Iran filmi “Oskar” aldı. Mən bunu elə də təəccüblü hal hesab etmirəm. Çünki bir neçə dəfə yazmışam ki, despotik rejimlərdə bəzən çox incə ifadə forması axtarmaq zərurəti yaranır və bu cür axtarışlar son nəticədə gətirib incəsənət yaradır. Mənə belə gəlir ki, bu sahənin tilsimi də elə “incəsənət” sözündədir, o, bəlkə də ayrıca – incə və sənət kimi yazılsaydı, daha yaxşı olardı.
Bəlkə mən bir qədər tələsirəm, çünki o filmə baxmamışam. Amma mənə elə gəlir ki, bu “Oskar” mükafatını elə-belə verməzlər, imkan düşər, biz də baxarıq. Kimsə bəlkə də etinasızlıqla çiynini çəkəcək və məşhur “Nə olsun?” sualı ilə bizlər üçün bir sual da artıq yaradacaq. Doğrudan da, nə olsun?
Biz kino sahəsindəki tendensiyaları izləmirik. Düşünürük ki, hə, “Oskar” mükafatları yalnız fantastik büdcəsi olan, böyük işıq effektlərinin bolluğu ilə seçilən filmlərə verirlər. Lakin bir də görürsən ki, hansısa kiçik büdcəli, özü də ağ-qara film “Oskar” alır. Indi bizdə götürüb seriallar çəkmək üçün vəsait ayırırlar. Amma kimə lazımdır bu? Daha yaxşı olmazdımı, biz sənət və ciddi kino haqqında düşünək?! Min şükr, imkanımız da var. Hətta imkanımız o qədər artıb ki, Balkanları abadlaşdırmaqla məşğuluq! Orada-burada park tikirik, körpü salırıq, küçə çəkirik!
Iran filminin “Oskar” alması məndə başqa səbəbdən də təəccüb yaratmadı.
Bir vaxt Latın Amerikası bizi öz ədəbiyyatı ilə təəccübləndirmirdimi? Oralara da azadlıq dalğası bu yaxınlarda gedib çatıb. Elə öz keçmişimiz – sovetlərin vaxtı da ibrətamizdir. Nə qədər ad çəkmək olar? Amma qısaca demək və bununla da çox şeyi ifadə etmək mümkündür – bəli, o vaxt KINO vardı!
Bunlar kimin hesabına xeyriyyəçilik edir?
Yazının adını Balkanlardan başladım. Bu, məni çox dilxor edir. Ona görə yox ki, Balkanlardan xoşum gəlmir. Əslində, orada xoşa gələsi bir şey də yoxdur və bircə faktı xatırlamaq yetər ki, XX əsrin ən böyük müharibə cinayətləri həm də Balkanlarda baş verdi deyəsən. Bəlkə də müharibə acıları bizi birləşdirir. Zira hansısa kiçik Asiya dövlətinin Avropanın ortasında olan bir dövlətə yardım etməsi bir qədər təəccüblü görünür. Qoy, onlar gəlib bizə yardım etsin, bura investisiya qoysun, parklar tiksin, körpülər qursun, yollar çəksin. Amma biz bunun əvəzində əksini görürük. Bunlar niyə belə edir? Nədən neftdən gələn gəlirləri beləcə sağa-sola dağıdırlar? Mənə elə gəlir ki, bunlar başqa oxşar rejimlərin taleyini görürlər və ona görə də bu qədər “səxavət” göstərirlər.
O gün bir daha bu haqda düşündüm – despotik rejimlərin finalı necə olur? Bəzi rejimlərdə illərlə sərvət toplanır, o yığılır və sonda da rejim dəyişir… Və bütün sərvət, necə deyərlər, xarici banklarda batır! H.Mübarəkin sərvəti 70 milyard dollar civarında qiymətləndirilirdi! Bundan ona və Misirə nə qaldı?! Liviyanı da misal gətirmək olar. M.Qəzzafinin sərvəti 200 milyard dollar civarında idi və o da devrildi! Bundan ona və Liviyaya nə qaldı?! Elə Iran şahını da misal çəkmək olar. Ona görə də bizimkilər başa düşüb ki, pul toplamaq elə də sərfəli iş deyil, onları xərcləmək lazımdır. Olsun. Lakin bir bizi də düşünsünlər…
Bir misal çəkəcəyəm. Dünyanın heç bir böyük şəhərində adamın qışda və payızda ayağı bu qədər palçığa bulaşmır. Lakin bizdə sanki şəhərdə yox, əsl kənddə yaşayırsan! Səbəbi də budur ki, yollarımız bərbad vəziyyətdədir. Bir vaxtlar çar Rusiyasında ən çirkli şəhər Kazan hesab olunurdu. Mənə elə gəlir ki, elə Bakı həmin çar Rusiyası dövründəki Kazanı xatırladır – şəhər olmağına, bəli, şəhərdir, amma daha çox böyük kəndə bənzəyir…
Daha bir detal. Elə o gün bizim telekanalların birində Norveçdən veriliş verirdilər. Bir ölkədə nə qədər sosial proqram olar? Insanlar problemsizliyin ucbatından intihara əl atırlar!
Hə, əksər ölkələrdə insanlar sosial problemlər ucbatından, Norveçdə isə əksinə, problemlərin olmamasından intihar edirlər! Hamısı da nəyin hesabınadır? O qədər də çətin sual deyil və cavabı da hamıya yaxşı məlumdur – bəli, neftin hesabına! Hamınıza bəlli olan şeyləri yazıb sizi yormaq istəmirəm. Lakin siz bunları bilirsinizsə, niyə susursunuz?! Bax, maraqlısı budur!..

Balkanları abadlaşdırmaqdansa…
•