«Bizim üzərimizdə heç kim siyasi alver etməsin»
Bakının Qaradağ rayonunda yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan vicdan məhbusu, hüquq müdafiəçisi Vidadi Isgəndərli ilə yaxınları görüşüb. Bu barədə “Azadlıq”a məlumatı hüquq müdafiəçisinin qardaşı, Demokratiya və Vətəndaş Cəmiyyətinin Inkişafına Kömək Ictimai Birliyinin sədri Oqtay Isgəndərli verib.
O.Isgəndərlinin sözlərinə görə, Vidadi Isgəndərlinin səhhəti normal, əhval-ruhiyyəsi isə mübarizdir: “Vidadi Isgəndərli həbsxanadan mediaya mesaj göndərib. Yaxın günlərdə həbsdə olan bütün vicdan məhbusları aclıq aksiyasına başlayacaqlar və aksiyanın növbəti mərhələsində müdafiə komitəsinin, vətəndaş cəmiyyətinin, Ictimai Palatanın üzvləri və məhbus ailələrinin də aksiyaya qoşulmaları nəzərdə tutulub. O dedi ki, vicdan məhbusları onlarla birgə saxlanılan digər məhbuslarla, həmçinin hicab aksiyasında tutulan şəxslərin də aclıq aksiyasına qoşulmaları istiqamətində danışıqlar aparılır və ilkin razılaşmalar əldə edilib. O və digər vicdan məhbusları heç bir cinayət törətməyiblər, buna görə də onlar vicdan məhbusu elan ediliblər. Vidadi bəy artıq dərəcədə xahiş etdi ki, onların üzərində heç bir siyasi alver aparılmasın. O qeyd etdi ki, ona qarşı qanunsuz başlanmış cinayət işi və sifarişli hökm çıxarıldığına görə, cinayət törətmiş həmin şəxslərin qanun qarşısında cavab vermələrini tələb edir və həmin şəxslərin gələcəkdə həbs olunmaları uğrunda sonadək mübarizə aparacaq. O dedi ki, Azərbaycanda hüquqi dövlət qurulmasının vaxtı keçib, cinayət törətmiş korrupsioner məmurlar bunu anlasınlar və nə qədər gec deyil demokratik islahatlara başlasınlar”.
Vicdan məhbusları Tural Abbaslı, Əhəd Məmmədli, Sahib Kərimov, Şahin Həsənli və Bəxtiyar Hacıyev də Vidadi Isgəndərlinin saxlandığı Cəzaçəkmə Müəssisəsində saxlanırlar.
Ramin DEKO