İlham Əliyevin Xocalı şousu

Xocalı soyqırımının 20 illiyi! Televiziyalar, komandasının önündə addımlayan Ilham Əliyevi göstərir. Aparıcının səsi: “Başda gedən ali baş komandan…”. Xocalı soyqırımının 20 illiyi ilə bağlı hökumətin düzənlədiyi Xocalı anıtı üzərinə yürüş göstərilir. “Ali baş komandan” yürüşün başında durur. Ancaq bu hələ də murdar erməni tapdağı altında olan Xocalı üzərinə yürüş deyil, Xocalı anıtı üzərinə yürüşdür. Onda nəyə görə televiziyalar bunu “ali baş komandanın” başçılığında baş tutan yürüş olaraq tanıtmağa çalışırlar. Sözsüz, şou yaratmaq üçün. “Ali baş komandanın” özünün istəyinə, planlarına, bir az da gurultulu desək, doktrinasına uyğun olaraq ilin 364 günü ŞOU proqramlarına bürünən, faiq ağayevləri, aygün kazımovaları milli üstünlük – milli öyünc örnəyinə çevirən televiziyalar şousuz dura bilərmi?!
Burasını da kəsinliklə deməliyik: bu hakimiyyətə bu televiziyalar çox yaraşdığı kimi, bu televiziyalar da bu hakimiyyətə çox yaraşır. Şou-yaltaqlıq televiziyaları, onlara bağlı hakimiyyət! Onlar bir-birinin doğması, bir-birinin sürəcidir – biri olmasa, o biri olmaz. O olmasa, bu yıxılar, bu olmasa, o qalmaz.
Şou özünü nədə göstərir? Indilik birinci Xocalı soyqırımına statik yanaşmada. “Ali baş komandan” başda olmaqla hamı ermənilərin Xocalıda 613 adamı öldürdüyündən danışır, bununla yanaşı bildirilir: Xocalıda 68 qadın, 26 uşaq itkin düşüb. Aradan 20 il keçib! Türk qanına susamış qaniçən ermənidən, erməni faşizmindən danışmaq nədir, 20 illik itkinlikdən danışmaq nə? Bizimkilər çağında ermənilərin ratsiya ilə danışıqlarından bilmişdilər: onlar Xocalıda sağ ələ keçirdikləri qız-gəlinləri erməni postlarına paylamışdılar. Onlar – kimlər? O çağlar erməni bandit-terror birləşmələrinin başında duran, sonra “Ermənistan” prezidenti olan terrorbaşı Köçəryan, indiki terrorbaşı prezident Sərkisyan, “Ermənistan”ın indiki müdafiə naziri Seyran Ohanyan. Ata-oğul Əliyevlər 19 illik hakimiyyətləri boyunca Köçəryanla, Sərkisyanla dönə-dönə sonsuz sevinc içində deyə-gülə görüşlər keçiriblər. Görəsən, onlar indiyədək (19 ildə!) o 68 qız-gəlini, 26 uşağı ermənilərin, başlıca olaraq adı çəkilən üç terrorbaşının nə etdiyini niyə soruşmayıblar? Soruşmayıblar: 19 illik o sevgili-sayğılı görüşlər, o sonu görünməyən “barış” danışıqları xalqı aldatmağa yönəldiyinə, ŞOU xarakteri daşıdığına görə!
“Ali baş komandan” Xocalı anıtı üzərinə yürüşə bütün komandası ilə qatılmışdı. Özünün dəyişməyən, ANTIMILLI, ANTIDEMOKRATIK soyğunçu, korrupsioner komandası ilə! Azərbaycana, Azərbaycan Türklüyünə yağı komandası ilə!! Belə komanda ilə Köçəryanı, Sərkisyanı, Ohanyanı da çağırıb o yürüşə qatmaq olardı!!!
“Ali baş komandanın” başında durduğu o yürüşə böyük sevgi, böyük sayğı ilə qatılmaq olardı: Azərbaycanda bu gün rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq DÖVLƏT SIYASƏTINƏ çevrilməsəydi; ölkədəki doğum evləri, xəstəxanalar, orta-ali məktəblər, hüquq-məhkəmə, gömrük, vergi sistemləri, ən başlıcası, prezident administrasiyasının özü son 19 ildə milli-mənəvi soyqırım-genosid faktoruna çevrilməsəydi; ölkədə bir dənə də doğru-düzgün seçki keçirməyən, etibar hüseynov kimi cib jurnalistlərindən, bir sürü cib müxalifətindən, kommunist nomenklatura tör-töküntülərindən, oğru-quldur yığınından “milli məclis” düzəldilməsəydi, “parlament” quraşdırılmasaydı. Bir də indiki hakimiyyət komandasının canında-qanında azacıq Qarabağ-Xocalı yanğısı olsaydı, 19 illik hakimiyyətləri boyunca onlar ermənilərdən Qarabağ-Xocalı öcünü almaq yönündə ötəricə çalışmada bulunmuş olsaydılar. Bunların biri də olmayıb, ola da bilməzdi: ermənilər Qarabağı, onlar qalan Azərbaycanı IŞĞAL eləyiblər. Ermənilərin Qarabağda yürütdükləri IŞĞALÇILIQ siyasətini onlar başqa bir biçimdə bu ölkədə yürütməkdədirlər.
Azərbaycan “regionun ən güclü dövləti, ordumuz ən güclü ordusu”, özümüz ermənilərin atəş yağmuru altında… Şou!