«İqtidarın xarici siyasətində prioritet daha çox qrup maraqları, fərdi maraqlardır»
Sərdar Cəlaloğlu: «Iran və Rusiyadakı seçkilərin Azərbaycana çox ciddi təsiri olacaq»
Iranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi məsələsi gündəmi zəbt edib. Həmçinin şimal və cənub qonşumuzda yaxın günlərdə keçiriləcək seçkilərin də ölkəmizə mümkün təsirləri müzakirə predmetinə çevrilib. Bu və gündəmin digər aktual mövzuları ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.
– Iran-Azərbaycan münasibətlərinin gərginləşməsi gündəmin ən çox müzakirə olunan məsələsidir. Hər iki tərəf qarşılıqlı ittihamlar səsləndirir. Bu gərginliyin pərdəarxası məqamları nədən ibarətdir?
– Adətən, dövlətlər özlərini müharibənin ağır nəticələrindən xilas etmək üçün çalışırlar ki, münaqişə özlərindən əvvəl üçüncü dövlətlərin ərazisinə keçirilsin. Indiki halda Iranın bütünlükdə Azərbaycanla bağlı siyasəti Azərbaycanın müttəfiq olduğu qüvvələrlə Iran arasında hər hansı münaqişənin başlanmamasından qabaq münaqişəni Azərbaycanın ərazisinə keçirməkdən ibarətdir. Əsas pərdəarxası məsələ bundan ibarətdir. Yəni Iran Qərblə, Avropa ilə gözlənilən münaqişəni Azərbaycan ərazisindən başlamaq, bu ərazidə keçirmək məqsədi güdür. Ona görə bu məsələdə çox həssas olmalıyıq.
– Iranın ittihamlarından görünür ki, Tehranı daha çox Azərbaycanın Israillə münasibətləri qıcıqlandırır. Eyni zamanda Türkiyənin də Israillə münasibətləri gərgindir. Belə bir məqamda bu gərginlik nə dərəcədə Azərbaycanın maraqlarına uyğundur?
– Azərbaycan vacib deyil ki, Israilə Türkiyə və Iranda olduğu kimi münasibət göstərsin. Amma nə vaxta qədər ki, Iranla Türkiyənin Israillə arasında münasibətlər gərgindir, Azərbaycan tərəfi ən azı ya bu gərginliyin aradan qaldırılmasına xidmət etməlidir, ya da indiki vəziyyətdə Israillə münasibətləri arxa plana keçirməlidir. Amma demokratik şəkildə Azərbaycan Israilə irad tutmursa, yaxud Iran-Israil, Türkiyə-Israil münasibətlərinin yumşaldılması istiqamətində addım atmırsa, təbii ki, bunu Iran və Türkiyə düzgün qarşılamayacaq və müəyyən qınağa səbəb olacaq.
– Iranın ittihamlarının arasında iki nazirin, Kəmaləddin Heydərov və Eldar Mahmudovun narkotik ticarətinə rəhbərlik etməsi ittihamı da var idi. Ancaq Azərbaycan tərəfi bu ittihamlara rəsmi cavab vermədi. Bunu nə ilə izah edə bilərsiniz?
– Bu hələ o demək deyil ki, Iranın bütün ittihamları əsaslıdır. Ancaq təbii ki, Azərbaycan dövləti bu məsələyə aydınlıq gətirməlidir, münasibət bildirməlidir. Ən azı ona görə ki, öz hakimiyyətinin ən yüksək səviyyəli məmurlarının bu məsələdə adı hallandırılır. Ancaq bu da sirr deyil ki, Azərbaycan milli təhlükəsizlik orqanları dəfələrlə Irandan gətirilən narkotik maddələrin saxlanılması, onu gətirən adamların həbs edilməsi, şəbəkənin dağıdılması ilə bağlı çox ciddi fəaliyyət göstərib. Ona görə bu ittihamların da əsassız olduğu məlumdur. Ancaq hökumət də bu məsələdə həm ölkə ictimaiyyətinə, həm də Iran tərəfinə konkret öz mövqeyini bildirməlidir. Indiki halda Iran Azərbaycanla soyuq müharibə mərhələsinə qədəm qoyub və çalışacaq ki, bu soyuq müharibədən isti müharibəyə keçsin. Hansısa aktiv münaqişə törətsin. Dediyim kimi, pərdəarxası məqsəd də gözlənilən münaqişəni Azərbaycan ərazisinə salmaqdır.
