Türkiyə xəbərdarlıq etdi; Qətər dünyanı Suriya müxalifətini silahlandırmağa çağırdı
Avropa Birliyi isə Əsəd rejiminə ağır sanksiyalar qoydu
Beynəlxalq birlik Bəşər Əsədin hakimiyyətdən getməsi üçün bütün istiqamətlərdə təzyiqlərini artırır. Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Bəşər Əsəd rejiminə qarşı əlavə sərt sanksiyalar qəbul olunub. Nazirlər bununla yanaşı, Bəşər Əsədi istefa verməyə çağırıblar. Toplantı iştirakçıları Suriyadakı olayların, xüsusilə, Homs şəhərində vətəndaşları hədəf alan hücumların Avropa Birliyini dəhşətə gətirdiyini və günahsız xalqa qarşı zorakılıqlara görə məsuliyyət daşıyanların cəzalandırılacağını bildiriblər.
Yeni sanksiyalar Suriya Mərkəzi Bankı və bu ölkənin aviasiya şirkətlərilə əlaqələrin məhdudlaşdırılmasını nəzərdə tutur. Mərkəzi Bankın Avropa Birliyinə üzv ölkələrdəki payı dondurulub. Diplomatik qaynaqlar isə rəsmi qəzetdə nümayiş olunacaq və bundan sonra qüvvəyə minəcək qadağaların səhiyyə, təhsil, prezident aparatının işçiləri, kommunikasiya və texnologiya, neft və nəqliyyat nazirlərini də hədəfə aldığını bildirib.
Əsəd rejiminə qarşı sərt mövqedə dayanan Qətər Suriya müxalifətinin silahlandırılmasını istəyir. Bu ölkənin baş baziri Şeyx Hamad bin Casiyə əl Sani Norveçə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, hər nə olursa olsun, suriyalı müxaliflərə kömək edilməsi, o cümlədən onların silahlandırılması vacibdir. Şeyx Saninin fikrincə, Suriyada axan qanın dayandırılması üçün ehtimal olunan hərbi müdaxiləyə Ərəb ölkələri liderlik etməlidir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Tunisdə keçirilən “Suriyanın dostları” qrupunun ilk iclasından sonra Suriyaya beynəlxalq müdaxilə ehtimalının gündəmdə olduğunu deyib.
“Məsuliyyət bizdən getdi. Hər şey müzakirələr masasındadır. Iraqdan fərqli olaraq, Suriya məsələsində biz də müzakirələr masasındayıq”, – deyə Əhməd Davudoğlu “Sabah” qəzetinə açıqlamasında bildirib.
Davudoğlunun sözlərinə görə, Bəşər Əsəd rejiminin dəyişikliklərə getməsi üçün diplomatik səylər artırılacaq: “Humanitar yardım dəhlizi yaradılsa, onun mühafizə olunması da gündəmə gələ bilər. Beynəlxalq ictimaiyyətin səssiz qalması mümkün deyil. Biz Liviyadakı kimi vətəndaş müharibəsini istəmirik. Ancaq qarşıda riskli bir dönəmin olduğunu da bilirik. Məsuliyyət bizim üzərimizdə olmayacaq. BMT-də qəbul edilən qərarı dəstəkləyərək, diplomatik fəallığımızı artırmalıyıq. Yolun bitdiyi yerdə yeni yol açacağıq. Bəşər Əsədin bir ”B” planı varsa da, bunun tətbiq olunmaması üçün əlimizdən gələn hər şeyi edəcəyik”.
ABŞ administrasiyası isə Suriyada rejimin çökəcəyi halda, Bəşər Əsəd hakimiyyətinin sahib olduğu kütləvi qırğın silahlarının terrorçuların əlinə keçməsinin qarşısını almaq üçün qonşu ölkələrə xəbərdarlıq ünvanlayıb. Dövlət Departamentindən Suriyanın qonşuları olan Iraq, Iordaniya, Livan və Səudiyyə Ərəbistanına göndərdiyi müraciətdə qeyd olunub ki, Əsəd rejiminin əlindəki kütləvi qırğın silahlarının bu ölkələrin sərhədlərini keçməsinin qarşısını almaq üçün ABŞ istənilən yardımı göstərməyə hazırdır. Adı açıqlanmayan bir amerikalı rəsmi Suriyanın silah proqramının Liviyanınkından daha təhlükəli olduğunu vurğulayıb.
Bundan başqa, Suriya ordusunun mühasirəsi altında olan Homs şəhərinə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin ilk yardım konvoyu srağagün bölgəyə çatıb. Israilin xüsusi xidmət orqanı “Mossad”a yaxın olduğu bildirilən “Debka” saytı xəbər verir ki, Türkiyə və ABŞ Bəşər Əsəd hakimiyyətini növbəti dəfə hədələyərək bəyan edib ki, yardım konvoylarına atəş açılacağı təqdirdə təşkilat nümayəndələrinin qorunması üçün ayrılmış mühafizəçilərə havadan dəstək veriləcək.
Tural


