«Bu olaylarda təqsirkar olanlar əsl həqiqətlərin üzə çıxmasına mane olurlar»
Bu gün Sumqayıt hadisələrindən 24 il keçir. 1988-ci il fevralın 28-də baş verən hadisələr ermənilər tərəfindən “soyqırım” kimi qələmə verilsə də, əslində, olayların sovet DTK-sı və ermənilərin özü tərəfindən təşkil olunduğu artıq sübuta yetirilmiş faktdır. Özü də Sumqayıt hadisələrinin ermənilər tərəfindən təşkil olunduğunu o zaman Moskvadan gəlmiş istintaq qrupu sübuta yetirib. Istintaq qrupunun gəldiyi nəticəyə görə, olayların təşkilatçısı milliyyətcə erməni olan Eduard Qriqoryan olub.
Bəxtiyar Sadıqova “Aslan Ismayılov qadağası”nı kim qoyub?
Eduard Qriqoryan və onun dəstəsinin məhkəməsində dövlət ittihamını müdafiə edən, hazırda vəkil kimi fəaliyyət göstərən Aslan Ismayılovun müəllifi olduğu “Sumqayıt hadisələri: SSRI-nin süqutunun başlanğıcı” kitabında bu hadisələrin ermənilər tərəfindən təşkil olunmasına dair kifayət qədər tutarlı sübutlar var. Aslan Ismayılov bu kitabı sənədlər əsasında yazıb. Hələ ki, yalnız bu kitab Sumqayıt hadisələrinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq üçün yeganə mənbədir. Lakin naməlum səbəblərdən Azərbaycan hakimiyyəti kitabın yayılmasında və tədris olunmasında maraqlı görünmür. Aslan Ismayılov deyir ki, bu, ona qarşı qərəzdən irəli gəlir: “Mən bu kitabı yazmamışdan əvvəl dəfələrlə Sumqayıt hadisələrinin əsl mahiyyəti barədə danışmışam. ”Qriqoryan işi”nin necə batırıldığını, ermənilərin cinayətlərinin ört-basdır edildiyini ictimaiyyətin diqqətinə çatdırmışam. Eyni zamanda müvafiq qurumlara, dövlət başçısına müraciət etmişəm ki, məndə arxiv materialları, sənədlər var. Bunlardan istifadə edib kitab yazmaq, əsl həqiqəti dünyaya çatdırmaq olar. Lakin bunun əvəzində “Xalq” qəzetində əleyhimə “Aslan Ismayılov günahlarını ört-basdır etmək üçün şantajla məşğuldur” başlıqlı yazı dərc olundu. Mən o zaman “Xalq” qəzetinin rəhbərliyindən mövqeyimin dərc olunmasını xahiş etdim. Imtina etdilər. Daha sonra “Azərbaycan” qəzetinə müraciət etdim. Onlar isə müsahibə götürdülər, amma çap olunmadı. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova zəng edərək bunun səbəbini soruşdum. Cavab verdi ki, Prezident Aparatından icazə vermədilər. Bütün bunlardan sonra qərara gəldim ki, kitab yazam. Beləliklə arxiv materiallarını topladım və bu kitabı yazdım”.
Əli Həsənovla Mənsur Ibayevin “qəhrəmanlığı”
Aslan Ismayılov bildirir ki, arxiv materiallarını toplayarkən, ermənilərin Sumqayıt hadisələrindən gələcəkdə məharətlə istifadə edəcəklərinin şahidi olub: “Gördüm ki, bu hadisələr yalnız Qarabağı işğal etmək üçün azərbaycanlıları dünyaya vəhşi kimi tanıtmaq məqsədilə təşkil edilməyib. Bu hadisələrdən, həmçinin növbəti ”soyqırım şousu” düzənləmək planlaşdırılıb. Mən bu barədə mətbuatda da çıxışlarımda dəfələrlə demişəm. Demişəm ki, bunun qarşısını almaq lazımdır. Bunun üçün Sumqayıt hadisələrinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ciddi iş aparılmalıdır. Özü də biz bunu çox asanlıqla sübut edə bilərik. Çünki Sumqayıt hadisələri ilə bağlı istintaqı azərbaycanlılar deyil, ruslar aparıb. Və məhz Moskvadan gəlmiş müstəntiqlər bu nəticəyə gəliblər ki, hadisələri ermənilər təşkil edib. Hər halda, Eduard Qriqoryan istintaq materiallarında təşkilatçı kimi göstərilmişdi. Lakin təəssüflər olsun ki, mənim çağırışlarıma laqeyd yanaşıldı. Heç bir iş görülmədi. Ermənilər isə artıq Sumqayıt hadisələrini soyqırım kimi tanıtmağa başlayıblar. Bu barədə sizin qəzetinizdə də məlumat dərc olunmuşdu”.
Vəkilin sözlərinə görə, Azərbaycan hakimiyyətinin bu məsələyə biganə yanaşmasının başqa bir səbəbi o zaman Sumqayıt hadisələrində günahı olanların indi yüksək vəzifələrdə təmsil olunmasıdır: “Məhz həmin şəxslər indi də əsl həqiqətin üzə çıxmasına mane olurlar. Təsəvvür edin, AzTV Sumqayıt hadisələri ilə bağlı film çəkib. Həmin filmin qəhrəmanı Qaçqınlar və Məcburi Köçkünlərlə Iş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla Mənsur Ibayevdir. Əli Həsənov danışır ki, ay biz belə elədik, elə elədik. Adama deyərlər ki, əgər bu işləri görmüşdünsə niyə indiyə qədər susmuşdun? Əslində isə, Sumqayıt hadisələrində ən böyük təqsiri olan şəxslərdən biri də elə Əli Həsənovun özüdür. Bu adam o zaman ”ispalkom”da çalışıb. Nə baş verdiyini bilib, lakin qarşısını almayıb.
