İsmət Abbasov damazlıq üçün ayrılan 10 milyon manata Türkiyə və daha yaxın ölkələrdən mal-qara ala bilər
Bəlli olduğu kimi, xaricdən damazlıq heyvanların alınması üçün Prezidentin Ehtiyat Fondundan “Aqrolizinq” ASC-yə 10 milyon manat ayrılıb. Dövlət başçısı I.Əliyev fevralın 24-də bu barədə sərəncam imzalayıb. Məlumata görə, ölkəyə 40 min cins heyvanın gətirilməsi planlaşdırılıb. Fermerlər isə hər inəyə sığorta ilə birlikdə 2800 manat ödədiklərini bildirir.
Öncələr də Azərbaycana Almaniyadan damazlıq heyvanlar gətirilmişdi ki, bir müddət sonra onların əksəriyyəti tələf oldu. Sonradan isə həmin heyvanların xəstə olduğu müəyyənləşdi. Gətirilən heyvanların sağlamlığına təminat olmadığı şəraitdə, onların alınması üçün bu qədər vəsait xərcləməyinə dəyərmi?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, hazırda kənd təsərrüfatına daha çox investisiya lazımdır. Ilk növbədə isə mineral gübrə ilə təminatda ciddi problem var: “Daha sonra isə elit toxumların əldə edilməsiylə bağlı çətinlik yaşanır. Təəssüf ki, mövcud olan institut və elmi-tədqiqat ocaqları bu istiqamətdə yeniliyə nail ola bilmir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq istiqamətində də iş görmək vacibdir. Çalışmalıyıq ki, bu sahədə də öz potensialımızdan istifadə olunsun. Əvvəllər gətirilən və yerli şəraitə uyğunlaşan cins mal-qaralarla bağlı iş qurmaq lazımdır”. Vahid bəy qeyd etdi ki, sözügedən məsələ hər dəfə “Aqrolizinq”ə həvalə olunur. Əslində, həmin işə bu sahədə çalışan fermerlər cəlb olunmalıdır ki, mövcud şəraitə uyğun olaraq xarici və bizə yaxın ölkələrdən, Ispaniya, Italiya və Türkiyədən cins mal-qara gətirərək yerli şəraitə uyğunlaşdırsın: “Məqsəd həmin inəkləri gətirərək burda sıradan çıxarıb yeni vəsait ayırmaqdan ibarət olmamalıdır. Məqsəd gətirilən cins mal-qaradan əldə olunan balaların sağlam yetişdirilməsi və onlardan daha məhsuldar cinslərin əldə edilməsi olmalıdır. Biz daha çox Türkiyədən məhsuldar, həm də ucuz cins mal-qara gətirə bilərik, lakin təəssüf ki, bu seçimi ”Aqrolizinq” edir və tenderi də o keçirir. Orda da cürbəcür maxinasiyalarla məşğuldurlar, müəyyən bilgi verilməsinə baxmayaraq, gətirilən heyvanın şəraitə uyğun olub-olmaması da yerində yoxlanılmır. Son vaxtlar gətirilən cins mal-qara ilə nə əldə olunub? Azərbaycana Gürcüstandan idxal olunan mal-qara Qarabağın rayonlarında ermənilərin yetişdirdiyi ətlik heyvanlardır. Müəyyən edilib ki, Laçın və Kəlbəcərdə hərbçilər 700 min baş mal-qara yetişdirir ki, onları da Gürcüstan vasitəsilə Azərbaycana satırlar. Araşdırma aparılmalıdır ki, son vaxtlar ölkəyə cins mal-qara gətirilsə də, ətlik istiqamətdə hansısa nailiyyət əldə olunmayıb. Sözügedən yöndə külli miqdarda vəsait ayrılsa da, heyvanların neçəyə alındığı və digər məqamlar barədə bilgi verilmir. Kifayət qədər məhsuldar olan mal-qaranı Türkiyədən daha ucuz qiymətə almaq olar, nəinki Avropa ölkələrindən”.
Nigar