– Rəsmi təbliğat Almaniyanı hədəfə alıb. Hakimiyyətə yaxın qəzetlər bu ölkəni korrupsiya və nasizmdə ittiham edir. Ancaq o da məlumdur ki, Qarabağ məsələsində Almaniya Fransadan daha ədalətli mövqe tutub. Bu halda niyə Azərbaycan hökuməti Fransa ilə dost münasibətlərini saxlayır, Almaniyanı isə hədəfə alıb?
– Bu iqtidarın xarici siyasətində prioritet daha çox qrup maraqları, fərdi maraqlardır. Istər Türkiyə, istər Iran, istərsə də Rusiya ilə də münasibətlərdə prioritet milli maraqlar deyil, fərdi maraqlardır. Almaniyanın Azərbaycan iqtidarı ilə hər hansı ciddi iş birliyi olmadığından, əksinə Fransa ilə daha çox fərdi maraqlar olduğuna görə Fransanın Azərbaycana olan düşmənçiliyini həzm edə bilir, ancaq Almaniyanın Azərbaycan dövlətinə qarşı olan münasibətinin müqabilində iqtidarın fəaliyyətinə verdiyi mənfi qiymətə görə reaksiya verir. Bu, ancaq qrup maraqlarını milli maraqlardan üstün tutmaqla bağlıdır.
– Vicdan məhbusları məsələsi də gündəmin ən çox müzakirə olunan mövzularındandır. Artıq belə məlumatlar yayılıb ki, onlara əfv ərizəsi yazmaq üçün təzyiqlər edilir. Elnur Isrəfilov misalını göstərmək olar. Beynəlxalq təşkilatların müraciətləri, çağırışları olduğu halda belə addımlar, təzyiqlər əfv ərizəsi yazdırmaq nəyə xidmət edir?
– Funksionerlər istisna olmaqla sıravi məhbuslar əfv haqqında ərizə yazıb azadlığa çıxmağa çəkinməməli, utanmamalıdırlar. Bunun heç bir siyasi nəticəsi də yoxdur. Ona görə də azad olmaq üçün əfv ərizəsi tələb edilirsə, mən tövsiyə edirəm ki, sıravi məhbusların hamısı yazsın. Arif Hacılı və başqaları isə təbii ki, yazmamalıdır.
– Bəs bunun üçün təzyiq göstərməyə nə ehtiyac var?
– Biz həbsdə olanda da çağırıb əfv ərizəsi yazmağı təklif edirdilər. Bizim yanımızda olan siravi məhbuslar deyirdi ki, onlara ərizə yazmaq üçün təzyiq edirlər. Yəni hökumət bir tərəfdən siyasi məhbusları azad etmək məcburiyyətindədir, digər tərəfdən, bunu onlar siyasi məhbus olduğuna görə yox, xahiş etdikləri üçün əfv olunma kimi təqdim etmək istəyir. Hökumətin həmin siyasətinin mahiyyəti bundan ibarətdir.
– “Avroviziya” yarışması keçirilən zaman Azərbaycana 1700 jurnalist gələcək. Şübhəsiz ki, onlar yalnız yarışmanı deyil, ümumiyyətlə, ölkədəki vəziyyəti də işıqlandıracaq. Bu, demokratik dəyişikliklər baxımından Azərbaycana nə verəcək?
