ABŞ Karnegi fondunun proqram direktoru Tomas de Vallın Serj Sərkisyanla müsahibəsi yenidən yayıldı və bir sıra qaranlıq məqamları, bizim illərdi yazdıqlarımızı növbəti dəfə gündəmə gətirdi.
Ondan başlayaq ki, Xocalı kimi qətliamlar törədən, Qarabağda erməni hərbi birləşmələrinə rəhbərlik edən Serj Sərkisyan Səfər Əbiyevi “konstruktiv”, “müharibə istəməyən” bir şəxs sayır. Səfər Əbiyev siyasətçidirmi ki, konstruktiv də olsun? Ərazisi işğal olunan bir ölkənin hərb generalı niyə müharibə istəməməlidir?
Davam edək: S.Sərkisyan “müdafiə nazirinin səlahiyyətlərini icra edən” Səfər Əbiyevlə ilk görüşünün 1992-ci ildə Ağdərədə baş tutduğunu deyir.
Tarix təhrif olunub – ya Sərkisyan, ya da Tomas de Vallın təqdimatında. 1992-ci ildə Səfər Əbiyev müdafiə nazirinin səlahiyyətlərini icra etməyib, Naxçıvanda əvvəlcə briqada, daha sonra korpus komandiri vəzifəsini tutub. Elə Səfər Əbiyevin Sərkisyanın nəzərində “konstruktivliyi” də burdan başlayır. Çünki Sərkisyanın etirafına görə, 1992-ci ilin iyununda Azərbaycan ordusunun Ağdərə istiqamətində başlayan hücumu ermənilərdə “ümidsiz vəziyyət” yaratmışdı. O aylar Milli ordunun Ağdərəni geri qaytardığı, Laçının 2 kilometrliyinə qədər irəlilədiyi dövrlərdir, ermənilər artıq Dağlıq Qarabağı boşaltmağa başlamışdılar, pərakəndə halda köçürdülər. Hücumun ikinci dalğasında nə baş verdi?
Naxçıvan Muxtar Respublikası ilə Ermənistan dövləti arasında sülh sazişi imzalandı və Ermənistan Naxçıvanla sərhədi qoruyan Sasun David ordusunu Qarabağda gedən döyüş əməliyyatlarına cəlb edə bildi. Həmin sülh sazişi imzalananda Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev, korpus komandiri isə Səfər Əbiyev idi. Azərbaycan öz ərazi bütövlüyü uğrunda müharibə apardığı bir şəraitdə “Azərbaycanın ayrılmaz tərkib hissəsi olan” Naxçıvan niyə belə bir sazişə getdi?
Naxçıvan üçün hansı təhlükə vardı? Axı, 1921-ci il Qars müqaviləsinə uyğun olaraq, Naxçıvanı Türkiyə Silahlı Qüvvələrinin qoruyacağına şübhə yox idi. Bəs, ermənilərlə bu müqavilə niyə gündəmə gəldi? Bu “sülh sazişi” müqaviləsinin altında Naxçıvan tərəfdən kim imza atdı? Ermənilər bu imzanın və aparılan danışıqların mötəbərliyinə niyə bu qədər arxayın oldular ki, Naxçıvanla sərhədi qoruyan yeganə ordunu da Qarabağa gətirməyə ürək elədilər? Kim idi ermənilərə bu qədər arxayınlıq verən?
Səfər Əbiyev müdafiə nazirinin səlahiyyətlərini 1993-cü ilin 17 iyun-avqust aylarında həyata keçirib. Serj Sərkisyan “müdafiə nazirinin səlahiyyətlərini icra edən” Səfər Əbiyevlə yalnız bu arada görüşə bilərdi: Elçibəyin Bakını tərk etməsi günündən avqusta qədər. Həmin görüşdə “konstruktiv” Səfər Əbiyevlə nələr danışılıb? Erməni komandanla azərbaycanlı nazir əvəzi arasında hansı razılıq əldə olunub?
Bəlli olan yalnız budur ki, 17 iyun-avqust arasında 5 rayon – 7 iyulda Ağdərə, 23 iyulda Ağdam, 23 avqustda Füzuli və Cəbrayıl, 31 avqustda Qubadlı – Serj Sərkisyanın rəhbərlik etdiyi erməni-rus birləşmələri tərəfindən işğal edildi.
Səfər Əbiyev bunlara aydınlıq gətirməlidir:
1) “Mənim müdafiə naziri Səfər Əbiyevlə – həm də təkcə bu vəzifədə işləyərkən yox – yaxşı əlaqələrim var” deyəndə, Sərkisyan nəyi nəzərdə tutur? Müdafiə naziri olmayanda Səfər Əbiyevin Sərkisyanla hansı “yaxşı” əlaqələri olub?
2) 1992-ci ildə Naxçıvanla Ermənistan arasında atəşkəs razılaşmasının altında kimin imzası var? Bu imzalanma kimlə razılaşdırılmışdı və nəyə görə?
3) Müdafiə nazirini əvəz edərkən Sərkisyanla Ağdərədə niyə görüşüb? Həmin görüş vaxtı Ağdərəyə Azərbaycanmı nəzarət edirdi? Müharibənin qızğın çağında iki ölkənin hərbi simaları döyüş bölgəsində niyə görüş keçirirdilər? Nələr danışılıb ki, həmin müddətdə ermənilər Azərbaycanın 5 rayonunu hoppadan işğal etdilər? Bu görüşlə 5 rayonun işğal olunmasının hansısa əlaqəsi varmı?
Buyurun, Səfər Əbiyev, sizi eşidirik – onsuz da tarix hər şeyi üzə çıxaracaq…

Serj Sərkisyan Səfər Əbiyevlə hansı gizli görüşünü nişan verir?
•