Mənsur Ibayevə gəlincə, o deyir ki, işi yenidən istintaqa göndərib. Həqiqət isə bundan ibarətdir ki, Mənsur Ibayev Qriqoryanın üzərindən 5-6 ölüm işini götürüb, ona 12 il iş verilməsinə nail olub. Bu hadisələrdə başqa bir təqsirkar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. O, Mərkəzi Komitədə ideologiya üzrə katib olub. Və bütün məsələlərdən xəbəri olub, lakin susub, heç bir iş görməyib. Indi də bu hadisələrdə təqsirkar olanlar əsl həqiqətlərin üzə çıxmasına mane olurlar”.
Bu yerdə qeyd edək ki, AzTV-də nümayiş etdirilən həmin filmdə Aslan Ismayılovun kitabındakı faktlardan istifadə olunub. Lakin hansısa səbəbdən filmdə belə bir kitabın olması qeyd edilməyib.
Sumqayıt hadisələri ilə bağlı ssenari niyə daşa dirənib?
Vəkil bildirir ki, Sumqayıt hadisələri ilə bağlı filmin ssenarisi də yazılaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Amma hökumət bu filmi maliyyələşdirmək istəmir: “Məndə olan məlumata görə, tanınmış dramaturq Rüstəm Ibrahimbəyov ssenari yazıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib. Lakin maliyyələşdirmək istəmirlər. Milyardları səpələyirlər ora-bura, amma dövlət üçün əhəmiyyətli olan belə məsələyə maliyyə ayırmırlar.
Başqa bir məqam: Deyirəm ki, yaxşı, mənə qarşı qərəziniz var, onda mənim adımı bu kitabdan çıxarın, başqa şəxsin adı ilə çap edin, məktəblərdə tədris olunsun. Bizim gənclərimiz nə baş verdiyini bilməlidirlər. Axı xaricdə bizim təbliğatımızla gənclərimiz məşğul olur. Təsəvvür edin, mənim kitabımdan sonra ölkə başçısının göstərişi ilə Sumqayıt hadisələri ilə bağlı cinayət işi təzələndi. Amma iki ildir keçib, ortalıqda heç nə yoxdur. Bircə dəfə məni formal olaraq dindiriblər, vəssalam. Halbuki mən dəfələrlə bildirmişəm ki, istintaqa kömək etməyə hazıram”.
Mənsur Ibayev Qriqoryanın ifşa edilməsinə mane olub
Aslan Ismayılov Sumqayıt hadisələri ilə bağlı ünvanına səsləndirilən ittihamları da cavablandırıb: “Xalq” qəzetindəki həmin yazı Mənsur Ibayevin imzası ilə dərc olunmuşdu. Mənsur Ibayev, Hüseyn Talıbov bu işi batıran adamlardandır. O zaman Qalib Məmmədov və digər məhkumlar Qriqoryanı ifşa edəcəkdilər. Mən Qalib Məmmədovun dayısı Xaspoladovla danışmışdım bu barədə. Xaspoladov əvvəlcə Neftçalada, daha sonra Binəqədidə prokuror köməkçisi olub. Indi də sağdır. O mənə demişdi ki, Qalib Məmmədov məhkəmədə əsl həqiqəti danışacaq. Həqiqətən də səhərisi günü Qalib Məmmədov hakimə müraciət edərək bildirdi ki, ifadə vermək istəyir və başladı Qriqoryanı ifşa etməyə. Bunu görən digər məhkumlar da ifadə vermək istədiklərini bildirdilər. Amma Mənsur Ibayev “işim var” deyərək, prosesi yarımçıq saxladı. O zaman mən Mənsur Ibayevə dedim ki, bu adamlar 2 aydır ifadə vermirlər. Gəlin, bunları danışdıraq sonra prosesi saxlayın. Lakin Mənsur Ibayev qulaq asmadı. Bu olmuşdu saat 1-in yarısı. Saat 3-də prosesə başlayanda isə Qalib Məmmədov ayağa qalxaraq əvvəlki ifadəsinin yalan olduğunu bəyan elədi. Və bildirdi ki, onu belə ifadə verməyə mən məcbur etmişəm. Indi Mənsur Ibayev məni ittiham edir. Deyir ki, Aslan Ismayılov azərbaycanlı məhkumlara ağır cəza istəmişdi. Mən indi də həmin fikirdəyəm. Çünki bu hadisələri ermənilər təşkil etmişdisə də, ortada bu adamların cinayəti var idi. Digər tərəfdən, mən Qriqoryana ölüm hökmü, digərlərinə yüngül cəza istəyə bilməzdim. Bu olardı düzülüb-qoşulmuş iş, ermənilərin əlinə fürsət verərdi”.
Bir məqamı da diqqətə çatdıraq ki, Aslan Ismayılov hər dəfə Sumqayıt hadisələri barədə danışarkən ona qarşı kampaniya başlanır. Onun ünvanına müxtəlif ittihamlar, hədələr, təhqirlər səsləndirilir. Görünür, “yuxarılar” həqiqətən Sumqayıt hadisələrinin açılmasında maraqlı deyillər və bunu özləri üçün təhlükə hesab edirlər…
Vidadi



