Təl Əvivin Tehrana hücumuyla bağlı mümkün ssenarinin detalları yayıldı
İran ətrafında yaranmış gərginliklə yanaşı Tehran rejiminin nüvə obyektlərinə hava zərbələri endirilməsi məsələsində ABŞ-la İsrail arasında fikir ayrılıqları da davam edir. ABŞ İrana yönəlik sərt iqtisadi sanksiyalarla rəsmi Tehranı nüvə fəaliyyətindən yayındırmağı, İsrail isə bu ölkəyə qarşı dərhal hərbi müdaxilə olunması variantını gündəmdə saxlayır. Məhz bu üzdən də İran məsələsində əbədi müttəfqilər hesab edilərn ABŞ-İsrail arasında ciddi fikir ayrılıqları mövcuddur. Vaşinqton uzun müddətdir aparılan danışıqlarda İsraili İranı vurmadan əvvəl digər bütün alternativləri sınaqdan keçirmək üçün razı salmağa çalışır.
Bununla yanaşı amerikalı kəşfiyyat rəsmiləri bildirib ki, İsrail İranın nüvə təsislərinə yönəlik hərbi müdaxiləyə başlayacağı təqdirdə ABŞ-ı öncədən xəbərdar etməyi düşünmür. Bu barədə iddiaların Ağ Evdə baş tutmuş bir sıra yüksək səviyyəli və gizli müzakirələr zamanı İsrail rəsmiləri tərəfindən ortaya atıldığı vurğulanlır. Türkiyə mediasının xəbərinə görə, Təl Əviv rəsmiləri beynəlxalq ictimaiyyətin ABŞ-ın İsraili hərbi müdaxilə fikrindən daşındırmamaqda günahlandırmaması üçün üçün bu qərara gəliblər.
Bu arada İsrailin İrana mümkün hərbi müdaxiləsinin ehtimal olunan ssenarisi ortaya çıxıb. “BBC Türk”ün xəbərinə görə, İsrail təyyarələri İrana hücum zamanı üç istiqamətdən istifadə edə bilər. Bunlardan birincisi, İsrail təyyarələri Aralıq dənizi üzərindən şimala gedib oradan Türkiyə-Suriya və sonra Türkiyə-İraq sərhədi boyunca hərəkət edərək İrana girə bilər. İkincisi və nisbətən daha real görünənir odur ki, İsrail qırıcıları İrana İraq hava məkanından istifadə etməklə daxil ola bilər. ABŞ-ın çəkilməsindən sonra İraqın öz hava məkanını idarə etməkdə çətinlik çəkəcəyini hesablayan İsrail bu istiqaməti daha uyğun görür. Üçüncüsü isə İsrail təyyarələri Səudiyyə Ərəbistanı hava məkanından istifadə edərək cənub istiqamətdən də İrana hücuma keçə bilər. Bu variantın baş tutmasında isə müəyyən problemlərin meydana çıxacağı istisna olunmur. Çünki İranın nüvə proqramından narahat olan Səudiyyə Ərəbistanının İsrailə müsbət cavab verəcəyi sual altındadır.
Rəsmi Tehran növbəti dəfə ünvanına səslənən ittihamların əsassız olduğunu bildirib. İranın xarici işlər naziri Əli Əkbər Salehi digər ölkələri İranın nüvə proqramına dair fikir ayrılıqlarını aradan qaldırmaq üçün öhdəlik və təhlükə anlayışlarını fərqləndirməyə çağırıb. Naziri bildirib ki, nüvə enerjisi nüvə silahı demək deyildir və İranın kütləvi qırğın silahı hazırlamaq niyyəti yoxdur.
Əlavə edək ki, İsrail ABŞ və müttəfiqlərinin diplomatik səylərinin səmərəsiz olacağını əsas gətirərək İrana qarşı hərbi müdaxiləyə hazırlıq görür. Hələ ötən il dekabrın 17-də İsrail ordusunun baş qərargah rəisi general Beni Hans xüsusi təyinatlılardan ibarət operativ əməliyyat qrupunun yaradılması haqda göstəriş verib. Yaradılan xüsusi qrup əsasən ölkə ərazisindən kənarda, xüsusən də Suriya və İran ərazisində operativ əməliyyatların keçirilməsi üçün nəzərdə tutulur. Əməliyyat qrupuna İsrail ordusunun ən elitar xüsusi təyinatlılarının əsgərləri daxil edilib. Həmin qrupa düşmən ölkənin ərazisinə daxil olaraq kəşfiyyat xidmətləri tərəfindən öncədən müəyyənləşdirilmiş obyektləri məhv etmək tapşırığı verilib.
İnformasiya şöbəsi