Yazıçı Abay Dağlı…
Çoxşaxəli ictimai inkişaf yolu keçmiş, rəngarəng, üslubca, ideyalarla zəngin Azərbaycan ədəbiyyatının tarixində mühacirətdə yaranmış bədii ədəbiyyat nümunələri əhəmiyyətli yer tutur.
Azərbaycan siyasi mühacirətinin II Dünya Müharibəsindən sonrakı dalğasına mənsub olan yazıçı-dramaturq Mirzə Abay Dağlı (Cəmil Ibrahim oğlu Ağayev) 1906-cı il yanvarın 27-də Şuşada çilingər ailəsində anadan olmuş, ilk təhsilini şəhər realnı məktəbində almışdır.
Abay Dağlı 1940-cı ilə qədər Azərbaycanın müxtəlif rayonlarında, o cümlədən 1929-32-ci illərdə Şəmkir rayonunda müəllimlik edib. 1932-ci ildə Cəmil Ağayev indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsinə daxil olur. 1936-cı ildə həmin fakültəni bitirdikdən sonra Şəkidə pedaqoji məktəbdə müəllim işləyir. Onun bu dövrdə müəllimliklə yanaşı, Şəkidə nəşr olunan qəzetlərdə “Şuşalı” təxəllüsü ilə şeir və məqalələr yazaraq çap etdirməsi məlumdur. O, həmçinin jurnalistlik fəaliyyətilə də məşğul olub. Həmin illərdə elmi fəaliyyətlə də məşğul olmaq qərarına gəlib. Aspiranturaya daxil olan Abay 1940-cı ildə Nizami muzeyində elmi işçi vəzifəsində çalışıb, XI yüzil Azərbaycan ədəbiyyatı barədə araşdırmalar aparıb.
1941-ci ildə gənc alim hərbi xidmətə çağırılır. Lakin Abay Dağlı müharibədən sonra Azərbaycana qayıtmır, ömrünü mühacirətdə başa vurur. O, əvvəl Münhendə, sonralar Ankarada və Istanbulda yaşayır. Abay Dağlı Vətənində gördüyü haqsızlıqları, yurdunun imperiya caynağında olmasını, xalqın başına gətirilən məşəqqətləri heç cür həzm edə bilmir, bu səbəbdən də mühacirətdə qalmağı, yurdunun ağrı-acılarını dünyaya çatdırmağı qərara alır. O, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasını devirərək onun yerində sosialist Azərbaycanı quran imperiyanın qayda-qanunlarını qəbul edə bilmir. Onun bu dövrdə yazdığı şeirlərində Vətənə, yurda, ulusa bağlılıq motivləri çox güclüdür. Onun “Xanəndə Xana” adlı şeiri bu baxımdan çox xarakterikdir. Abay Dağlı doğulub boya-başa çatdığı Şuşaya, Xarı bülbülə çoxlu yanıqlı şeirlər həsr edib. Bu şeirlərdə onun vətən həsrəti bütün aydınlığı ilə görünür, bilinir. “Səslərəm” adlı şeirində də bu motiv hədsiz güclüdür. Abay Dağlı türkün türkü sevməməsini, daha doğrusu, başqalarına yarımasını heç cür qəbul edə bilmirdi. O, 30-cu illərdə Azərbaycanın dəyərli oğul və qızlarının başlarına gətirilən müsibətləri görmüş, eşitmişdi. Bütün bu hadisələr onun mənəvi aləmində sovet quruluşuna qarşı nifrət yaradırdı.
“Türklüyün son qalası olan Türkiyə”də…
1947-ci ilin sonlarında “türklüyün son qalası və ümidgahı olan hürr və müstəqil Türkiyəyə qovuşan” (M.H.Türkəqul) C.Ağayev ömrünün sonuna qədər burada mühacir həyatı yaşayır, Sakarya və Adapazarı liseylərində müəllimlik edir, Mirzə Abay Dağlı imzasıyla çoxsaylı dram əsərləri, şeirləri yazıb çap etdirir və bu yolla “Azərbaycan davası”na – Azərbaycan istiqlal mücadiləsinə xidmət göstərir.
Abay Dağlı düz 1989-cu ilə kimi Türkiyədə yaşayıb və həmin il də vəfat edib.
Abay Dağlı Türkiyədə yaşadığı müddətdə qohumlarına məktublar yazır, çətinliklə də olsa, onlardan hal-əhval tuturdu. Sovet rejiminin mahiyyətini bütünlüklə anlayan Abay Dağlı qohumlarına yazdığı məktublarda deyirdi ki, nə etməli, əbədi bir həsrət içindəyik. O, qohumları ilə məktublaşmasına görə doğmalarına əziyyət veriləcəyindən çox narahat olurdu. Abay Dağlının 1960-1969-cu illərdə qohumlarına yazdığı 10-a qədər məktubu hazırda Dövlət Ədəbiyyat və Incəsənət Arxivində qorunur. Məktublarda adı xatırlanan Xanım xala Abay Dağlının bacısıdır. Abay Dağlının adına Dövlət Ədəbiyyat və Incəsənət Arxivində açılmış şəxsi fondda onun 300-ə qədər şeiri, tərcümeyi-halı və s. qorunur.
Abay Dağlının yaradıcılığında dramaturgiya əsas və aparıcı yerlərdən birini tutur. Dramaturji yaradıcılıqla ardıcıl məşğul olan Abay Dağlı daha çox tarixi mövzulu əsərlər yazmış, Azərbaycan və Türkiyə xalqlarının yaşadığı keçmişin şərəfli səhifələrini, qüdrətli şəxsiyyətlərini canlandırmağa çalışmışdır. Müəllifin dram əsərləri sırasında “Dədə Qorqud”, “Gənc ata”, “Sakarya qərargahı”, “Füzuli”, “Natəvan”, “Okullular” kimi tarixi mövzuda yazılmış pyeslər xüsusi yer tutur.
