Masallıda yanıb ölən gənc özünə qəsd edibmiş

“Azadlıq” DİN-in “ehtiyatsızlıqdan” dediyi faciənin intihar olduğunu öyrəndi; intihar edən «Ərkivan» şadlıq evinin sahibinin oğludur

Masallıda intihar hadisəsi baş verib. Hadisə fevralın 26-da axşam saatlarında Masallı Olimpiya Idman Kompleksinin yaxınlığındakı meşəlikdə baş verib. Rayonun Ərkivan qəsəbə sakini, 30 yaşlı Tərlan Xanəli oğlu Ismayılov idarə etdiyi “Opel” markalı maşından yerə düşərək, şüşə qabda olan benzini üstünə tökməklə özünü yandırıb.
Hadisəni görən polis əməkdaşı ona kömək etmək istəsə də, nəticəsi olmayıb. T. Ismayılovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Daxili Işlər Nazirliyinin məlumatında isə bildirilib ki, T.Ismayılov maşınına yanacaq doldurarkən siqaretlə ehtiyatsız davrandığından baş vermiş yanğından dünyasını dəyişib.
Yerli mənbələrin “Azadlıq”a verdiyi məlumatda DIN-in xəbəri təkzib edilir. Sakinlər bildiriblər ki, Tərlan  Ismayılov üzərinə xeyli benzin tökərək intihar edib.
Sakinlərdən onu da öyrəndik ki, özünü öldürən Masallıdakı “Ərkivan” şadlıq evinin sahibi Xanəli Əliyevin oğludur. Sakinlər deyib ki, bir neçə il öncə T.Ismayılov valideynlərin razılığı olmadan ailə qurub. Iki övlad atası imiş.