– Indiki çətin bir durumda “Avroviziya” yarışmasının Azərbaycanda keçirilməsi çox ciddi məsələdir. Yəni burda müəyyən radikal qüvvələr bu yarışma ilə bağlı müəyyən tədbirlər də keçirə bilər. Bu dövrdə Azərbaycana jurnalistlərdən başqa yüz minlərlə qonaq gələcək. Qonaqların təhlükəsizliyinin təmin edilməsində, burda asayişi təmin etməkdə çox ciddi problemlər ola bilər. Bununla bağlı mən çox narahatam. Ikincisi, təbii ki, “Avroviziya”ya gələn jurnalistlər təkcə bu tədbiri işıqlandırmayacaq. Həm də bütünlükdə Azərbaycandakı vəziyyəti işıqlandıracaqlar. Bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müəyyən rol oynayacaq. Ya müsbət, ya mənfi, fərqi yoxdur.
– Vicdan məhbuslarının həbsi ilə bağlı çağırışları hakimiyyət ölkəmizə qarşı təxribat kimi qiymətləndirir. Ancaq “Avroviziya”ya hazırlaşan hökumət yarışmaya bu qədər siyasi məhbusla gedə biləcəkmi?
– Mənə elə gəlir ki, hökumət bu məsələləri ayrı-ayrı müstəvilərdə həll edir və edəcək. Başqa məsələdir ki, bunun üçün hansısa güzəştlər əldə edib buraxacaq. Məhz “Avroviziya” ilə bağlı bu məsələ Azərbaycan hökuməti üçün problem deyil.
– Bakı infrastruktur baxımından bu yarışmaya nə dərəcədə hazırdır? Çünki bir neçə günlük şaxtalar şəhəri iflic etdi. Indiki halda hər hansı problemlər gözləmək olarmı?
– Bu tədbirin Azərbaycanda keçirilməsi qonşu islam dövlətlərində radikal islamçı qüvvələrdə müəyyən qıcıq yaradacaq. Ona görə bu tədbirin Azərbaycanda keçirilməsi həm tədbirin təşkilində qüsurlar baxımından, həm hansısa iştirakçının ora qatılıb-qatılmaması baxımından çox böyük riskdir. Infrastruktur baxımından da belə böyük tədbirin Bakıda keçirilməsinin hələ ki, vaxtı çatmamışdı. Hökumət seçkiqabağı təbliğat məqsədi ilə yararlanmaq üçün məhz bu tədbiri təşkil etdi.
– Rusiya və Iranda seçkilər yaxınlaşır. Dünyanın diqqəti bu iki hadisəyə yönəlib. Həm regiona, həm də Azərbaycana bu seçkilərin təsiri necə olacaq?
– Təbii ki, Azərbaycanın bugünkü vəziyyətdə qalmasının əsas səbəblərindən biri Rusiya və Irandakı rejimlərdir. Istər Irandakı, istər Rusiyadakı rejim Azərbaycanda demokratiyanın, Qərb standartlarına uyğun rejimin, cəmiyyətin yaradılmasında maraqlı deyil. Bu baxımdan Rusiya və Iranda hansı qüvvənin hakimiyyətdə olması bu və ya başqa şəkildə Azərbaycana təsir eləyir. Bu seçkilərin də Azərbaycana çox ciddi təsiri olacaq. Düzdür, Putin əvvəlki Putin deyil. O qalib gələcəyi təqdirdə yenidən SSRI-nin bərpası istiqamətində müəyyən cəhdlər edəcək. Demokratikləşmə prosesinin qarşısında müəyyən əngəl törədəcək. Eyni zamanda bu, Rusiyanın özündə milliyyətçi qüvvələrin inkişaf etməsinə, imperialist qüvvələrin yenidən qabağa çıxmasına gətirib çıxaracaq. Bu da təbii ki, həm Rusiyada yaşayan azərbaycanlılar üçün ciddi problem olacaq, həm də bütünlüklə Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginlik olacaq. Xüsusən həmişə Rusiya tərəfindən Azərbaycanın suverenliyinə təzyiq hiss edəcəyik.
Fizzə Heydərli


