Vəkildən MTN-ə sərt ittiham

Elçin Namazov nazirliyi hakimiyyətin siyasi aləti olmaqda ittiham edir

Vəkil Elçin Namazov Milli Təhlükəsizlik Nazirliyini hakimiyyətin siyasətinə alət olmaqda ittiham edib.  O, dediklərini sübut etmək üçün  MTN və Baş Prokurorluğun islamçıların həbsi ilə bağlı verdiyi məlumatlarla onlara qarşı irəli sürülən ittihamları müqayisə edir:
“MTN və Baş Prokurorluq qanunvericiliklə onlara verilmiş səlahiyyətləri aşaraq siyasi proseslərdə iştirak edir və bununla da özlərini nüfuzdan salır. MTN-in son bir il ərzində keçirdiyi əməliyyatlara baxdıqda məlum olur ki, bu qurum dövlətin təhlükəsizliyini təmin etmək əvəzinə hakimiyyətə qarşı müxalif mövqedə dayanan insanları şərləyərək həbs etməklə məşğuldur. Dindarların xarici ölkə kəşfiyyatı ilə əlbir olaraq, Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham olunması ilə bağlı işlərə baxdıqda bunu görməmək mümkün deyil. Belə ki, ötən ilin avqustunda həbs olunan Ramin Bayramov, Abgül Süleymanov və Arif Qəniyevin barəsində MTN və Baş Prokurorluğun birgə bəyanatında deyilir ki, hər üç şəxs Azərbaycana qarşı düşmənçilik fəaliyyəti apardığına görə həbs edilib. Bununla bağlı həmin vaxt, hətta televiziyalarda videomateriallar da nümayiş etdirilib. Təəccüblü budur ki, adları qeyd olunan şəxslərin heç biri bəyanatda göstərilən hərəkətlərə görə ittiham olunmayıb.
Onların hər üçü silah və narkotik maddə saxlamaqda ittiham olunur və artıq məhkəmə prosesləri başlayıb”.
Vəkil qeyd edib ki, MTN-in siyasətdə iştirakı bununla bitmir. “Bu gün MTN qanunvericiliyin tələblərinə zidd olaraq dələduzluq cinayətlərinin istintaqını aparır. Lakin bu adi vətəndaşların bir-birini aldatması ilə bağlı olan işlər deyil, Heydər Əliyev Fondunun adı keçən dələduzluq cinayətləridir. MTN bu cür qanunsuz işlərlə məşğul olmaqla faktiki olaraq qanunvericiliklə qadağan olunmuş özbaşınalığa yol verir”, – o qeyd edib(Turan).