“Yahoo!” “Facebook”u məhkəməyə verir

ABŞ-ın nəhəng informasiya texnologiyaları şirkətlərindən olan “Yahoo!” korporasiyası “Facebook” sosial şəbəkəsini intellektual mülkiyyət hüquqlarını pozmaqda ittiham edib.

“APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, populyar axtarış saytının sahibi olan korporasiya Mark Tsukerberqin şirkətini “Yahoo!”nun patentləşdirdiyi texnologiyalardan istifadə etməkdə də suçlayıb.

İki şirkətin nümayəndələri məsələyə aydınlıq gətirmək üçün danışıqlar masası arxasına oturublar. Onlar “Yahoo!”nun 20 patendindən 10-u ətrafında fikir mübadiləsi aparıblar. Sonuncu danışıqların detalları barədə açıqlama verməsə də, korporasiyadan bildirilib ki, dünyanın ən nəhəng sosial şəbəkəsi ilə məhkəmə çəkişməsinə hazırlaşırlar. Tələb olunacaq təzminatın miqdarı da açıqlanmayıb.

Əgər iş məhkəməyə gedib çıxarsa, bu, sosial media bazarında ilk məhkəmə çəkişməsi olacaq. Hələlik patentlə bağlı ən səs-küylü iş iki texnologiya nəhəngi – “Apple” və “Samsung” arasında hələ də davam edən məhkəmə çəkişməsidir.

Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan “Yahoo!” şirkətinin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşir. Populyar axtarış sisteminə malik şirkət internet-xidmətlərin geniş spektrini təqdim edir ki, bunları da 500 mln. nəfərdən artıq istifadəçi ziyarət edir.