Mən demirəm ki, Türkiyədə demokratiya Avropa səviyyəsindədir. Heç kimin belə iddiada bulunmaq ağlına gəlmir. Amma bu ölkə bizlər üçün bir orientir ola bilər. Bircə detalı qeyd edəcəm. Türkiyənin telekanalları müxalifətin qurultayından reportaj verir. Bizdə necədir? Müxalifət partiyalarına, hətta öz qurultaylarını keçirmək üçün şərait yaratmırlar. Indi təzə üsul fikirləşiblər və o da budur ki, özləri kənarda qalırlar, amma tədbir keçiriləcək yerin sahibini qorxudurlar və o yazıq da qorxusundan müxalifətin tədbirlərinin keçməsinə imkan vermir. Bunlara elə gəlir ki, çox ağıllı üsul fikirləşiblər və bir kimsənin bundan başı çıxmır. Əslində toplantılar bəzi yuridik formalizmləri sahmana salmaq üçün lazımdır. Lakin hansımız istəməzdi ki, böyük bir zalda toplantı keçirək, ora minlərlə adam toplaşsın? Bəli, biz bunu istəyirik, nədən o istək gizli qalsın? Hakimiyyət hər il bizim ətrafımızdakı həlqəni daraldır və biz də buna ciddi müqavimət göstərmək əvəzinə başlayırıq yeni reallıqların içində fəaliyyət göstərməyə! Mən də başa düşürəm ki, müqavimət göstərmək bir o qədər də asan deyil, qınağım da müxalifətə yox, daha çox müxalifəti sevən, ona təəssübkeşlik edən insanlara yönəlib. Lakin nə etmək olar? Görünür, bununla da barışmaq lazım gələcək. Bu yaxınlarda gözümə bir kitab dəydi və o, mənə maraqlı göründü. L.Trotskinin həyatı haqda kitab idi, elə müəllif də, deyəsən, özü idi. Elə o anda ağlıma qəribə müqayisə gəldi. L.Trotski çox ağıllı adam idi, hətta Lenin onun məntiqindən və savadından ehtiyat edirdi.
Amma o, I.Stalinlə bacara bilmədi. Bəli, tək Trotski deyil, minlərlə mətin və ağıllı insan ruhani seminariyasını birtəhər başa vuran Stalinə uduzdu. Bəli, o vaxt onları da qınamaq olardı, necə oldu ki, çara qalib gəldiniz, lakin rus dilində çətinliklə danışan, ömrünün sonunadək gürcü tələffüzünü saxlayan I.Stalinə məğlub oldunuz?.. Bəli, bu misal məni bir qədər rahatlandırdı, onu özüm üçün bəzi suallara izah kimi qəbul etdim. Biz tarixə baxsaq çox suala cavab tapa bilərik. Düzdür, son illər psixologiyamızda qəribə bir tendensiya özünü büruzə verməkdədir. Nə baş verir, hamısına “oyundur” deyirik. Məni bu, bir az dilxor edir. Hər şeyə azacıq şübhə ilə yanaşmaq, onu təftiş etmək, heç də pis deyil, heç nəyi apriori qəbul etmək olmaz. Amma şübhəlilik heç də patoloji xarakter daşımamalıdır, belə halda o özünü, sağlam məzmununu itirir. Siyasətin ruhunda bir oyuna bənzərlik var. Amma bu, heç də məişətdə başa düşülən oyun deyil. Insan təhqir olunur, həbsə düşür, məhrumiyyətlər yaşayır, biz isə deyirik ki, oyundur! Əgər oyundursa, onda gəlin hamılıqla bu oyuna qoşulaq, qoy, faydası hamımıza çatsın! Necə təklifdir? Deyəcəksiniz ki, yəqin elə bu da təzə oyundur, başqa vaxt çağırmırdılar, indi çağırırlar…
Medvedevin sonuncu həftəsi
Yox, mən də başa düşürəm ki, məsələnin formal tərəfləri var, seçki olmalıdı, onun nəticələri bəyan edilməlidi, daha sonra innaqurasiya mərasimi və bir sıra digər formal prosedurlar qurtarmalıdı ki, V.Putin prezident kimi özünün işinə başlasın. Bunları mən də bilir və başa düşürəm. Əslindəsə onu da çox yaxşı başa düşürəm ki, D.Medvedevin prezidentliyinə çoxdan xitam verilib. Amma başqa bir detalı qeyd etmək istərdim. Hər halda, bu “tandemin” idarəçilik dövrü tam mənasız və boş da olmadı. Medvedevin daxili siyasətdə azacıq liberallaşmaya can atmasını sezməmək mümkün deyildi. Indi onların siyasətini tam təhlil etmək məqamı da deyil. Amma Putinin də, Medvedevin də gəldiyi bir nəticə var: Rusiyada “vintlər” çox bərkidilib, onları azacıq da olsa boşaltmaq zərurəti var! Onlar başa düşür ki, Rusiyada mövcud olan bu sistemi dünyaya demokratik sistem kimi sırımaq mümkün deyil. Üstəlik, bir məqam da var ki, cəmiyyətdən gələn təşəbbüslərin də artmasına bir ehtiyac var. Avtoritar rejimlərdə çürümə, staqnasiya mərhələsi başlayır. Idarə edənlər bunu vaxtında duyurlarsa, bu çox yaxşı haldır. Rusiyada bu sarıdan bir azacıq da olsa tərpəniş var. Görək, sonu nə olur! Oralar tərpənsə, buralar da silkələnəcək…

Heç olmasa Türkiyəyə bənzəyək!
•