20 illik Minsk Qrupundan sıfır nəticə

Rahim Hacıyev: «Həm Minsk Qurupundakı vəziyyət, həm də münaqişə tərəflərinin daxilindəki siyasi situasiya problemin həllinə imkan vermir»

Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun yaradılmasının 20 ili tamam olacaq. Artıq 20 ildir ki, Minsk Qrupu münaqişəni həll etməyə çalışır. Ən azı görüşlər, danışıqlar və bəyanatlarla bu fikir formalaşdırılmağa çalışılır. Amma eyni zamanda məlum məqamlardan biri ondan ibarətdir ki, Minsk Qrupunun tərkibinə daxil olan 3 dövlətdən 2-si Rusiya və Fransa ermənipərəst mövqedən çıxış edir. Fransanın “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qanun layihəsindən sonra, ümumiyyətlə bu dövlətin ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılması gündəmə gəldi.
Bu ərəfədə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton təmsil etdiyi təşkilatın Qarabağ probleminin həllində daha aktiv rol oynamaq niyyətində olduğunu ifadə edib. Onun sözlərinə görə, AB Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycan və Ermənistana dəstək verilməsində daha güclü rol oynamaq istəyir.
Siyasi ekspert Rahim Hacıyev bildirdi ki, Minsk Qrupunun yaradılmasından 20 il ötsə də Qarabağ probleminin həllində ciddi irəliləyiş olmayıb. Bunun bir neçə səbəbinin olduğunu deyən R.Hacıyev vurğuladı ki, problemin yaranmasında Rusiyanın müstəsna rolu olub. Rusiyanın bu problem vasitəsilə Cənubi Qafqazda mövcudluğunu saxlamağa çalışdığını söyləyən siyasi ekspert hesab edir ki, Rusiya bacardığı qədər bu problemin həllinə imkan verməyəcək: “Problemin həlli Rusiyanın mövqelərinin zəifləməsi olacaq. Ona görə Rusiya çalışıb ki, müharibə təhlükəsinin qalması üçün hər iki tərəfi maksimum silahlandırsın. Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Rusiya, nə qədər ki gücü var, bu problemin həllinə imkan verməyəcəyini gizlətmir. Çünki Rusiya inkişafın elə yüksək səviyyəsində deyil ki, digər ölkələrə nəsə təqdim edə bilsin. Ona görə də Rusiya münaqişə yolu ilə regionda mövcudluğunu saxlamağa çalışır”.
R.Hacıyevin sözlərinə görə, münaqişənin çözülməməsi ilə bağlı başqa bir amil Fransanın da ermənipərəst mövqe tutmasıdır. Bu da əlbəttə problemin həllində müəyyən çətinliklər yaradır. R.Hacıyevin fikrincə isə, ümumiyyətlə regionda münasibətdə fərqli yanaşmaları olan ölkələrin birləşərək hər hansı problemi həll etməyə cəhd göstərmələri tamamilə mümkünsüz görünür. Son dövrlər Cənubi Qafqaz uğrunda mübarizənin şiddətləndiyini deyən R.Hacıyev bildirdi ki, mübarizə bir tərəfdən ABŞ və AB, digər tərəfdən isə Rusiya arasında gedir: “Təbii ki, region uğrunda mübarizə aparan ölkələrin Qarabağ kimi problemi həll edəcəyi ciddi şübhələr doğurur. Bu isə, vəziyyəti daha da mürəkkəbləşdirir. Məsələ burasındadır ki, hazırda beynəlxalq aləmdə çox qaynar proseslər cərəyan edir. Suriyada baş verənlərə münasibətdə ABŞ-ın, Avropa Birliyinin və Rusiyanın münasibəti bir-birindən köklü surətdə fərqlənir. Digər tərəfdən, Ermənistan tamamilə Rusiyanın nəzarəti altındadır. Azərbaycan hökumətinin apardığı siyasət isə Qarabağ problemində uğur qazanmağa imkan vermir. Obyektiv gerçəklik ondan ibarətdir ki, dünyada baş verənlərə münasibətdə Qərbin mövqeyi güclənir, amma Azərbaycan hakimiyyəti Qərblə ciddi əməkdaşlıqda maraqlı deyil. Əgər hakimiyyət bunda maraqlı olsaydı, biz Qarabağ probleminin həllində uğurlar əldə edərdik. Ancaq rejimin mahiyyəti buna imkan vermir”.
2010-cu ildə AB parlamentinin Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyi barədə qətnamə qəbul etdiyini, hazırda da münaqişənin həlli ilə bağlı pozitiv mesajlar səsləndirdiyini deyən R.Hacıyev, təəssf ki, hakimiyyətin bu əməkdaşlığa getmədiyini vurğuladı. Bundan başqa, Almaniya parlamentinin xarici siyasət komitəsinin hökumətə ciddi təkliflər verdiyini də unutmaq lazım deyil. Bu sənəddə, hətta BMT qətnamələrindən ciddi narahatçılığın da ifadə olunduğunu söyləyən R.Hacıyev bildirdi ki, həm Minsk Qrupundakı vəziyyət, həm də münaqişə tərəflərinin daxilindəki siyasi situasiya problemin həllinə imkan vermir.

Hikmət