Ziya Məmmədovun qardaşı oğlunun rəis, qudasının deputat olduğu rayonun yolları tamamilə dağılıb
Salyanda yol yoxdur. Salyan əhlinin yol adına istifadə etdiyi torpaq üzərində uzanıb gedən zolağa nə ad versən olar, bir yol adı verməkdən başqa. Bakıdan Salyan ərazisinə artıq yeni çəkilmiş yollarla 40 dəqiqəyə daxil olmaq mümkündür. Amma Salyanda olan yol adına zolaqla Biləsuvara ancaq iki saata gedib çıxa bilərsən. Belə ki, Bakı-Astara magistral yolunun Salyan rayon hissəsi bərbad gündədir.
Amma bu bərbad sözü “yol faciəsi”ni tam əks etdirmir. Yolun asfalt örtüyü dağlıb, çala-çuxurlar əmələ gəlib, avtomobillər məcburiyyət üzündən hərəkət üçün torpaq yola keçməli olurlar. Bu zaman da yolda toz-duman qalxır.
Deməli, Bakıdan Salyana qədər, Biləsuvardan başlayaraq Iran sərhədinə qədər yolu normal saymaq olar. Amma bunu respublika əhəmiyyətli magistral yolun Salyan rayonu ərazisindəki hissəsinə aid etmək olmaz. Bu yola münasibəti sanki başqa dövlətin ərazisinə olan münasibət kimi dəyərləndirmək olar. Əks halda, necə ola bilir ki, Salyana qədər və Salyandan sonrakı yollara asfalt örtük döşənir, amma Salyan yollarına döşənmir? Bəlkə, bu yol unudulub? Aidiyyəti qurumlar bilməlidir ki, Salyan Azərbaycan ərazisidir və bu rayondakı yollarda hərəkət edənlər də bu ölkənin vətəndaşlarıdır(Turan).
“Azadlıq” olaraq qeyd edək ki, Salyanın polis rəisi Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov, deputatı isə qudası, ölkənin keçmiş hərbi komissarı Əliağa Hüseynovdur.


