə görə, DUK sözçüsü Dilşat Raşit deyib ki, uyğurların Çin hökumətinin sistemli və düşünülmüş təzyiqlərinə tab gətirməməsi və müqavimət üçün primitiv döyüş üsullarına əl atmaları nəticəsində belə bir hadisə yaşanıb.
Qarşıdurmanın yaşandığı Yeçeng əvvəllər də müsəlman Uyğur türkləriylə çinlilər arasında gərginliklərə səhnə olub. Uyğurca Qarğılıq olaraq bilinən Yeçeng eyni zamanda Hindistan ilə Pakistan arasındakı mübahisəli Kəşmir bölgəsinə də çox yaxındır. Çin əvvəlki qarşıdurmalara görə Şərqi Türküstanın müstəqilliyini istəyən “ifrat dindar” Uyğur türklərini cəzalandırmışdı. Bəzi Çin rəsmiləri hücumları Pakistanın öyrətdiyi müsəlman din xadimlərin təşkil etdiyini bildirirmişdi.
İnformasiya şöbəsi