“Dədə Qorqud” pyesində dramaturq qədim qəhrəmanlıq eposunun motivləri əsasında yeni, orijinal bir sənət nümunəsi yaratmışdır. O, “Kitabi-Dədə Qorqud”un süjetinə söykənsə də, eposu teatr üçün səhnələşdirmək məqsədi izləməmiş, əksinə, onu ideyaca müasirləşdirməklə, aktuallaşdırmaqla günün bir çox vacib problemlərini tarixin dililə canlandırmaq məramından çıxış etmişdir.
Dramaturqun digər pyesi “Gənc ata” Türkiyə Cümhuriyyətinin qurucusu, istiqlal savaşının sərkərdəsi və qəhrəmanı Mustafa Kamal Atatürkə həsr olunmuşdur. Müəllif tarixi hadisələr fonunda Osmanlı imperiyasının dağılmasından sonra türk xalqının istiqlaliyyət uğrunda apardığı mübarizəni təsvir etmiş, həmçinin bu mübarizə fonunda Atatürkün obrazını yaratmağa çalışmışdır. Lakin qeyd olunmalıdır ki, pyes romantik səpkidə qələmə alınsa da, müəllif tarixi şəxsiyyətləri, o cümlədən Atatürkü ideallaşdırmamış, onu real cizgilərlə təqdim etmişdir.
Abay Dağlının “Sakarya qərargahı” adlı pyesində Istiqlal savaşı tarixinin canlı, dramatik mənzərəsi yaradılmışdır. Müəllif bu pyesin bir pərdə, üç tablodan ibarət yığcam variantını işləyərək “Sakarya çetesi” adı ilə 1969-cu ildə nəşr etdirmişdir. Qəhrəmanlıq ruhu aşılayan pyesin ayrı-ayrı obrazlarının dialoq və mükalimələrində xalqa, torpağa sevgi, yadelli düşmənlərə nifrət ideyası təlqin olunur. Məsələn:
Düşmənin qəlbini yaxar Sakarya.
Xəbər verin bilsin Mustafa Kamal,
Ordumuz bir cəbhə tutduğu zaman,
Arxada düşmənə yoxdur bir aman.
Qıpqızıl qan olub axar Sakarya,
Düşmənin qəlbini yaxar Sakarya.
Abay Dağlının “Natəvan” pyesinin mövzusu isə Qarabağda “Xan qızı” ləqəbi ilə məşhur olan şairə Xurşudbanu Natəvanın həyatından alınmışdır. Dramaturq onu bir tərəfdən yurdunu məhəbbətlə sevən vətənpərvər insan, o biri tərəfdən istedadlı şairə kimi təqdim etmişdir.
Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ömür yolunu əks etdirən “Füzuli” pyesi Abay Dağlının ən populyar əsəri hesab olunur. Məllifin qeyd etdiyinə görə, bu əsər Füzuli poeziyasının ecazkar təsiri altında yazılmışdır.
“Füzuli” pyesi Azərbaycan və Türkiyə ləhcələrində qələmə alınmış, ilk dəfə 1961-ci ildə Ankara, ikinci dəfə 1968-ci ildə Istanbulda nəşr olunmuşdur. Pyesə yazmış olduğu müəllif qeydində Abay Dağlı Füzuli yaradıcılığına müraciətinin səbəblərini belə izah edir: “Dahilərimizi yalnız elmi əsərlərlə tanıtmaq kifayət deyil. Onları bir örnək şəxsiyyət olaraq ədəbi əsərlərlə canlandırmaq lazımdır”.
Füzulini Azərbaycandan Kərbəlaya gedən köçkün, ömrünü qürbətdə keçirən bir şair kimi canlandıran dramaturq dolayısı ilə özünün Vətən həsrətini də ifadə etmişdir.
Füzulinin bioqrafiyası və yaradıcılıq yolunu özünəməxsus bir formada əks etdirən bu əsər Türkiyə ədəbi mühitində maraqla qarşılanmış, haqqında müsbət fikirlər söylənmişdir.
Abay Dağlının şeirləri hazırda Ankaradakı milli kitabxanada mühafizə edilir. Onun əsərləri ilk növbədə obyektivliyi ilə diqqəti cəlb edir. Tanınmış ədəbiyyatşünas Mustafa Haqqı Türkəqul Abay Dağlının “Əski ruhlar” kitabına ön sözündə yazırdı ki, “Onlar türklərdir” əsərindən sonra Abay Dağlı artıq susdu, “Görə biləcəyi işlər bu qədər idi” hökmünü verənlər çox səhv edirlər. Çünki Mirzə Abay kimi hər janrda məzmunlu əsərlər yazmağa qadir olan və hər şeyi nəzər alaraq həyatını milli davaya həsr edən bir mücahid susa bilməzdi. Abay Dağlı xaricdəki ədəbi fəaliyyəti zamanı heç bir cərəyana və qruplaşmaya qatılmadı, türkçülük və Azərbaycanın istiqlalı fikrini daim bayraq kimi başının üzərinə qaldırdı, bütün qüvvə və bacarığını bu ideya uğrunda mübarizəyə həsr etdi. Türkəqul daha sonra yazır: “Iradəli və ideallarında türkçülüyə sadiq olan Abay Dağlının yeganə arzusu Azərbaycanın istiqlalına qovuşması və türkçülüyün payıdar olmasıdır”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir